XİN: Almaniyanın Xarici İşlər nazirinin
Azərbaycana təzyiq göstərilməsi barədə
açıqlaması ciddi təəssüf
doğurur
Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir.
“Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.
Almaniyanın da
üzvü olduğu Minsk qrupunun 30 ilə
yaxın davam edən fəaliyyəti atəşkəsin
davamlı sülhə çevrilməsinə, Ermənistanın
Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına
və Azərbaycanlı məcburi köçkünlərin öz doğma
torpaqlarına qayıtmasına xidmət etməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz
çıxarılması barədə tələblərinin
həyata keçirilməsi üçün
hər hansı ciddi tədbirlər
görülməyib.
Təəssüflə
onu da qeyd edək ki, ATƏT-in və Minsk qrupunun üzvü
kimi Azərbaycanın dəfələrlə Almaniyaya
müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən
münaqişənin həlli istiqamətində xüsusi fəallıq
göstərilməyib.
Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunub. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.
Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət edilməlidir. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.
Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks-həmlələr həyata keçirir.
Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.
İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.
Almaniyanı
Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan qoşunlarının
çıxarılmasını təmin etmək
üçün Ermənistana təzyiqlər göstərməyə,
ədalətli mövqe tutmağa
çağırırıq, - deyə məlumatda qeyd olunur.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.3.