Yaponiyanın Azərbaycandakı səfiri Ermənistanın son təxribatları və Ordumuzun əks-hücum əməliyyatları barədə məlumatlandırılıb

 

Oktyabrın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Milli Məclisin Sədri qonağı salamlayaraq onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən Spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə, iqtisadiyyatinvestisiya sahələrində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb.

Spiker Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb. O, hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb. O bildirib ki, son zamanlar bu təxribatlar daha da artıb.

Milli Məclis Sədrinin sözlərinə görə, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Ermənistan yenə mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri işğalçı ölkə tərəfindən raketlərdən atəşə tutulur. Sahibə Qafarova deyib ki, Ermənistanın raketlərdən intensiv atəşə tutduğu şəhər rayonlarımızda strateji nəqliyyat, enerji infrastrukturu yerləşir. Bu da Ermənistanın işğalçılıq siyasətinin bütün regionu hədələdiyini regionun digər dövlətləri üçün təhlükə mənbəyi olduğunu göstərir.

Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları barədə səfiri məlumatlandıran Spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, işğal altındakı bəzi ərazilərimiz artıq azad edilib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür bizim heç kəsin torpağında gözümüz yoxdur. Azərbaycan xalqı öz torpaqlarının azad olunmasını istəyir.

Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Ermənistan tərəfindən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındakı torpaqlarımıza göndərilməsi təşkil olunur. Bu da beynəlxalq hüquqa zidd olmaqla, beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan amildir.

Ölkəmizdə yeni fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Cuniçi Vada Azərbaycanın sabit, təhlükəsiz dinamik inkişaf edən ölkə olduğunu bildirib. O, ölkəsinin parlamentinin rəhbərliyinin salamlarını Milli Məclisinin Sədrinə çatdırıb. Cuniçi Vada ölkələrimiz arasında münasibətlərin məmnunluq doğurduğunu söyləyib.

Yaponiya səfirliyi tərəfindən həyata keçirilənOt kökləri insan təhlükəsizliyiqrant yardımı proqramı çərçivəsində keçirilən layihələr haqqında məlumat verən diplomat ümidvar olduğunu bildirib ki, gələcəkdə bu layihələr Azərbaycanın bütün regionlarında reallaşdırılacaq.

Sonda Spiker Sahibə Qafarova səfir Cuniçi Vadanın fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.2.