Zəngilanlıların gözlədiyi gün yaxınlaşır

 

Söz vaxtına çəkər. 1993-cü ilin oktyabr ayı idi. Yağışlar başlamışdı. Zəngilanın bəzi kəndlərini ermənilər tutmuşdular. Ara-sıra atışmalar güclənir, yenidən səngiyirdi. Öz şəxsi avtomobilimdə rayon mərkəzinə doğru gedirdim. Yolda əsgərlərimizi görüb maşını saxladım. Üç nəfər idilər. Hara getdiklərini soruşanda, bizim kəndin arxasındakı posta getdiklərini bildirdilər. Dedim ki, əyləşin, bir-iki şey alacam, sonra birlikdə gedək.

Maşına əyləşən kimi aralarındakı cavan yatdı, yerdə qalan ikisi ilə söhbətləşməyə başladım. Məlum oldu ki, onların heç biri zəngilanlı deyil. Rayon mərkəzinə tapşırıq yerinə yetirmək üçün gedirlər. Çox söhbətdən sonra onlardan döyüş ruhu, irəlidə baş verəcəklərlə bağlı soruşdum. İçlərində bir azyaşlı olan mənə bu sözləri dedi:

- Hansı ruhdan danışırsan?! Hamının içində bir qorxu yaşayır. Ermənilər arxalı köpək kimi hərəkət edir. Yoxsa erməni nə karədir bizə qalib gələ.

Əsrarəngiz təbiətə malik Zəngilan elə bir yerə çevrilmişdi ki, buraya təşrif buyuranlar rayonun təbiətini seyr etməkdən doymurdular. Sovet dönəmində Azərbaycanın 4-5 turizm mərkəzi var idisə, onlardan biri də Zəngilan idi.

Arxeoloji araşdırmalar nəticəsində məlum olmuşdu ki, Zəngilanın ərazisi ən qədim yaşayış məskənlərindəndir. Sovet arxeoloqlarının böyük bir qrupu rayona ekspedisiyalara gəlir, insanın yaranışı barədə maraqlı məlumatlar toplayırdılar. Həmin dövrlərdə keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində Zəngilanın tarixinə həsr olunan tədbirlər, konfranslar keçirilmiş, ərazidə mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) qədim insan qalıqlarının tapılması barədə xüsusi kitablarda yazılmışdı. Adları çəkilən ərazilərdə ibtidai insanların yaşayışı, adət-ənənələri barədə məlumatlar Zəngilanın qədim tarixindən xəbər verirdi. Təxmini hesablamalara görə, həmin dövrdə Zəngilana hər il dünyanın müxtəlif ölkələrindən mindən artıq insan gəlirdi. Hazırda dünyanın müxtəlif ölkəsində həmin insanların xatirələrini özündə yaşadan yadigar fotoşəkillər var.

Bu gün isə rayonun bərəkətli düzləri, dağları, kəndləri, yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri düşmənin işğalı altındadır. Dünyada ikinci, Avropada birinci olan nadir Çinar meşələri indi erməni qəsbkarları tərəfindən kəsilərək məhv edilib.

Bəli, 30 ilə yaxın bir müddət idi ki, torpaqlarımızın bir hissəsi düşmən əsarətində qalmış, igid vətən oğullarımız şəhid olmuşlar. İndi bu işğalın, qətllərin qarşısı igid ordumuz tərəfindən qətiyyətlə alınır. Aprel döyüşlərində ordumuz uğurlu əks-hücum əməliyyatı keçirərək işğal altında olan bəzi ərazilərimizi azad etdi. Qarabağa dönüş başladı. Cocuq Mərcanlıda yenidən həyat bərpa olundu. Lələtəpə yüksəkliyində üçrəngli bayrağımız dalğalandı. Amma ermənilər tərəfindən törədilən təxribatlar davam edir.

Sentyabrın 27-də Ermənistan növbəti təxribata əl atdı - səhər saatlarında mövqelərimizi və mülki obyektlərimizi atəşə tutdu. Azərbaycan rəhbərliyi düşməni susdurmaq üçün əks-həmlə əmri verdi. Rəşadətli ordumuz torpaqlarımızın düşməndən azad olunması üçün uğurlu əməliyyata başladı.

Deyirlər ki, haqsız aciz olanda həmişə qarşı tərəfə şər atmağa başlayır. Özgə ərazisini özününkü bilənlər bu gün tülkü kimi qaçırlar. Çünki müzəffər ordumuz işğal olunan əraziləri geri qaytarmaqda qətiyyətli və israrlıdır.

Ali Baş Komandan bildirmişdir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır!”

İşğaldan azad edilən torpaqlarda tezliklə toylar qurulacaq, el-oba şənliklərdə sevinəcək. Anamız vətən torpağı soydaşlarımızın gücü sayəsində yenidən cənnətə dönəcək. Bu qələbənin varlığını bizə ruhumuz diktə edir.

 

Nurəddin ƏLİYEV,

Zəngilan

 

Azərbaycan. - 2020.-11 oktyabr.- S.8.