Qəhrəmanlar yurdu işğalda qalmayacaq
2 övladı ilə Vətən
müharibəsinə gedərək şəhid olan igid
savaşçı...
Ağdam rayonunun Abdal-Gülablı kənd sakini idi Müşfiq Abbasov. 1992-ci il sentyabrın 4-də Azərbaycanın dilbər guşələrindən biri olan doğma yurdu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Təkcə Abdal-Gülablının deyil, erməni əsirliyində qalan bütün Vətən torpaqlarının dərdi, nisgili qəlbinə yükləndi. Aradan illər ötdükcə bu yükü daşımaq daha da ağır oldu. O, Qarabağda erməni işğalçıları tərəfindən qətlə yetrilən yaxınlarından çox Vətən torpaqlarının əsirlikdə qalmasına yandı. Ancaq Azərbaycanın əzəli torpaqlarının düşmən əsirliyində qalmayacağına, bir gün o yerlərə əsl sakinlərinin yenidən qayıdacağına hər zaman inandı. Müşfiq Abbasov övladlarını da bu inamla, əminliklə tərbiyə etdi. Öz vətənpərvərliyi ilə onlara həmişə nümunə oldu.
Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsindən otuz ilə yaxın vaxt keçdi. Bu illər ərzində heç kim bu dərdlə, bu nisgillə bir gün, bir an belə barışmadı. Buna görə Azərbaycan xalqı Vətən müharibəsinin başlanması xəbərini Ermənistan silahlı qüvvələrinin işğalının sonu kimi qarşıladı. Özünü Vətənin əsgəri kimi görən, hiss edən hər kəs ilk günlərdən döyüş meydanına can atdı. Müşfiq Abbasov da dərhal qərarını verdi...
Bütün atalar kimi, o da hər zaman övladlarının xoş günlərini arzulamışdı. Onların ayağına daş dəyməsini istəməmişdi. Ancaq övladlarını Vətəninə vətəndaş, yurduna yurdçu olmaq üçün böyütmüşdü. Əgər Vətən dardadırsa, övladlarını haraylayırsa, nə özü, nə də oğulları seyirçi qala bilməzdilər. Ona görə də özü ilə boya-boy dayanan oğulları ilə birlikdə səs verdi Vətənin çağırışına. İki oğlu ilə birgə könüllü cəbhəyə yollandı.
Vətən torpaqlarını azad etmək onun da ən böyük arzusu idi. Azərbaycanın bütövlüyü, ərazilərimizin düşmən tapdağından xilas edilməsi üçün özü və oğulları kimi vətənpərvərlərlə çiyin-çiyinə vuruşdu.
Həsrətini çəkdiyi elinə, obasına qovuşmaq ümidi ilə silaha sarılan Müşfiq Abbasov şəhid oldu. Onun adı ilə bir boy da ucaldı Vətən.
Vətən müharibəsi isə davam edir. Azərbaycan Ordusu Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün əzmlə vuruşur. Cəbhədə gedən döyüşlərdə Azərbaycanın Müşfiq Abbasov kimi qəhrəmanları göstərirlər ki, Vətən canından da şirin, övladlarından da əzizdir. Belə igidlərin yurdu tezliklə işğaldan qurtulacaq. Qələbə Azərbaycanındır!
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2020.- 9 oktyabr.- S.6.