Hamı qarabağlıdır, hər yer Qarabağdır

 

Vətən müharibəsi tək dövlətin deyil, hər birimizin savaşıdır

 

 

Yuxum ərşə çəkilib

görmədiyim gündən səni.

Nə səndən o yana cənnət var,

Nə səndən bəri...

Qarabağ!

 

...Eşitdiyi xəbərdən elə oturduğu yerdəcə donub qalmışdı. Sevincindən nə deyəcəyini, nə edəcəyini bilmirdi. Gah ağlayır, gah gülür, gah da əllərini göyə qaldırıb Allaha şükür edirdi...

 

İllərdir ürəyində qovrulan Vətən həsrətinə, ölmüş ümidlərinə, doğma yurduna yenidən ayaq basmaq arzusuna qəfil günəş doğmuşdu...

 

Üstünü toz basmış xatirələri, nə vaxtsa gerçəkləşəcəyinə inamını itirdiyi uzaq xəyalları birdən-birə oyanıb onu laləli dağlarda, yamyaşıl meşələrdə, soyuq bulaqlarda dolaşdırırdı.

 

Ata-baba torpağı, doğulub boya-başa çatdığı kəndi küçə-küçə, döngə-döngə, ev-ev kino lenti kimi yenidən gözünün önündən keçirdi.

 

İşğaldan əvvəl o səfalı yerlərdə keçirdiyi ömrünün qayğısız illəri, xoş günləri yaddaşını təzələyir, üzünə təbəssüm qondururdu...

 

Son nəfəsini vermədən yenidən öz elinə qovuşacağı ümidilə ürəyi az qalırdı çırpınıb köksündən çıxa....

 

Yuxularını ərşə çəkən, qəlbində qor olan, yanıb-yanıb sönməyən Vətən nisgilinin, məşəqqətli ayrılığın vüsal günü yetişmişdi artıq...

 

Birdən yadına nə düşdüsə, tez ayağa qalxdı. Göz yaşlarını silə-silə köçkün düşəndə özü ilə gətirdiyi, əşyalarını saxladığı sandığa yaxınlaşdı. Əlləri titrəyə-titrəyə qapağını qaldırıb, dəsmala bükülmüş paslı bir açar çıxartdı. Ev-eşiyinin ermənilər tərəfindən dağıdıldığını, yandırıldığını bilə-bilə illərdir tullamağa qıymadığı açarı...

 

Bu açarı divarları uçurulmuş, bəlkə hətta yerli-dibli sökülmüş evinin qapısını yenidən açmaq ümidilə ən qiymətli xəzinə kimi 27 ildi qoruyub saxlayırdı... Və indi o açarın sahib olduğu qapını açmaq zamanı yetişmişdi...

 

***

 

Sentyabrın 27-si Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun vətən uğrunda savaşı ilə yazılmağa başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı Qarabağdan asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi. Yaşından, başından, pulundan, dünyagörüşündən, yaşadığı bölgədən asılı olmayaraq hamı bu xəbəri ayaq üstə qarşıladı. 30 illik Vətən həsrətinin sona yetəcəyi sevinci, xoşbəxtliyi bütün xalqı səfərbər etdi. Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da haqq savaşı uğrunda bir oldu, birlik oldu.

Ön cəbhədə vuruşan mərd oğullarımızın qələbə sorağı gəldikcə, arxa cəbhədə insanların əsgərlərimizə olan dəstəyi də durmadan artdı. Bütün ölkəni qələbə əhvali-ruhiyyəsi bürüdü, küçələr, binalar, avtomobillər Azərbaycan və qardaş Türkiyənin ay-ulduzlu qoşa bayraqlarıyla bəzəndi.

Dövlət xalq, xalq dövlət bir oldu, barmaqlar bir yumruqda birləşib düşmənin başına endirilən zərbəyə çevrildi. Siyasi düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Ali Baş Komandanın "Qarabağ Azərbaycandır” vurğusuna "İrəli” deməklə dəstək verdi. Vətən torpaqlarımızı düşməndən azad etmək eşqiylə coşan xalqın cəsur övladları gəncindən, yaşlısından, qazisindən asılı olmayaraq, orduya getmək, düşmənə layiq olduğu cavabı vermək üçün can atdı.

Ürəyi vətənlə döyünən həkimlərimiz, tibb işçilərimiz hərbçilərimizə can vermək, həyatlarını xilas etmək üçün cəbhə bölgəsinə yollandı.

Xalqımızın vətənpərvər oğul və qızları Azərbaycan Ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə növbəyə düzüldü.

