Dünya
şöhrətli ərəbşünas alim
Oktyabrın 10-u adı Azərbaycanda, eləcə də keçmiş sovet ərəbşünaslıq mərkəzlərində böyük ehtiram və hörmətlə çəkilən görkəmli alim, professor Aida İmanquliyevanın anadan olduğu gündür. Əfsuslar olsun ki, filologiya elmləri doktoru, Azərbaycanda ərəbşünaslar arasında ilk professor qadın olan Aida xanımın mənalı ömrü uzun sürmədi. O, yaradıcılığının çiçəkləndiyi vaxtda - 1992-ci il sentyabr ayının 19-da əbədiyyətə qovuşdu.
Aida xanım Bakıda tələbəlik və Moskvada aspirantlıq illərindən sonra həyatının qalan hissəsini AMEA-nın Şərqşünaslıq İnstitutunda keçirmişdir. Kiçik elmi işçi kimi fəaliyyətə başlayan alim baş elmi işçi, şöbə müdiri, institut direktorunun müavini və nəhayət, institutun direktoru vəzifələrində çalışmışdır.
Görkəmli ərəbşünas Şərqşünaslıq İnstitutunda çalışdığı 20 il ərzində zəngin elmi irs qoyub getmişdir. Bu müddətdə onun üç monoqrafiyası, 70-ə qədər məqaləsi, ərəb yazıçılarından etdiyi 10-dan çox oxunaqlı hekayənin tərcümələri çapdan çıxmışdır. Bundan başqa, alim neçə-neçə məqalələr məcmuəsinin redaktoru olmuşdur. Eyni zamanda Aida xanım keçmiş SSRİ-də, eləcə də xaricdə keçirilmiş beynəlxalq elmi konfranslarda Azərbaycan şərqşünaslığını ləyaqətlə təmsil etmişdir. Onun 1983-cü ildə Moskvada akademik İ.Y.Kraçkovskinin anadan olmasının 100 illiyi, 1989-cu ildə Ukraynanın Poltava şəhərində Livan yazıçısı Mixail Nüaymənin 100 illiyi ilə əlaqədar təşkil edilmiş eimi məclislərdə, həmçinin Almaniyanın Halle şəhərində Dünya Şərqşünaslarının II konfransında və başqa beynəlxalq səviyyəli tədbirlərdə məruzə və çıxışları rəğbətlə qarşılanmışdır. Aida xanım həmçinin bir sıra nüfuzlu elmi təşkilatların üzvü seçilmişdir.
Aida İmanquliyeva ötən əsrin 70-80-ci illərində istər Azərbaycanda, istərsə də ümumittifaq miqyasında məşhur ərəbşünas kimi tanınırdı. Alimi məşhurlaşdıran ərəb məhcər (mühacirət) ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlar idi. O, ərəb ədəbiyyatının bu qoluna hələ aspiranturada oxuduğu illərdə müraciət etmişdi. Ərəblərin özləri belə, professor İ.Filştinski demişkən, ərəb ədəbiyyatının həmin qolu barədə təsəvvürsüz idilər, hətta onun ABŞ-da yazıb-yaratmış nümayəndələrinin adlarını bilmirdilər. Məhcər ədəbiyyatını təmsil edən ədibləri isə Rusiyada İ.Y.Kraçkovskidən başqa heç kim tanımırdı.
Aida xanım əvvəlcə ərəb məhcər ədəbiyyatının araşdırıcısı kimi tanınmışdır. Sonralar o, ümumi ərəb ədəbiyyatını araşdırmağa başlamışdır. Daha sonra alim İraq, Misir, Fələstin, Suriya ədəbiyyatları ilə maraqlanmış və bu ölkələrin ədəbiyyatlarının ümumi mənzərəsini tədqiq edərək həm elmi məqalələr yazmış, həm də aspirantlarına bu mövzularda tövsiyə və göstərişlər vermişdir. Bundan əlavə, Aida xanım Şərq xalqlarının müştərək bayramı olan Novruz bayramına toxunmuş və bu mövzuda elmi məqalə yazmışdır.
