Üç cəbhənin sərkərdəsi

 

İlham Əliyev kimi övladınla fəxr et, vətən!

 

Azərbaycan Ermənistanın növbəti təxribatına yenə əks-hücumla cavab verdi!

Bu dəfə atəşkəsin pozulması hərbi əməliyyatların bərpası, Qarabağ uğrunda yeni - ikinci müharibənin başlanması ilə nəticələndi!

Müharibə qan, ölüm, itki deməkdir və heç kim müharibə istəmir!

Amma acı bağırsaq kimi uzanan mənasız sülh danışıqlarından bezən xalqımız müharibənin başlanmasını böyük ruh yüksəkliyi, xüsusi coşqu ilə qarşıladı!

Çünki daha heç kəs 30 il gözləmək, "sülh danışıqları”na vaxt itirmək istəmirdi!

Çünki hamı əmin olmuşdu ki, münaqişənin yeganə həlli variantı daha sülh danışıqları deyil, müharibədir!

Çünki açıq-aydın görünürdü ki, Ermənistanın qudurmuş, kriminal hərbi-siyasi rəhbərliyi nə sülh danışıqlarına gəlir, nə də torpaqları qaytarmaq niyyətindədir!

Çünki uzun illərdir ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurum və təşkilatlar BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini həyata keçirməyərək "icra mexanizmi yoxdur” deməklə yaxasını kənara çəkir, danışıqlar prosesini boşuna yola verirdi.

Belədə torpaqları işğaldan yalnız Azərbaycan əsgərinin gücü ilə təmizləməkdən, min bir hüququ pozulmuş məcburi köçkünləri doğma yurd-yuvasına silah gücü ilə qaytarmaqdan başqa yol qalmamışdı!

Azərbaycan xalqı bu yolu özünün qəhrəman övladına, mahir diplomatına, dünya çaplı liderinə arxalanmaqla seçirdi!

Bilirdi ki, İlham Əliyev ötən 17 ildə olduğu kimi, bu savaşda da xalqının etimadını doğruldacaq, torpaqları murdar xislətlilərdən, yolunu azmış qudurmuşlardan sonadək təmizləyəcək, işğalçı Ermənistan əsgərlərini Azərbaycan torpaqlarından iti qovan kimi qovacaqdır!

Hərbi əməliyyatların başlandığı ilk dəqiqələrdən Ali Baş Komandanımız xalqın bu etimadını doğrultmaq qüdrətində olduğunu sübut etdi!

Həm də eyni vaxtda üç cəbhədə böyük hünər və şücaətlə çarpışmaqla!

 

***

 

Televiziya vasitəsilə xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının işğal altındakı torpaqları azad etmək uğrunda Vətən müharibəsinə başladığını bildirdi.

Hərbi əməliyyatlar davam edən müddətdə bir neçə dəfə telekanallarda çıxışlar etdi, müsahibələr verdi.

Özünün Tvitter səhifəsində yazdı!

İlham Əliyevin Vətən müharibəsinin qısa dövründəki gərgin, çoxcəhətli, intensiv və səmərəli fəaliyyətini izləyərək bir Azərbaycan vətəndaşı kimi öz Prezidentimi, rəhbərimi, Ali Baş Komandanımı yenidən kəşf etdim, bir daha onunla qürur duydum!

Biz Prezidentimizi daim soyuqqanlı, təmkinli, emosiyadan uzaq, son dərəcə ölçülü-biçili danışan və davranan bir siyasi və dövlət xadimi kimi görməyə adət etmişik.

Budəfəki çıxışlarında isə bütün bunlarla bahəm, onun nə qədər böyük vətənpərvər olduğunu, torpaqların işğalından, xüsusən Şuşa ilə bağlı ermənilərin murdar əməllərindən nə qədər təsirləndiyini, içində böyük qəzəb və hiddət olsa da, daima öz hisslərini boğub saxladığını anladıq, duyduq!

İlk dəfə idi ki, o düşmənə açıq və sərt tərzdə müraciət etdi, onu döyüş meydanında məğlub edərək aşağıladı və azğın işğalçıya nifrətini büruzə verdi!

Bu səmimiyyət həm də xalqda yaranan inamın, ruh yüksəkliyinin daha da artmasına, xalq-rəhbər birliyinin keyfiyyətcə yeni, ən yüksək zirvəyə qalxmasına təkan verdi!

İlham Əliyev adi sözlər söyləmirdi, Azərbaycanın maraqlarını ifadə edirdi!

İlham Əliyev adi sözlər söyləmirdi, bizim hər birimizin ürəyindən keçənləri dilə gətirirdi!

İlham Əliyev adi sözlər söyləmirdi, dostlara məhəbbətini çatdıraraq, düşmənə qəzəb və nifrətini püskürürdü!

