Hərbin gücü
sülhün
davamlılığını təmin edəcək
Dövlət
siyasəti separatizmə, terrorçuluğa hesablanmış
Ermənistana həddi bildirilmədən bölgədə əmin-amanlığın
bərqərar olması mümkün deyil
30 il zaman üçün elə də böyük vaxt dilimi deyil, amma insan yaşamında bu 30 ilin qavramı ölçüyəgəlməz miqyasdadır...
Bizim üçünsə bu vaxt ölçüsü, 30 illik Qarabağ düyünü, ana yurda duyduğumuz bir qərinəlik həsrətin adı, vətənli xatirələrin zaman girdabında öləziyib solğunlaşma məqamıydı...
Həm də, elə sözün əsl mənasında, bir igidin ömrüydü...
Qəddarlıqla öldürülən xocalılı bir ananın qolları arasında sağ tapılan bir körpənin ömrü...
O körpə ki, indi hünər meydanında yer üzünün qatilləri erməni terrorçularına divan tutur, ədalət qılıncının altından keçməyə, 30 il əvvəl günahsız insanların qanını tökdükləri torpağa baş əyməyə məcbur edir...
Bu
gün də Bakının mərkəzində ermənilərin
dini məbədi, məzarlıqları qorunub
saxlanılır...
Sülhsevərlik, humanizm, insanpərvərlik Azərbaycan xalqının təməl dəyərlərindən birincisidir. Bu diyarda millətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsə eyni gözlə baxılır, dini inanclarına sayğı göstərilir. Bəşəriyyətə örnək milli-mənəvi dəyərlərimizin özəlliyi, unikallığı ondadır ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar, yaşayırlar...
O da faktdır ki, Azərbaycan xalqı ona düşmənçilik edənlərə qarşı da həmişə tolerant yanaşma sərgiləyib. Ermənistan tərəfindən işğal olunan torpaqlarımızdakı dini ocaqların, məscidlərin, məzarlıqların dağıdılmasına baxmayaraq, bu gün də Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir. Tolerantlığın, milli dözümlüyün bu fövqəlbəşər nümunəsinə isə dünyanın heç bir yerində rast gəlmək mümkün deyildir...
Bəzən sülhün bərqərar olması üçün savaşmaq lazım gəlir
Bütün bu faktlar isə onu deməyə əsas verir ki, Azərbaycan sülh diyarıdır və işlətdiyimiz bu ifadədə qətiyyən pafosa, ifrata varmamışıq.
Amma o da təəssüfləndirici faktdır ki, bəzən sülhün bərqərar olma yolu müharibədən keçir. Haqqın, ədalətin bərpa olunması üçün savaşmaq lazım gəlir...
Elə indi Qarabağda igid əsgərlərimizin savaşdığı kimi...
Yuxarıda xalqımızın ömrünə yazılmış 30 illik bir zaman dilimindən bəhs etdik, bu tarixin taleyimizdə hansı acı izlər buraxdığına dair bir neçə misal çəkdik. Onu da deməliyik ki, bu 30 il, həm də azərbaycanlıların səbir illəri, sülhə nail olmaq üçün verdiyi dözüm nümayişi kimi tarixə düşdü.
Amma heyhat, qarşımızdakı bu ali hisslərdən çox-çox uzaq düşmən, sülhün düşməni kimi davranır, hər fürsətdə azğınlığını, təcavüzkarlığını daha da artırır, təxribatlarını davam etdirirdi. Amma açıq savaşda deyil, hiyləgərliklər edərək, tələlər quraraq, müdafiəsiz mülki əhalini hədəf alaraq...
İndi hər şey gün kimi ortada idi, dövlət siyasəti separatizmə, terrorçuluğa hesablanmış Ermənistana həddini bildirmədən, yerini göstərmədən bölgədə sülhün bərqərar olması mümkün deyildi. Artıq bu həqiqəti illərdir işğalçı dövlətə havadarlıq edən, ona arxa duraraq daha da azğınlaşmasına şərait yaradan beynəlxalq aləm də anlamağa başladı.
Ermənistanın ağılsız və uğursuz cəhdi
İyul təxribatları zamanı aldığı layiqli cavabdan dərs çıxarmağı bacarmayan Ermənistan, sentyabrın 27-də yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəf almağa başladı. İdbar əməlləri ilə özlərinin hansısa çirkin planlarını həyata keçirmək üçün ağılsız və uğursuz bir cəhd etdi. Və elə bu ağılsız cəhdləri ilə də, həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə uğurlu şahmat gedişi qarşısında "mat”, Şanlı Ordumuzun ildırım sürətli hücumları ilə tar-mar oldu düşmən. Bir həmləsi ilə düşmənin murdar ayağını qarış-qarış torpağımızdan qazıyıb atan igid əsgərlərimiz xalqa zəfər müjdəsi verməyə, haqqın, ədalətin rəmzi Azərbaycanın üçrəngli müqəddəs bayrağını vətən torpağında, zirvələrimizdə dalğalandırmağa başladı...
Hayların can hayı...
Bəli, həm də bu 30 ildə bütün erməni əsgərlərinin şüuraltısına, beyninə bir həqiqət işləmişdi, "bir gün, zorla yiyələnmək istədiyimiz bu torpaqları sahibləri geri qaytaracaq və o gün bizim üçün qiyamət, haqqın hesabını verəcəyimiz sonumuz olacaq”.