Aida xanım məhcər ədəbiyyatı ilə yanaşı, ərəb ədəbiyyatının müəyyən dövrləri, Əndəlus ədəbiyyatı, İslam dini ilə bağlı da tədqiqatlar aparmışdır. Alimin ərəb ədəbiyyatının istər qədim, istərsə də müasir dövrləri, eləcə də ərəb-Azərbaycan, ərəb-rus ədəbi əlaqələri barədə bir sıra məqalələri vardır ki, bu əsərlər elmiliyi, məna və məzmununa görə heç də onun digər araşdırmalarından geri qalmır. Oxucu alimin məqalələrini oxuyanda görür ki, Aida xanımın yaradıcılıq laboratoriyasının üfüqləri Qərbdə Əndəlus (ərəblərin VII-XII əsrdə İspaniyada yaratdıqları zəngin ədəbiyyat nəzərdə tutulur) torpaqlarına, Şərqdə isə Şətt əl-ərəb (İraqda Dəclə və Fərat çaylarının qovuşduğu məkan) sahillərinə qədər uzanır. Bu məqalələr ötən əsrin 70-ci illərindən başlayaraq müxtəlif vaxtlarda "Azərbaycan”, "Literaturnı Azerbaydjan” jurnallarında, Elmlər Akademiyasının "Xəbərləri”ndə, "Ədəbiyyat və incəsənət” qəzetində, həmçinin müxtəlif toplularda çap olunmuşdur. Belə məqalələrdən biri professorun "Novruz Şərq ölkələrində” adlanır. Aida xanım məqalədə bu bayramın qədimliyi, onun İslamdan qabaq mövcud olması barədə belə yazır: "Yaxın və Orta Şərqin bir çox ölkələrində bu bayram əziz və səbirsizliklə gözlənilən bir mərasim kimi qeyd olunur. Təbiətə sitayiş, təbiətin qış yuxusundan ayılması ilə bağlı olan Novruzun mərasimləri qədim tarixə malikdir”. Deməli, bu bayram yeni ilin gəlməsi, torpağın oyanması, həyatın yeniləşməsi ilə əlaqədar keçirilən bayramdır. Aida xanım bayramın müddətini də açıqlayır: fevralın 20-dən martın 21-dək. O, belə bir qənaətə gəlmişdir ki, Novruzu ilk növbədə Mərkəzi Asiyadan Balkanlaradək ərazidə yaşayan türk xalqları qeyd edirdilər. Bayram İran və Misirdə də təntənəli şəkildə keçirilirdi. Alim qeyd edirdi ki, Novruzun keçirilməsini isə ərəb xəlifəsi Məmunun hakimiyyəti dövründə (813-832) ilk dəfə bayram kimi rəsmiləşdirilmişdir.
Professor Aida İmanquliyevanın yaradıcılıq laboratoriyasında tərcüməçilik fəaliyyəti də özünü qabarıq şəkildə büruzə verir. O, həm ərəb yazıçılarının dərin məzmunlu hekayələrini, həm də rus dilindən xeyli elmi-publisistik məqalələr tərcümə etmişdir. Aida xanım ərəb yazıçıları Mixail Nüaymə, Sahib Camal, Süheyl İdris, Məhəmməd Dib, Mahmud Zahir və başqalarından tərcümə etdiyi hekayələr "İnsan və quş” (Malik Qarayevlə birlikdə) və "Ağ günlərin sorağında” kitablarında yer almışdır. Onun tərcüməçilik fəaliyyətinin ikinci istiqamətini ruscadan çevirdiyi elmi məqalələr təşkil edir. Bu məqalələr rus alimlərinin İslam dini ilə bağlı apardıqları yüksək səviyyəli elmi araşdırmalardır.
Aida xanımın elmi yaradıcılığı barədə rus tədqiqatçılarından Rusiya Elmlər Akademiyasının M.Qorki adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professorları Anna Dolinina, Olqa Frolova, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqaları, həmçinin ərəb alimləri - İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət məsələləri üzrə baş katibi, doktor Əbdüləziz bin Osman Tuveyciri, Eyn əş-Şəms Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fariq Çələbi və başqaları dəyərli fikirlər söyləmişlər.