Bu həm də ona görə adi sözlər deyildi ki, deyilənlər rəşadətli Azərbaycan Ordusu tərəfindən döyüş meydanlarında uğurla həyata keçirilirdi!

Bu ordunu da İlham Əliyev yaratmışdır!

Bu ordunu da İlham Əliyev ən müasir silahlarla silahlandırmışdır!

Bu ordunu da ən yeni müasir taktika əsasında döyüşmək üçün təlimləndirərək düşmən üzərinə göndərmişdir!

İndi Ali Baş Komandanımız uzun illər boyu böyük vəsait və zəhmət bahasına yaratdığı ordusu ilə qürur duyur!

İndi Ali Baş Komandanımız yetişdirdiyi qəhrəman əsgər və zabitlərinin dalbadal qazandıqları şanlı qələbələrdən haqlı iftixar hissi keçirir!

Bu qələbələri şəxsən özü elan edir, Azərbaycan xalqına çatdırır!

Çünki bu qələbə həm şanlı sərkərdəmizin, həm də hər birimizin qələbəsidir!

Bu zəfər xəbərini qalib Ali Baş Komandanımızın dilindən eşitməyimiz onu daha da şirinləşdirir, daha çoşqun və əzəmətli edir.

İlham Əliyev bu zəfərlərlə Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olduğunu da sübut edir!

 

***

 

Hərbi əməliyyatlar başlayan dövrə qədər artıq İlham Əliyev özünü mahir diplomat kimi tanıdaraq sübut etmişdi:

* ntransmilli layihələrin reallaşdırılması üçün müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə;

Habelə:

* BMT - Təhlükəsizlik Şurasına;

* Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına;

* Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrlərdə həm dünyanı düşündürən və narahat edən məsələləri gündəmə gətirmiş, onların həlli üçün doğru yollar göstərmiş, həm də Azərbaycanın maraqlarını təmin etmişdir.

Bu günbiz Prezidentimizin diplomatik məharətinin şahidinə çevrilirik!

Qüdrətli ordu, güclü dövlət yaradan İlham Əliyev müharibənin xalqımızın qələbəsi, işğal altındakı torpaqların azad edilməsi ilə başa çatacağına əmindir və hər gün bizi möhtəşəm qələbəyə yaxınlaşdırır.

Bizim vüqarlı və qürurlu Prezidentimiz heç kimə, heç haraya zəng etmir, hərbi əməliyyatların dayandırılması üçün kimsəyə yalvararaq qarşısında diz çökmür!

Bu onun təbiətinə və kişiliyinə uyğun deyil!

Əksinə, bu gün İlham Əliyevə zənglər gəlir, ondan xahişlər edilir!

Prezidentimiz hər kəsə hörmətlə yanaşaraq müharibəyə Ermənistanın bais olduğunu, "Qarabağ Ermənistandır” deməklə sülh danışıqlarını Paşinyanın pozduğunu sübut edir, Azərbaycanın haqlı olduğunu, beynəlxalq hüquqa söykəndiyini göstərir, ən nəhayət, daha 30 il gözləməyin mümkünsüzlüyünü və hərbi əməliyyatlara da təxribatçı Ermənistanın başladığını bildirir.

Onun məntiqli, səlis, aydın nitqi, məsələyə tarixi, hüquqi, ədalət və insan haqları nöqteyi-nəzərindən yanaşması xahiş sahiblərinin gecikdiklərini də ortaya qoyur.

Hərdən əsassız təkid edənlərə, erməniləri açıq-aşkar, göz-görəti müdafiə edənlərə isə yerlərini göstərir, Dağlıq Qarabağa harada müstəqillik verilməyin konkret ünvanlarını da söyləyir!

İlham Əliyevlə mübahisədə ona üstün gələ bilməyəcəklərini duyan qərəzli opponentləri "Bizim məktəbin yetirməsidir” deyərək Prezidentimizin böyük diplomatik bacarığını etiraf etmək məcburiyyətində qalırlar.

 

***

 

Müasir müharibələrə hibrid müharibəsi də deyilir.

Çünki müharibələr artıq təkcə döyüş meydanında yox, digər müstəvilərdə də aparılır.

Belə vacib meydanlardan biri informasiya müharibəsidir.

Ali Baş Komandan İlham Əliyev irəlicədən bu cəbhəni nəzərə almış, onun əhəmiyyətini layiqincə qiymətləndirərək öz tədbirini görmüşdür.

Xislətləri yalanla, şər böhtanla yoğrulan ermənilər informasiya müharibəsində həmişə fəal olmuş, diasporları vasitəsilə dünya mediasında üstünlüyü ələ keçirmiş, çox halda yalanlarına "həqiqət donugeyindirə bilmişlər.

