Əkinçilər də Dədə Qorqud nəsihətinə sadiqdirlər

 

 

Anarın ssenari müəllifi olduğu eyniadlı filmdə Dədə Qorqudun "Torpağı əkmirsənsə qorumağa, qorumursansa əkməyə dəyməz” nəsihəti sanki Vətən müharibəsi getdiyi bu günlər üçün deyilib. Eləcə də Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da bu gün özünü təsdiqləyir. İmzalanan böyük layihələr, həyata keçirilən mühüm islahatlar, tədbirlər olmasaydı, ölkəmiz bu qədər qüdrətli və qüvvətli olmazdı.

İqtisadi inkişaf nəticəsində bu gün ən müasir silahlarla, texniki avadanlıqlarla təchiz olunmuş ordumuz var. Rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində bir-birinin ardınca gələn qələbə xəbərləri xalqımızı, qəlbi bizimlə olan dostlarımızı sevindirir.

Düşmənlə döyüş apardığımız hazırkı şəraitdə ölkəmizdə hər kəs haqq davamıza öz payını, töhfəsini vermək ruhu ilə çalışır. Hər bir fermer, torpaq mülkiyyətçisi yetişdirdiyi pambığı, üzümü, çayı, meyvəni və digər kənd təsərrüfatı məhsullarını tezitkisiz yığmağa səy göstərir, eyni zamanda payızlıq taxıl əkini aparmaq üçün sahələrə çıxır, torpağa toxum səpirlər. Heyvandarlar mal-qaranı qışdan sağlamgümrah çıxarmaq üçün çalışırlar.

Payızın bu günləri Salyanda kənd təsərrüfatı işçilərinin əli bir an da olsun işdən soyumur, əksinə, onlar ölkəmizin iqtisadi qüdrətinin zəifləməməsi, ordumuzun daha da güclü olması üçün var qüvvələrini sərf edirlər. Yetişdirilən pambığı, üzümü vaxtında və itkisiz toplamaq məqsədilə gün çıxandan axşam düşənədək sahələrdə və bağlarda çalışırlar.

Bu il rayonda 5 min hektarda pambıq əkilmişdir ki, onun da 2 min 160 hektarı "MKT-İK”, 2 min 150 hektarı "P-Aqro” MMC və 700 hektarı "AzərPambıq” şirkətinin filiallarının payına düşür. Həmin filialların fermertorpaq mülkiyyətçilərinə yaxından köməyi nəticəsində sahələrdə bol məhsul yetişdirilir. Gərgin zəhmət bahasına başa gələn məhsulu toplamaq üçün hər gün tarlalara 1000 nəfərə yaxın işçi çıxır.

Salyanda eyni zamanda dadlı süfrə üzümü yetişdirilir. Yenikənd, Xələc, Kürsəngi kəndlərinin əhalisi əsasən bu işlə məşğuldur. Onlar yetişdirdikləri neməti Bakıya, Sumqayıta və digər şəhərlərə göndərirlər.

Bu günlər gələn ilin məhsulu üçün taxıl və yonca toxumu səpilir. Bu payız Salyanın ayrı-ayrı kəndlərindəki fermertorpaq mülkiyyətçiləri tərəfindən 17 min hektarda taxıl, o cümlədən 11 min hektarda arpa, 6 min hektarda buğda, onlardan başqa, 2 min hektarda yonca əkiləcək. Nəzərdə tutulmuş sahələrin hamısında şum qaldırılmışdır. Əkin üçün kifayət qədər "Qarabağ-12”, "Qarabağ-33” növlü arpa, "Qobustan” və "Taleh-38” növlü buğda, keyfiyyətli yonca toxumları, habelə toxumla birlikdə torpağa verilən ammofos gübrəsi tədarük edilmişdir. Səpində istifadə olunan 450 texnikanın hamısı hazır vəziyyətə gətirilmişdir.

Lənkəranlılar da əllərindən gələni edirlər ki, ölkəmizin iqtisadi qüdrəti zəifləməsin. Rayonda çəltik, çay, sitrus meyvələrinin yığımı gündən-günə sürətlənir, hər gün 10 tonlarla məhsul tədarük olunur.

Hazırda çay yığımının qızğın vaxtıdır. Çayçılar bu mövsüm bol məhsul yetişdirmişlər. Çəltikçilik də bölgə üçün ənənəvi bitki sayılır. Bu il rayonda 731 hektar sahədə çəltik əkilmişdir. Çəltik biçinibaşa çatmaq üzrədir. Rayondakı sitrus meyvə bağlarında bu il yüksək məhsul gözlənilir. İndiyədək həmin bağlardan tonlarla feyxoa, naringi, limon tədarük edilmişdir. Bu məhsulların müəyyən hissəsi xarici bazarlara göndərilir, qalanı isə yerli bazarlarda satılır. Bunlarla yanaşı, üzüm yığımı da başa çatır. Şumu qaldırılmış 760 hektarda isə gələn il çiyələk, tərəvəz və digər kənd təsərrüfatı məhsulları əkiləcək.

Bu gün onlarca lerikli gənc torpaqlarımızın geri alınması uğrunda gedən mübarizənin ön cərgələrindədir. Rayon əhalisi isə əmək cəbhəsində əzmlə çalışır. Onların hər biri ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə çalışır.

Fermerlər və torpaq mülkiyyətçiləri cari ildə əkib-becərdikləri sahələrdən 6 min 202 ton buğda, 155 ton arpa, 239 tondan çox çovdar, 375 ton dənli və dənli-paxlalı bitki məhsulları, 18 min 513 ton kartof, 90 ton qarğıdalı, 4 min 141 ton tərəvəz, 421 ton yem bitkiləri əldə etməyə nail olmuşlar. Cari il həmçinin rayonda 11,2 ton yaşıl tütün yarpağı yığılaraq Yardımlı rayonundakı "Dəniz-2010” MMC-yə təhvil verilmişdir ki, bu da orta hesabla 1300 kiloqram quru tütün deməkdir.

Cənub bölgəsinin digər rayonlarında - Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Astarada da əhali əzmkarlıq göstərərək ordumuzun tezliklə zəfər çalması üçün əlindən gələni əsirgəmir.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 9 oktyabr.- S.8.