1979-cu ildə Moskvada "Nauka i religiya” jurnalında İslam dini ilə bağlı silsilə elmi məqalələr çıxmışdır. Həmin yazıları çap etməyi jurnaldan rus oxucuları xahiş etmişdilər. Məqalələrdən xəbər tutan Azərbaycan oxucuları da yazıların Azərbaycan dilində çap olunmasını Bakıda çıxan "Elm və həyat” jurnalından xahiş etmişdilər. "Elm və həyat”ın redaksiyası məqalələrin tərcüməsini Aida İmanquliyevaya həvalə etmişdi. Jurnal bu barədə belə yazırdı: "Oxucuların bir qrupu - tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə, Şərqin tarixi, mədəniyyəti, qədim ənənələri ilə maraqlananlar İslamın əsas müqəddəs kitabı Qurani-kərim barədə məlumat verməyi xahiş edirlər. Xahişləri nəzərə alaraq bu nömrədən Quran haqqında yazı veririk. Material "Nauka i religiya” jurnalında dərc edilmiş məqalələr əsasında tərtib olunmuşdur. Materialın tərcüməsi və orijinal mənbələrlə tutuşdurularaq işlənib çapa hazırlanması ilə Azərbaycan SSR EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri namizədi Aida İmanquliyeva məşğul olmuşdur”.
Sözügedən məqalələr 1981-ci ilin fevral ayından etibarən jurnalın nömrələrində çap olunmuşdur. Yadımdadır, jurnalın nömrələrini ərəb və rus dillərini bilməyən, ərəb yazı-pozusundan məlumatı olmayan, amma özünü müsəlman sayan yaşlı nəsil də, tarixçi də, filosof da, ateist də, dindar müsəlman da, ziyalı da əl-əl axtarırdılar. Çünki o vaxta qədər dilimizdə Quran barəsində belə məzmunlu, maraqlı yazılar çap olunmamışdı, çünki müqəddəs kitabımız barəsində müsəlman Azərbaycanında danışmaq, fikir mübadiləsi aparmaq qadağan idi.
Məqalələrin birində, daha doğrusu, fəlsəfə elmləri doktoru M.Usmanovun "Quran necə yaranmışdır” adlı yazısında xəlifə Osman ibn Əffanın peyğəmbərin iki qızı - əvvəlcə böyük qızı Ruqiyyə, o, öləndən sonra isə digər qızı Umm Gülsüm ilə evləndiyi göstərilir. Ona görə də o vaxt xəlifəyə "Osman zu-n-nureyn” ("iki nurlu Osman”) ləqəbini vermişdilər. Daşkəndli islamşünas bu barədə də əhatəli məlumat verirdi.
M.Usmanovun "Nauka i religiya” jurnalının səhifələrində dərc olunmuş məqalələrində Ramazan (Orucluq), şiə və sünnilərin fərqli namaz qılmaları, qiblənin Məhəmməd peyğəmbərin göstərişi ilə niyə dəyişdirilməsi, İslamın əsas vacibatları barədə verilən məlumatlar azərbaycanlı oxucuların böyük marağına səbəb olmuşdu.
1980-ci illərinin əvvəllərində Aida xanımın Quranla bağlı tərcümə etdiyi, özünün qayə və məzmunu ilə M.Usmanovun məqalələrindən xeyli fərqlənən bir əsər də var idi. Bu, moskvalı ərəbşünas, professor İsaak Filştinskinin "Nauka i religiya” jurnalında dərc olunmuş "Ərəb ədəbiyyatının abidəsi” məqaləsi idi. Öncədən deməliyik ki, Quranı ədəbi abidə kimi öyrənməyi qarşısına məqsəd qoyan İ.Filştinski bu sahədə novatorluq etmiş, həm Şərqdə, həm də Qərbdə Quranı ədəbi əsər kimi tədqiq etmək istəyənləri xeyli qabaqlamışdır. Rusiyalı ərəbşünasın məqaləsində Quran ədəbi abidə kimi araşdırılır və göstərilir ki, o, ərəblərin ilk nəsr əsəridir. Müəllif yazırdı ki, ərəblər bu müqəddəs kitabı ədəbi abidə kimi öyrənməklə ərəb dilinin formalaşmasına kömək etmiş və Quran vasitəsilə ərəb dilinin qrammatik və stilistik qaydalarını təsbit etmişlər.
