Yolun açıq olsun, Azərbaycan əsgəri!

 

Gənclərimiz könüllü olaraq döyüşə getməyi özlərinə şərəf bilirlər

 

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz nəinki Azərbaycanın, dünyanın da hərb tarixinə yeni səhifələr yazır. Sentyabrın 27-dən başlayaraq erməni işğalçıları üzərində qazanılan qələbələr hər bir vətəndaşımızda qürur hissi doğurur. Minlərlə gəncimiz könüllü olaraq torpaqlarımız uğrunda vuruşmağı özlərinə şərəf bilir. Müharibə başlayan ilk gündən vətənpərvər gənclər könüllü olaraq döyüşlərə yollanırlar. Bu indiuğurla davam edir. Çox böyük istəklə döyüşə yollananlardan biri də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini, 22 yaşına yenicə qədəm qoymuş Məhəmməd İbayevdir. O, özünün dediyi kimi, Milli Ordunun tərkibində Goranboy istiqamətində xidmət edib, topçu olub:

 

- Hələ hərbi xidmətdə olanda ermənilərin təxribatlarının canlı şahidi olmuşam, onların insanlığa sığmayan və dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşilikləri, vandalizm hərəkətlərini danışmaqla qurtaran deyil. İki il bundan əvvəl hərbi xidmətdən tərxis olunanda əsgər yoldaşlarımla bir-birimizə söz vermişdik: əgər erməni terrorçularına qarşı müharibə olsa, mütləq hamımız bir nəfər kimi döyüşlərə getməliyik. Mənim bu istəyim ailəmizdə ilk anda narahatlıq yaratsa da, sonradan atam da, anam da fikrimə tam dəstək oldular.

O, atası Azəri, anası Svetlana xanımı təqdim edərək bildirdi ki, valideynlərimin, ailə üzvlərimin qarşısında and içmişəm, eləcə də sizinburada hamının hüzurunda deyirəm, işğal altındakı torpaqlarımızdan erməniləri son nəfərinə kimi qovanadək onlarla vuruşacağam, Milli Orduda xitmətdə olduğum günlərdən bu istəkdə olmuşam. Çox sevinirəm ki, "Qarabağ Azərbaycandır!” deyən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin bu müqəddəs fikirlərinin dəstəkçisi kimi könüllü surətdə döyüşlərə gedirəm.

Məhəmmədin yaxınlığında dayanan sarışın gəncin onu yola salmağa gələnlərdən biri hesab etdik. Amma sən demə, yanılmışdıq. Tanış oluruq: Məhəmmədin həmyaşıdı, qəsəbədə qonşu məhəllədə - Natavan küçəsi 8, mənzil 18-də yaşayan Andrey Antonov milliyyətcə rusdur. Azərbaycan dilində elə özümüz kimi mükəmməl danışa bilir:

 

- Mən Azərbaycan torpaqlarının erməni terrorçularından azad edilməsində iştirak etməyi özümə mənəvi borc bilirəm. Qarabağ tərəflərə yaxşı bələdəm, Milli Ordu sıralarında Tərtərdə hərbi xidmətdə olmuşam. Çox istərdim ki, elə könüllü olaraq məni Tərtər istiqamətinə, ön cəbhəyə döyüşməyə göndərsinlər.

 

Andreyin atası Dmitri Vyaçeslaviçin dediklərindən:

 

- Milliyyətcə rusam, Bakıda anadan olmuşam, amma özümü azərbaycanlı sanmışam, ətraf qonşularımız azərbaycanlılar olublar. Həmişə onlardan hörmət və mehribanlıq görmüşük, Özüm də, ailəm də demək olar ki, azərbaycanlıların ailə-məişət qaydaları ilə yaşayırıq. Çoxlu rus tanışlarım var, onlar da Azərbaycanın haqq işi uğrunda terrorçu, işğalçı Ermənistana qarşı apardığı müharibəni ürəkdən dəstəkləyirlər. Bu barədə dəfələrlə Moskva və Bakıdakı aidiyyəti qurumlara məktublar yazmışam. Çox sevinirəm ki, oğlum Andrey adamı olsa da, işini-gücünü atıb böyük həvəslə müharibəyə - Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etməyə gedir. Onunla birlikdə cəbhəyə yollanan bütün gənclərə döyüşkənlik və zəfərlər arzulayıram. Qələbə bizimlədir!

Döyüşlərə qatılmaq istəyən könüllülər arasında anası ilə söhbət edən Əkbər adlı gənclə də tanış oluruq. O, 5 il bundan öncə Milli Ordu sıralarından tərxis edilib. Bərdə istiqamətində əsgəri xidmətdə olub. Çox sevinir ki, Azərbaycanın apardığı haqq işi uğrunda ədalətli müharibənin iştirakçısı olacaq. İstəyir ki, lap ön cəbhədə Ermənistan silahlıları ilə qarşı-qarşıya keçirilən döyüşlərdə iştirak etsin. Çağırışçı gənclərin hərbi xidmətə böyük həvəslə getmələri həm də ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilir.

 

Əkbərin anası Mətanət İbadova deyir:

 

- Oğlum ticarət sahəsində işləyir. 5 il əvvəl hərbi xidmətdən qayıdıb. Amma erməni terrorçularının xalqımıza qarşı törətdiyi qətliamlar, vəhşiliklər onu rahat buraxmır. Odur ki, hələ iyul ayında könüllü kimi hərbi çağırışda qeydiyyatdan keçib. İndi yüzlərlə həmyaşıdı kimi, o da Dağlıq Qarabağı erməni işğalçılarından azad etməyə gedir. Bir ana kimi buna sevinirəm... düzdür, həyəcanlıyam, narahatam. Amma bütün anaların içindən gələn bir istəklə cəbhədə döyüşən əsgərlərimizə, zabitlərimizə qələbələr arzulayıram. Torpaqlarımızı tezliklə erməni işğalçılarından azad edib sağ-salamat öz evlərinə dönsünlər.

Böyük izdiham içərisində yüksək səslə "Qarabağ Azərbaycandır!” deyən, cəbhəyə gedəcəkləri sevinci ətrafındakılarla bölüşmək istəyən gənclərdən əslən Füzulidən olan Pərviz Mürşüdzadə, onun qohumu Mürşüd Mürşüdzadə, Vaqif Əlizadə, Bəşir Mehdixan, Seymur Baxşəliyev və digərləri ilə də həmsöhbət oluruq. Hiss olunur ki, cəbhəyə könüllü gedən gənclərin hamısının amalı, arzusu müharibədə igidliklə vuruşmaq, ən nəhayət, Ermənistanın terrorçu və işğalçı qoşun birləşmələrini məhv edərək, sağ qalanları gəldikləri yerlərə qovmaqdır.

"Qarabağ Azərbaycandır! Bizim olacaq!” mahnısının sədaları altında könüllüləri cəbhəyə yola salan iştirakçılar kimi, biz də gənclərə uğurlu döyüş əməliyyatları və qələbə arzulayıb onlardan ayrılırıq.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 9 oktyabr.- S.7.