Ordumuzun qələbələrini
qürur və fərəhlə
qarşılayırıq
Rəşadətli ordumuzun azğın düşmənə sarsıdıcı zərbələr vuraraq onu ağır məğlubiyyətlərə uğratması və bütün cəbhə boyu qələbə yürüşünü davam etdirməsi xalqımızla birlikdə biz lənkəranlıları da ürəkdən sevindirir.
Rayonumuzun sakinləri bu şanlı qələbələrdən qürurlanır, fərəh hissi keçirirlər. Fəxr edirlər ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə güclənib qüdrətli orduya çevrilmiş Silahlı Qüvvələrimiz erməni faşistlərini darmadağın edərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir.
Qürur duyuruq ki, ordumuzun sıralarında lənkəranlı gənclər də Vətənə məhəbbət, dövlətə sədaqət və düşmənə nifrət hissi ilə vuruşurlar. Bu gün hər bir lənkəranlı Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə cəbhəyə getməyə, azğın düşmənlə döyüşməyə, lazım gələrsə, şəhid olmağa hazırdır.
Biz Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı hər bir rəsmi məlumatı diqqətlə izləyirik. Xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəhrəman ordumuzun qazandığı qələbələr, düşmən ordusuna, onun mənfur əsgərinə, hərbi texnikasına vurduğu dağıdıcı zərbələr, onlarca yaşayış məskənimizin, bərəkətli torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ürəkaçan, xoş müjdəli paylaşımlarını, dövlət başçısının müsahibələrində qətiyyətli bəyanatlarını qürurla, fəxrlə qarşılayırıq.
Prezidentin qətiyyətli mövqeyi hamımıza ruh verir, xalqımızı qələbəyə inandırır. Biz bu qəti mövqeyi ürəkdən bəyənirik, müdafiə edirik. İnanırıq ki, Qarabağ problemi dövlət başçısının polad iradəsi, qəhrəman Azərbaycan əsgərinin əzmi və xalqımızın maddi-mənəvi dəstəyi ilə ən yaxın vaxtlarda birdəfəlik həll ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq, məcburu köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaq, işğaldan azad olunacaq yerlərdə həyat yenidən qaynayacaq, şəhərlərimiz, kəndlərimiz yenidən tikiləcək, abadlaşacaq, ölkəmiz dinc inkişaf yolunu davam etdirərək sivil dövlətlər cərgəsində şərəfli yerini tutacaqdır.
Bilirik ki, bu gün cəbhədə bizə qarşı döyüşən qondarma qurumun hərbi qüvvələri deyil, ümumiyyətlə, belə bir ordu heç mövcud da deyil. Bizə qarşı döyüşən Ermənistanın ordusu, eyni zamanda xaricdən gətirilən qanunsuz silahlılardır ki, onlar da qəhrəman ordumuzun qabağından silahlarını, hərbi texnikalarını da qoyub qaçırlar. Ermənistan iqtisadi cəhətdən iflasa, mənəvi cəhətdən deqradasiyaya uğramışdır. Bizim cənnət-məkan ərazilərimiz, gözəl Qarabağımız Ermənistanın işğalında qala bilməz. Qarabağ heç vaxt Ermənistan olmayıb. Qarabağ Azərbaycandır!
Ələkbər
ƏLİYEV,
Lənkəran
şəhər sakini,
Milli Qəhrəman atası
Azərbaycan.-2020.- 9 oktyabr.- S.8.