Aida İmanquliyevanın elmi fəaliyyətindən danışarkən
onun Azərbaycanda yetişdirdiyi
milli ərəbşünas kadrlar barədə də fikir
söyləmək lazımdır. Aida
xanım 1988-ci ildə Tbilisidə doktorluq
dissertasiyası müdafiə etdikdən sonra
Bakıda beş elmlər namizədi yetişdirmişdir. Bu elmlər
namizədlərinin dördü Azərbaycan,
biri isə Almaniya vətəndaşı
Anna Mariya Aux idi. Aux sonralar
Almaniya universitetlərinin
birində uzun müddət Azərbaycan tarixindən dərs demişdir.
Biz Aida xanımın elmi irsini yaşatmaq üçün aspirantlara məhcər ədəbiyyatı ilə bağlı dissertasiya mövzuları vermişdik. Bunlar "Əmin ər-Reyhani və ərəb Şərqi”, "Məhcər ədəbiyyatının Cənubi Amerika qolu” və s. mövzulardır. Sevindirici haldır ki, hər iki mövzunun sahibləri artıq beş ildən çoxdur elmlər namizədidirlər. Aida xanımın ərəb ədəbiyyatı ilə bağlı apardığı araşdırmalar arasında onun 45 il əvvəl yazdığı bir əsər də var. Bu, "İraq ədəbiyyatı haqqında” oçerkdir. Həmin oçerkdə alim XX əsrin birinci yarısında İraq poeziyası və nəsrini ətraflı təhlil etmişdir. Müəllif əsərdə elə yaradıcı fikirlər söyləmişdir ki, oxucu ərəbşünas xanımın İraq ədəbiyyatını bu dərəcədə dərindən bilməsinə heyran qalmaya bilmir.
Sonda professor
Aida İmanquliyevanın rus
ərəbşünasları ilə həmkarlıq, dostluq əlaqələrinə də toxunmaq lazımdır. Aida
xanım Moskvada aspiranturada
oxuduğu illərdən rus
ərəbşünasları ilə sıx münasibətlər
qurmuşdu. İ.Filştinski,
A.Dolinina, O.Frolova,
İ.Bilık, A.Kudeli və
başqaları Aida xanımın elminə,
savadına, insanlığına heyran
qalmışdılar. Sankt-Peterburqlu professor
O.Frolova onu özünə yaxın bacı hesab edirdi. Moskvalı ərəbşünas
İ.Bilık Aida xanımın
xarakterində mülayimliyin
və sərtliyin cəm olduğunu hiss edibmiş. O, belə bir kiçik hekayət nəql edir. Yazır ki, 1989-cu ildə
Mixail Nüaymənin anadan olmasının 100 illiyi münasibətilə
Poltavada elmi konfrans keçirilirmiş.
Həmin
konfransda İ.Bilık
və Aida xanım da iştirak edirmişlər. Konfransı
bir moskvalı ərəbşünası açıb
deyir ki, Mixail Nüaymə o qədər də güclü şair olmamışdır: " O,
sizin Korolenko kimi üçüncü
dərəcəli şair
idi”. İ.Bilık yazır ki,
bu söz yerli Poltava camaatının
xoşuna gəlmədi,
onlar narazılıqlarını
bildirdilər. Sonra söz
əsas məruzəçi
Aida xanıma verildi.
Aida xanım məruzəsində
həmin ərəbşünasa
elə tutarlı dəlillərlə cavab verdi ki,
poltavalılar bundan razı qalırlar.
Yazıma
professor İ.Filştinskinin sözləri ilə yekun vurmaq istərdim:
"Aida xanımın vaxtsız
vəfatı həm Azərbaycan, həm də rus şərqşünaslıq
elmi üçün ağır itki idi”.
Vilayət CƏFƏROV,
AMEA-nın
akademik Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun
Ərəb
filologiyası şöbəsinin müdiri, filologiya elmləri
doktoru, professor
Azərbaycan.-2020.-
10 oktyabr.- S.11.