Birinci Qarabağ müharibəsi dövründə sonrakı proseslərdə bunun dönə-dönə şahidi olmuşuq!

İndi isə erməni yalanı hərdən ayaq tutsa da, yerimir, Prezidentimiz dərhal onun qıçlarını sındırır!

Həm təkzibolunmaz faktlar əsasında!

Bir neçə misal.

Paşinyan "şəxsənbəyan etmişdi ki, Azərbaycanın F-16 təyyarəsi Ermənistanın iki Su-25 təyyarəsini vurub.

Cənab İlham Əliyev çox soyuqqanlı şəkildə bunun yalan olduğunu göstərdi: Əvvəla,

Azərbaycanın heç F-16 təyyarəsi yoxdur, ikincisi, indi dünya elə güclü müşahidə sistemlərinə malikdir ki, istənilən yerdən havaya qalxan təyyarə qeydə alınır, üçüncüsü isə, Ermənistanın Su-25-ləri təyyarəçilərin naşılığı üzündən dağa çırpılaraq partlayıb.

Başqa sübutunuz varsa, təqdim edin!

Ermənistanın Azərbaycan tərəfindən muzdluların döyüşməsi ilə bağlı iddiasına da eyni soyuqqanlılıqla cavabını verdi: "Sübutunuzu göstərin!”

İlham Əliyev özü düşməni ittiham edəndə isə konkret sübut faktları sadalayır.

Mülki obyektlərə hücum evlərin dağıdılması, dinc əhalinin hədəf seçilərək öldürülməsi yaralanması, erməni tərəfindən Suriyadan gəlmiş muzdluların döyüşməsi foto, video çəkilişləri sosial şəbəkədəki materiallarla isbata yetirilir.

Müharibə dövründə beynəlxalq informasiya məkanında ən böyük fəallığı da cənab İlham Əliyev göstərir.

Onun qısa zamanda dünyanın ən məşhur çoxmilyonlu tamaşaçı auditoriyası olan televiziya kanallarına verdiyi müsahibələri xatırlatmaq kifayətdir:

"Rossiya-1” telekanalının "60 dəqiqəproqramı;

"Əl-Cəzirəteleviziya kanalı;

"Əl-Ərəbiyəteleviziya kanalı;

"TRT Haber” televiziya kanalı;

"Pervıy kanalteleviziyası;

"CNN-Türkteleviziyası;

"Euronewsteleviziyası;

Kanalların əksəriyyəti (başqa sözlə, Türk kanalları istisna olmaqla) mövzuya birtərəfli qaydada yanaşır, erməni yalanlarını öz qərəzli mövqelərini isbata yetirməyə çalışırdılar!

Amma canfəşanlıqları heç bir nəticə vermədi.

İlham Əliyev soyuqqanlı məntiqli mühakiməsi, təmkinli davranışı ilə indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş mühüm sənədlərə istinadən Azərbaycanın haqlı olduğunu, münaqişənin Paşinyanın sülhdən daim yayınmaq işğal etdikləri torpaqları azad etməmək niyyətindən yarandığını, Azərbaycanın bu münaqişədə haqlı tərəf olduğunu hərbi əməliyyatların məhz Azərbaycan ərazisində getdiyini əsas gətirərək bütün qərəzli məkrli hücumları asanlıqla rədd edirdi.

Çox halda verilən suallarda istinad olunan faktların yalan, böhtan olduğunu da ortaya qoyurdu!

Azərbaycana qarşı qərəzli olan belə telekanalların canfəşanlığını puça çıxaran İlham Əliyev əksinə, həmin kanalların verdiyi tribunadan bacarıqla istifadə edərək Ermənistanın işğalçılıq əməllərini, faşist xislətlərini yalanlarını bütün dünyaya çatdırdı!

Biz hamımız bu müharibədən qələbə gözləyirik!

Biz hamımız bu müharibədə Ali Baş Komandan İlham Əliyevə güvənir əminik ki, həsrətlə gözlədiyimiz qələbəyə bizi məhz böyük rəhbərimiz çatdıracaq!

Biz hamımız İlham Əliyevi indi daha böyük coşqu məhəbbətlə sevir bir xalq olaraq ətrafında yumruq kimi birləşmişik!

İlham Əliyev bu günlərdə dayanmadan, durmadan, istirahət etmədən üç cəbhənin hamısında böyük əzm uğurla çalışır, əsl sərkərdə, müdrik rəhbər, uzaqgörən dövlət başçısı kimi xalqın etimad etibarını ən yüksək səviyyədə doğruldur!

Yaşa Ali Baş Komandanımız!

Tarix bu xidmətlərinizi heç zaman unutmayacaq!

QƏLƏBƏ BİZİMLƏDİR!

QARABAĞ BİZİMDİR!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.1; 4.