Artıq erməni əsgəri özgə torpağının ayağının altından qaçdığı, Azərbaycan xalqı üçün müqəddəs günün yetişdiyini başa düşür. Silahını, postunu, döyüş bayrağını qoyub ardına baxmadan Qarabağdan qaçır...
Erməni
əsgərləri qorxur, can hayındadır, amma bilməlidir
ki, şücaətli Azərbaycan əsgəri onlar kimi namərd,
zəif, müdafiəsiz insanların üzərində
güc sınayan insafdan uzaq xain deyil.
Onların
qarşısında bəşəriyyətə insanlıq dərsi
verən, humanizm nümunəsi göstərən, müharibədə
belə sülhsevər davranışı ilə seçilən
mərd Azərbaycan oğulları dayanıb.
Düşmən hərbçilərinə həyatlarını qurtarmaq yolu göstərildi
Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa əməl edir. Müdafiə
Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat
verərək bildirdi ki, bununla bağlı
Azərbaycan Ordusunun bölmələrinə, xüsusən
də ön xətt bölmələrinə
broşür paylanılıb.
Həmin broşürlər
dərs vəsaiti olaraq tədris edilir: "Həmin broşürlərin bir üzündə döyüş
zamanı yaralılara,
zərərçəkmişlərə ilkin tibbi yardımın
göstərilməsi qaydaları
əksini tapıb. Digər tərəfində isə
döyüşçülərin davranış qaydaları
göstərilib. Yəni hərbi
qulluqçu döyüşdə
necə davranmalıdır,
kimləri hədəfə
almalıdır və
kimləri hədəfə
almamalıdır kimi legitim məsələlər
izah olunur”.
Anar Eyvazov onu da vurğulayıb
ki, Beynəlxalq hümanitar hüquqda əksini tapan prinsiplər bizim xalqımız, Ordumuz üçün yeni deyil. Bunlar bizim milli mentalitetimizdə, dinimizdə, Ordumuzda mövcuddur: "Bunlar bizə çox yaxşı tanışdır
və Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Azərbaycan Ordusunun döyüşün
qızğın vaxtında
belə döyüşdə
iştirak etməyənlərə
qarşı necə davranmalı olduğu təlimlərdə aşılanıb”.
A.Eyvazov
deyib ki, Beynəlxalq Qırmızı
Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə əməkdaşlıq şəraitində
müntəzəm olaraq
hərbi qulluqçularımıza
mülki əhali və əsirlərlə bağlı davranış
normaları ilə bağlı məlumatlar təlimlərdə müntəzəm
olaraq çatdırılıb:
"Azərbaycan Ordusunun
hədəfi yalnız
Ermənistan silahlı
qüvvələrinə məxsus
legitim hərbi hədəflərdir”.
Eyni zamanda Azərbaycan humanitar dəhlizlərin açılması, beynəlxalq
humanitar hüququn norma və
prinsiplərinin tətbiq
edilməsinə hazır
olduğunu bəyan edib və bununla
bağlı erməni
əhalisinə müraciət
edib.
Mətbuat katibi qeyd edib
ki, müraciət həyatını qurtarmaq
məqsədilə könüllü
qaydada təslim olmaq istəyən düşmənin hərbi
qulluqçularına da
şamil edilib.
Azərbaycanın haqq savaşı
Qafqazda təməlli sülhə yol açacaq
Onu da vurğulamalıyıq ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı zamanı qadağan olunmuş silah növlərindən istifadə etmir. Həm də igid əsgərlərimiz Ermənistan hərbçilərindən fərqli olaraq, mülki obyektləri hədəfə almır. Hətta qarşı tərəfdəki mülki insanlara müraciət olunaraq hərbi obyektlərdən kənarda olmaları tövsiyə edilib.
Amma hərb cəbhəsində Şanlı Ordumuza uduzan Ermənistan sərhəddən kilometrlərlə uzaqda yerləşən Azərbaycan ərazilərinə, əhalinin sıx yaşadığı şəhərlərə qadağan olunmuş silahlardan atəş açır. Sonuncu çıxış yolu kimi məkrli cəhdə əl ataraq dinc əhalini hədəfə alır, insanlarda qorxu, təlaş yaratmağa çalışır. Onlar insanlığı hədəf almış bu dəhşətli planları ilə bir daha təkzibolunmaz faktlarla sübut edirlər ki, Ermənistanın terrorçu əməllərinin qarşısını yalnız müharibə ilə, ona layiqli cavab verməklə almaq mümkündür.
Bu gün Azərbaycan Qarabağı yağı tapdağından azad etməklə, təkcə öz torpaqlarının bütövlüyünü bərpa etmir, həm də Qafqazda sülhün var olmasına, Ermənistanın digər qonşu ölkələrə qarşı torpaq iddiasına da birdəfəlik son qoyur.
Əminik
ki, hərb salnamələrinə qızıl hərflərlə
yazılacaq Azərbaycanın bu haqq savaşının nəticələri,
müasir dünyamızın əmin-amanlıq təməli
üçün də böyük zəmin yaradacaq.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 10 oktyabr.- S.8.