Başımıza mərmilər
yağsa da…
Neçə gündür ki, düşmən artilleriyası susmaq bilmir. Ermənistan silahlı qüvvələri kəndlərimizi atəşə tutmaqda davam edir. Atılan mərmilər kəndlərimizi, yaşayış məntəqələrini dağıtsa da, evimizi başımıza uçurtsa da, bir zərrə sarsılmırıq. Hər gün cəbhədən aldığımız qələbə soraqlı şad xəbərlər, şanlı ordumuzun zəfər yürüşü bizə qol-qanad verir.
Otuz il bu günü gözləmişik. Otuz il xəcalətli yaşamışıq, ürəkdən gülə bilməmişik. Şükürlər olsun Allahın bu gününə. Hamının üzü gülür. Yolda, küçədə rastlaşanlar bir-birini təbrik edir, gözaydınlığı verir.
Ağdama qovuşacağımız günə qurbanlar demişik. Amma istəyimiz bütöv Qarabağın azadlığıdır. Səbirsizliklə üçrəngli müqəddəs bayrağımızın Şuşada, Laçında, Xankəndidə, Füzulidə, şanlı ordumuzun işğaldan azad edəcəyi bütün kənd və şəhərlərdə dalğalanacağı günü gözləyirik. O günün tezliklə gələcəyinə inamımız çox böyükdür. Bu inam Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətindən, qüdrətli sərkərdə bacarığından və hər gün bizə yeni əraziləri işğadan azad etməklə sonsuz sevinc bəxş edən qəhrəman Azərbaycan əsgərinin zəfər yürüşündən qaynaqlanır.
Bu gün başımıza mərmilər yağsa da, əlimiz işdən-gücdən soyumur. Camaatımız təsərrüfat işlərini daha inamla davam etdirirlər. Ağ örpəkli pambıq tarlalarında məhsul yığımı zərbəçi ahəng alıb. Taxıl səpini davam etdirilir. Heyvandarlar əzmlə çalışırlar. Yaxşı bilirik ki, əmək meydanında gördüyümüz işlər həm də döyüşən, inamla irəliləyən ordumuz üçün lazımdır.
Şükür MİRZƏYEV,
Ağdam rayonu,
İmamqulubəyli
kəndinin sakini
Azərbaycan.-2020.- 9 oktyabr.- S.8.