Hər kəs bacardığı qədər, imkanı daxilində orduya, əsgərə dəstək göstərməyə, bacardığı köməyi etməyə, haqq savaşına bir qatqı verməyə tələsdi.

Cəbhəyə maşınlarla dolu əsgər payı göndərildi. Kimi şirniyyat bişirdi, kimi çörəkarası kotlet hazırladı. Bir müəllim şagirdləri ilə birlikdə yol qırağında kabab çəkib döyüşə gedən əsgərlərə payladı. Yaralı döyüşçülərə ilkin və zəruri yardım etmək üçün xəstəxanada ehtiyac duyulan tibbi ləvazimatlar tədarük edildi.

 

Damarlarında Azərbaycan qanı axan hər kəs maddi imkanı çatdığı qədər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdü. Milyonlarla vəsait köçürən də oldu, torpaq sahəsini satıb o pulu ianə edən də. Hətta özünün ehtiyacı olduğu təqdirdə son vəsaitini əsgərlərdən əsirgəməyənlər də...

 

Türkiyədə Şəkər fabrikinin fəhləsinin 12 yaşlı qızı Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərdi. 7-ci sinif şagirdi İsranur məktubda Azərbaycanı çox sevdiyini, planşet almaq üçün yığdığı pulu Azərbaycan Silahlı Qüvvələrinə verdiyini yazdı.

 

Şəkinin Baş Küngüt kəndindən olan Hikmət Musayevin təqaüdündən ordumuz üçün 180 manat köçürməsi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Hikmət babanın özününsosial vəziyyətinin o qədər yaxşı olmaması, köhnə ayaqqabı geyinməsinə baxmayaraq, təqaüdünü əsgərlərə köçürməsi hər kəsi duyğulandırdı. "Balalarımız düşmən əsarətinə düşməsin deyə, ordumuza dəstək məqsədilə pulu ödəmişəm. İndi birinci sinfə gedən balalarımız üçün bu pulu köçürmüşəm - deyən Hikmət baba həm də cəbhəyə getməyə hazır olduğunu bildirdi.

 

Televiziya vasitəsilə qızının ad gününü təbrik edən hərbçimizin Şəkidə yaşayan ailəsini bir qrup vətənpərvər gənc axtarıb tapdı. Qızcığazın doğum gününü təbrik edib, ona hədiyyələr verdilər.

 

85 yaşlı Ağdam sakini Laçın nənə ömrünün ahıl çağında yenidən tikiş maşınının arxasına keçdi. Bu dəfə bayraq tikmək üçün... Tikdiyi bayrağın Şuşada dalğalanacağı ümidi, inamı ilə...

 

Paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna çoxsaylı dəstək aksiyaları da keçirilir. Onlardan ən geniş vüsət alanı şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktub-yazma aksiyasıdır. Məktublarda Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu, ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.

Azərbaycan haqq savaşına qalxdığı gündən cəmiyyətdə belə nümunələrdən çox deyilir, göstərilir, yazılır. Bunların hamısı bizim necə böyük xalq olduğumuzun, əsgərə, orduya sonsuz sevgi, hörmət və dəstəyimizin, vətəndaşların Prezidentlə həmrəy olduğunun göstəricisidir. Azərbaycanın müzəffər ordusu Qarabağda əks-hücum əməliyyatlarını genişləndirdikcə, rəşadətli əsgərlərimiz torpaqları işğaldan azad etdikcə Vətənimiz daha gözəl, millətimiz daha qürurlu, dövlətimiz daha qüdrətli, yenilməz olur...

Bu gün istər əsgər, zabit, istər həkim, müəllim, jurnalist, istərsə də biznesmen, siyasətçi olsun, kiçiyindən böyüyünə kimi hər kəs Qarabağ uğrunda mübarizəyə qalxıb.

Bu gün Qarabağ müharibəsi həqiqi mənada Vətən savaşıdır. Azərbaycanın hansı bölgəsində doğulmasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlı üçün vətən Qarabağdan başlayır.

 

İndi hamı qarabağlıdır...

İndi hər yer Qarabağdır...

 

İndi hər kəs əsgərdir. Hər kəs öz cəbhəsində bir amal uğrunda savaşır - cənnət Qarabağa yenidən qovuşmaq, üçrəngli bayrağımızı yağı tapdağından xilas edəcəyimiz yurdlarımızda dalğalandırmaq üçün...

 

Qarabağ hamımızındır!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 9 oktyabr.- S.6.