Azərbaycan XİN Ermənistana
mülki aviasiya vasitəsilə
silah daşınması ilə əlaqədar
Beynəlxalq Mülki Aviasiya
Təşkilatına müraciət edib
Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu dövlətə aid təyyarələrlə oraya silahların daşınması həyata keçirilir.
Bu
barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat
verilib.
Bildirilib
ki, bu məqsədlə Ermənistan hökumətinin
qeydiyyatında olan təyyarələrdən və xarici
ölkələrə səfər adı altında rəsmi səfərlərdən
istifadə olunur.
Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya bu ölkəyə humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir.
Vurğulanıb ki, 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir.
“Bununla əlaqədar olaraq, məsələnin
araşdırılaraq müvafiq tədbirlərin
görülməsi üçün tərəfimizdən
Beynəlxalq Mülki Aviasiya
Təşkilatına müraciət edilib”,
- deyə məlumatda qeyd olunub.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.7.