Nizami Səfərov: Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatını beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatı ölkəmizin ərazisində aparılır. Qarşı tərəf bizim haqq işimizlə bağlı həqiqətə uyğun olmayandezinformasiya xarakteri daşıyan xəbərlər yayır. Bizim məqsədimiz dezinformasiyanın qarşısını almaqdır.

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov oktyabrın 9-da yerli və Rusiya KİV-lərinin nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə deyib.

Nizami Səfərov diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun apardığı iş haqq işidir və Cenevrə Konvensiyasının, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatının ölkə daxilində, öz ərazi bütövlüyü çərçivəsində aparır. Otuz ildən artıqdır ki, BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb. Bu qətnamələrin birinin müzakirəsi zamanı bir sıra xarici ekspertlər münaqişənin həll edilməsinin Azərbaycanın haqq işi olduğunu bildirib. Deputat, həmçinin deyib: Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyaya səfəri zamanı bir sıra rəsmi şəxslərlə görüşləri zamanı Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizə apardığını və Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olduğunu bildirib”.

N.Səfərov qeyd edib ki, Cenevrə konvensiyalarına uyğun olaraq Azərbaycan Ordusu mülki əhalini və obyektləri hədəfə almır. Ermənistanı təmas xəttindən uzaqda yerləşən Gəncəni, Beyləqanı raketlə vurması heç bir çərçivəyə sığmır. Bu raketlərdə kaset başlıqlardan istifadə olunması isə cinayətdir. Raket zərbələrindən 98 faiz mülki vətəndaşlar zərər görür. Cenevrə Konvensiyanın müddəalarına uyğun olaraq bu cür silahlardan istifadə edilməsi beynəlxalq cinayətdir.

Deputat Ermənistanın siyasi rəhbərliyinin Azərbaycan Ordusunda muzdlu əsgərlərin döyüşməsi haqqında feyk xəbərlər yaymasından da danışıb və onların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb.

Nizami Səfərov vurğulayıb ki, biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

 

 

Azərbaycan.-2020.- 10 oktyabr.- S.7.