Yalanın əlindən tutub yeridənlər
Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücuma keçərək düşmənə ağır zərbələr endirib onu geri çəkilməyə məcbur etməsi dünya siyasətində bomba effekti yaratdı. İllərdir bizə "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyib moizə oxuyanlar gördülər ki, başqa yol da varmış. Daha doğrusu, məlum oldu ki, Ermənistanın destruktiv mövqeyi üzündən bu münaqişənin sülh yolu ilə həlli dalana dirənib.
İndi Azərbaycan erməni işğalçılarına sarsıdıcı zərbələr endirməklə həmin dalandan çıxmaq istəyir. Buna baxmayaraq, məlum "sülh göyərçinləri” yenə tərəflərə atəşkəs çağırışları edirlər. Özü də, adət etdikləri kimi, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymadan. Bununla onlar 30 ildir işğalda qalan torpaqlarımızın azad edilməsində bizə mane olmaq istəyirlər.
Hamıya aydındır ki, beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir ölkə işğal altındakı əraziləri güc yolu ilə qaytarmaq hüququna malikdir. Belə olan halda Azərbaycanı bu Vətən savaşında az qala işğalçı kimi günahlandırmaq, yumşaq desək, haqsızlıqdan, ədalətsizlikdən xəbər verir.
Nikol Paşinyanın dəlilsiz, sübutsuz Azərbaycanın Türkiyə vasitəsilə döyüş bölgəsinə terrorçuları cəlb etməsi barədə verdiyi sərsəm bəyanatlardan ölkəmizə qarşı istifadə olunmağa cəhdlər edilir. İndi Qərb mətbuatı bu yalanı tirajlayıb yeni-yeni "dəlil”lər tapır. Hətta inandırıcı olsun deyə hansı "marşrutlar”dan istifadə edildiyindən də yazırlar. Bununla bizimlə yanaşı, qardaş Türkiyəni şərləyərək Qarabağ münaqişəsinin həlli prosesindən uzaqlaşdırmaq istəyirlər
Ümumiyyətlə, Ermənistanı birbaşa və dolayısı müdafiə edənlər hadisələrin indiki inkişafından çox narahatdırlar. Halbuki onlar bilməmiş deyillər ki, 90-cı illərdə torpaqlarımızın işğalının əsas səbəblərinfdən biri də tək qalmağımız və Ermənistana hər cür hərbi dəstəyin verilməsi olub. İndi isə vəziyyət başqadır. Ölkəmizin haqq işini müdafiə edən Türkiyə kimi güclü dövlət var. Üstəlik, Azərbaycan 90-cı illərdə olduğu kimi, düşmənlə əliyalın vuruşmur, indi Azərbaycanın müasir ordusu və İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanı var.
Digər bir məsələ: bu gün Ermənistan döyüş bölgəsində onlar tərəfdə terrorçuların vuruşduğunu danmır. Deyirlər ki, Yaxın Şərqdən gələn ermənilər terrorçu yox, könüllülərdir və onların bu müharibədə iştirak etmələri təbiidir. Lakin beynəlxalq hüquqda terrorçu milli mənsubiyyətinə görə deyil, məhz terrorçu olduğu ilə müəyyənləşdirilir. Ermənistan rəhbərliyinin sözündən belə çıxır ki, ASALA terror təşkilatının üzvü erməni olduğu üçün terrorçu sayıla bilməz və onun Ermənistan tərəfindən döyüşməsi beynəlxalq qanunlara zidd deyil. Halbuki beynəlxalq praktikaya görə, bir dövlətin vətəndaşının digər ölkənin ərazisində döyüşməsi cinayət sayılır. Belə çıxır ki, bu beynəlxalq təcrübənin Ermənistana aidiyyəti yoxdur. Əgər ermənisənsə, Ermənistan vətəndaşı olmasan da, onun tərəfindən başqa dövlətə qarşı döyüşə bilərsən. Bu, həyasızlığın ifrat dərəcəsi deyil, bəs nədir?!
Göründüyü kimi, düşmənlərimiz Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu əməliyyatların qarşısını almaq üçün bütün məkrli vasitələrə əl atırlar. Ona görə də hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır. Unutmamalıyıq ki, bizim kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə istifadə olunan bir səhv fikirdən düşmən bizə qarşı istifadə edə bilər. Özlərinin terrorçulardan istifadə etdiyi halda bizi günahlandırmaları onların son yalanı deyil. Amma haqq-ədalət Azərbaycan tərəfindədir. Biz bütün təzyiqlərə, şantajlara, təhdidlərə boyun əyməyərək dövlətimizin və Ordumuzun arxasında olmalıyıq. Qələbə bizimlədir!
Rüstəm
KAMAL
Azərbaycan.-2020.- 10 oktyabr.- S.11.