Lənkəranlı dərzi bayraq tikib təmənnasız
cəbhəyə göndərir
Lənkəranda yaşayan dərzinin dövlət bayrağımızı təmənnasız tikərək cəbhə bölgəsinə göndərməsi ötən gündən sosial şəbəkələrin gündəminə çevrilib. AZƏRTAC-ın müxbiri bu vətənpərvər dərzi ilə görüşüb, onunla həmsöhbət olub.
Sentyabrın 27-dən başlayaraq cəbhə xəttində düşmən təxribatına layiqli cavab verən Azərbaycan əsgərinin hər gün qazandığı yeni zəfərlər xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bu münasibətlə ölkəmizin hər yerində orduya dəstək aksiyaları nümayiş etdirilir. Arxa cəbhədə olan hər kəs "hər şey Vətən üçün” deyərək, bu ümummilli işə az da olsa, öz dəstəyini vermək istəyir. Xəbərimizin qəhrəmanı Lənkəranın Kərgəlan kəndində dərzi işləyən Mehman Bayramov da belə vətənpərvər insanlardan biridir. 56 yaşı olan Mehman usta 35 ildir doğulduğu bu kənddə dərzi işləyir. Müharibə başlayandan dövlət bayrağımızı təmənnasız tikərək yerli əhaliyə paylayır, həmçinin cəbhəyə göndərir.
"Əvvəllər icra nümayəndəsinin, bələdiyyələrin və dövlət qurumlarının sifarişi ilə bayraqlar tikirdim. Sifarişlər ən çox seçkilər ərəfəsində olurdu. Düzdür, o vaxt ödənişlə iş görsəm də, indi vəziyyət fərqlidir. Söhbət torpaqlarımızın azad olunmasından gedir. Belə vəziyyətdə bayrağı necə pulla satmaq olar? Bizim xalq qeyrətli və cəsur xalqdır. Bu işə öz təşəbbüsümlə başlamışam və könüllü olaraq üçrəngli bayrağımızı tikib cəbhəyə göndərirəm”, - deyə vətənpərvər dərzi bildirib.
Bu günə kimi 50-dən çox bayraq tikərək cəbhəyə göndərən dərzi gördüyü işlə fəxarət hissi keçirir. Cəbhə bölgəsində olan əsgərlərimizə yardım aparan gənclər bayraqlar sifariş etmək üçün ona müraciət edir, o da işin əvəzində pul götürmür. Mehman usta deyir ki, bayrağımızın dəyəri pul ilə ölçülmür. Hazırda yeganə oğlunun da orduda könüllü vuruşduğunu deyən dərzi tezliklə bu bayraqların Qarabağda dalğalanacağına əmindir.
Dərzi Mehman Bayramov deyib: "Ordumuz hər gün zəfərlər qazanır, yeni tarix yazır. Xoşbəxtəm ki, oğlum da ön cəbhədədir. Könüllü xidmətə yollanıb, düşmənlə vuruşur. Azərbaycan Ordusu Şuşaya bayraq sancsın, oğlumun və əsgərlərimizin ayağı altında qurban kəsəcəyəm. Tikdiyim bayraqlardan orada da insanlarımıza paylayacağam”.
Arzun çin olsun,
Mehman usta. Tikdiyin bu üçrəngli bayraqlar,
əlbəttə, rəşadətli
ordumuzun gücü və qüdrəti sayəsində Qarabağımızın
hər bölgəsində
dalğalanacaq! Allah
bu bayraq uğrunda canından keçən şəhidlərimizə
rəhmət eləsin!
Azərbaycan.-2020.- 9 oktyabr.- S.8.