Erməni
işğalçıları indi də mülki-strateji obyektləri vururlar
BTC-ni hədəfə
almaq odla oynamaq deməkdir
Ermənistan son aylar yenidən ardıcıllıqla, özü də müxtəlif istiqamətlərdə, ayrı-ayrı bölgələrdə təxribat törətməkdə bir sıra məqsədlər güdür. Əlbəttə ki, ilk növbədə, onların planı Azərbaycan torpaqlarının işğalıdır və bunu açıq-aydın deyirlər. Hətta bizi yeni ərazilərimizi işğal edəcəkləri ilə hədələyir, vahiməyə salmaq istəyirdilər. Təbii ki, Azərbaycanı belə sözlərlə qorxuya salmaq mümkün deyil. Çünki onların bu yalançı "qəhrəmanlığı”na, şər-böhtanla yoğrulmuş siyasətinə, lovğalıq dolu xislətinə çoxdan bələdik.
Ermənistan rəhbərliyi həmçinin ölkəsində hökm sürən sosial-iqtisadi, eləcə də siyasi problemlərdən əhalinin diqqətini yayındırmaq istəyir. Belə olan halda adamların fikrini "düşmən”ə, yəni Azərbaycana yönəltməyi çıxış yollarından biri sayır.
Ermənistan iqtisadiyyatı çöküb. Burada yoxsulluğun səviyyəsi 24 faizi ötür. Xatırladaq ki, Azərbaycanda bu göstərici 4,8 faizdir. Fərqi izah, şərh etməyə ehtiyac yoxdur. İşğalçılıq siyasəti ilə məşğul olan qonşu respublika öz vətəndaşlarının rifah halı üçün heç bir tədbir görmür. Elə bu səbəbdən də Ermənistan boşalır, yəni əhali dəstə-dəstə baş götürüb başqa ölkələrə üz tutur.
İş o yerə çatıb ki, Ermənistan rəhbərliyi gətirib özgə torpağında urvatsız ölümünə bais olduğu əsgərin ailəsinə də heç bir kömək göstərmir. Azərbaycanda isə şəhidlərin xatirəsi daim uca tutulur, onların ailələri, eləcə də döyüşlərdə sağlamlığını itirmiş, əlillik qazanmış insanlar dövlət qayğısı ilə əhatə olunublar. Keçən il ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil verilib. Bütövlükdə bu kateqoriyadan olan insanlara indiyədək 7590 mənzil təqdim olunub. Ermənistanda isə belə bir proqram ümumiyyətlə mövcud deyil. Bu il sentyabrın 30-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşərkən Prezident İlham Əliyev demişdir: "Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır”.
Ermənistan həmçinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələrdən kənarda qalıb. Belə ki, neft, qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri həmin ölkədən yan keçir. Bu xətlərin ərazilərindən keçdiyi ölkələrə böyük mənfəətlər gətirdiyini nəzərə alsaq, onlardan kənarda qalmasının Ermənistana necə böyük zərbə olduğu bir daha aydın görünər. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri bütün regiona xeyir-bərəkət gətirir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalar ildən-ilə artır. Ölkəmiz "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətini getdikcə genişləndirir. "Cənub qaz dəhlizi” kimi nəhəng layihə artıq sona çatmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq.
Ermənistan əsrlər boyu qonşuları ilə düşmənçilik etdiyi, münasibətlərini əməkdaşlıq, dostluq əsasında qurmağa qadir olmadığı üçün bu və ya digər layihələrin heç birinə yaxın buraxılmadı. Bu ölkəni həm də paxıllıq, mənfi mənada həsəd hissi bürüyüb. Bir sözlə, Ermənistanın gözü Azərbaycanı heç bir sahədə götürmür. Torpaqlarımızı işğal etdiyi, uzun illərdir təxribatlar törətdiyi, dinc əhaliyə qarşı soyqırımı həyata keçirdiyi azmış kimi indi də mülki-strateji obyektlərimizə göz dikib, onları hədəfə alır.
"Əl-Ərəbiyyə” televiziya kanalının Prezident İlham Əliyevlə müsahibəsində verilən suallardan biri də məhz bu mövzu idi. Müxbir TANAP-ın, Bakı-Tbilisi-Ceyhan kəmərinin adlarını çəkərək soruşmuşdur ki, Tovuza hücum zamanı hədəfdə enerji təhlükəsizliyini zəiflətmək ola bilərdimi? Dövlətimizin başçısı suala belə cavab vermişdir: "Bəli, təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal neft-qaz terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun məqsədi də o idi ki, onlar test edirlər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi. Ancaq bu alınmayanda geri çəkildilər”.
Düşmən Mingəçevir İES-i, BTC-ni və digər mülki-strateji obyektləri hədəfə alır. Bu günlərdə erməni terrorçu və vandallarının atdığı mərmilərdən biri BTC yaxınlığına düşüb. Görəsən, Ermənistan necə böyük odla oynadığını nə vaxt dərk edəcək?.. Məqsəd yenə də aydındır. Azərbaycan torpağını oda qalamaq, ölkəmizə maddi zərbə vurmaq, sözügedən layihələrdəki tərəfdaşlarımızla münasibətlərimizi pozmaq, dünyadakı imicimizə xələl gətirmək...
Lakin Ermənistanın bu cəhdləri baş tutmayacaq. Üzdəniraq işğalçılıq, terrorçuluq siyasətində məğlub olacaq, tutduğu yola görə hələ çox peşmançılıqlar yaşayacaq. Ermənistan öz hədəflərinə çatmayacaq! Çünki Azərbaycan haqq yolunda, haqq savaşındadır!
Flora SADIQLI
Azərbaycan.-2020.- 9 oktyabr.- S.8.