Azərbaycan Ordusunun
xilaskarlıq missiyası
Ali Baş Komandanımızın rəhbərliyi
ilə Silahlı Qüvvələrimizin Qarabağda
həyata keçirdiyi əks-hücum əməliyyatları
erməni xalqını da 30 ildir yaşadığı səfalətdən,
rəzalətdən qurtaracaq
Ermənistanın sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti təxribatın nəticəsi olaraq başlanan hərbi əməliyyatlar işğal altındakı torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Tərtər, Cəbrayıl, Füzuli rayonlarının 30 ilə yaxındır ki, işğal altında olan yaşayış məntəqələri, Hadrut qəsəbəsi düşməndən azad edildi.
İşğalçının Qarabağdakı hərbi gücü məhv edilib
Hərbi əməliyyatlar isə dayanmayıb. Çünki humaninar atəşkəs barədə razılığa gəlinsə də, ilk dəqiqələrdən Ermənistan buna əməl etmədi. Bu baxımdan düşmənin razılaşmalara və şərtlərə əməl etməyəcəyi təqdirdə Azərbaycan Ordusunun növbəti yaşayış məntəqələrini işğaldan azad edəcəyi istisna deyil. Bundan sonra baş verəcək döyüş əməliyyatlarında isə Azərbaycan Ordusunun irəliləməsi daha sürətlə baş verəcək. Builk növbədə ordusunun əsas hissəsini işğal olunmuş Dağlıq Qarabağda yerləşdirmiş Ermənistanın hərbi imkanlarının böyük hissəsinin 10 gün ərzində məhv edilməsi ilə bağlıdır. Belə ki, son 3 günü də nəzərə alsaq işğalçı ordunun bu döyüşlərdə 16 komanda məntəqəsi, 210-dan artıq tankı, 40-dan artıq BM-21, 1 "Uraqan”, 13 özüyeriyən artilleriya qurğusu, 36 PDM-i, 24 artilleriya batareyası, 2 "S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 "Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 4 radiolokasiya stansiyası və daha neçə-neçə hərbi texnikası məhv edilib.
Onu da qeyd edək ki, iki həftə ərzində Ermənistan ordusu Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin 80 faizini itirib. Xüsusilə qeyd edilməlidir ki, ermənilərin S-300 komplekslərinin yerləşmə rayonları uğurla müəyyənləşdirilərək məhv edilib. Bu da Azərbaycana həmin regionda praktiki olaraq öz aviasiyasını zərbə altına atmaqdan ehtiyat etmədən sərbəst hərəkət etmək imkanı verir. Məhz bu səbəbdən ordumuzun pilotsuz uçan aparatları Qarabağdakı düşmən qüvvələrinin mövqelərinə rahat zərbələr endirə bilir.
İtirilən hərbi imkanların bərpa edilməsi isə Ermənistana baha başa gələcək. Bunun üçün həm uzun illər, həm də pul lazımdır. Bu o deməkdir ki, işğalçı siyasəti yürütməyə davam etsə, Ermənistanı gələcəkdə daha ağır iqtisadi şərait gözləyir.
Azad edilmiş kəndlər yenidən qurulacaq
Azərbaycan Ordusu tarixi missiyasını rəşadətlə yerinə yetirir. Artıq işğaldan azad olunan yaşayış məntəqələri üzrə əhalinin sayı da açıqlanıb. Füzuli rayonunun Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Yuxarı Güzdək, Gorazıllı kəndləri üzrə 13 min 743 nəfər, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəcəl, Şıxəli Ağalı, Sarıcalı, Məzrə, Süleymanlı, Əfəndilər, Qaracallı, Qışlaq kəndləri, o cümlədən Cəbrayıl şəhəri üzrə 43 min nəfərin doğma yurdu artıq işğal altında deyil. Yaxın vaxtlarda Cocuq Mərcanlı kimi bu yaşayış məskənləri də yenidən qurulacaq və oraların əsil sahibləri geri dönəcəklər.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, Dağlıq Qarabağdakı erməni əhalini də onilliklərdir qorxu içərisində saxlayır. İşğalçı dövlət özünü ermənilərin hamisi, qarantı kimi göstərsə də, əslində bu müharibə ermənilərə ağır sosial həyatdan başqa bir şey verməyib. Ermənistanın işğal olunmuş və beynəlxalq nəzarətdən kənarda qalan əraziləri cinayətkar yuvasına çevirməsi nəticəsində oradakı mülki əhali illərdir səksəkə içərisində yaşayır. Onlara Qarabağdan köçüb getməyə də imkan yaradılmır.
Azərbaycanın isə mülki ermənilərlə işi yoxdur. Bizim mübarizəmiz işğalçı dövlətlə, onun ordusu ilədir. Bu baxımdan ordumuzun uğurlu hərbi əməliyyatları həm də Dağlıq Qarabağda yaşayan erməniləri xilas edəcək. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatları erməniləri də 30 ildi yaşadıqları səfalətdən, rəzalətdən, qorxudan qurtaracaq.
İlham Əliyev informasiya məkanında da düşmənə sarsıdıcı zərbə vurur
Bu günlərdə Azərbaycanla Ermənistan arasında həm də informasiya müharibəsi gedir. İşğalçı dövlət əvvəlki dövrdə olduğu kimi, erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir. Lakin indi ötən əsrin 90-cı illərinin əvvəlləri deyil. Bu baxımdan Azərbaycan son iki həftədə düşmənin saxta informasiya cəbhəsini də darmadağın etdi. Hətta havadarları olan dövlətlərdə belə KİV-in saxta təbliğatı nəticəsiz qalır və ictimaiyyət onların yalan informasiyalarını qəbul etmir.
Ermənistana qarşı həm informasiya mübarizəsinin, həm də düşmənin saxta təbliğatının qarşısının alınması prosesinin önündə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev gəlir. Hərb meydanında olduğu kimi, informasiya məkanında da İlham Əliyev düşmənə sarsıdıcı zərbə vurur.
Xatırladaq ki, Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. Hələ 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.
Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində başlanan hərbi əməliyyatlar dövründə isə İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələrində münaqişənin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev Ermənistanın mövqeyini müdafiə edən KİV-in də suallarını cavablandırdı. Bu zaman dövlət başçısı təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla Azərbaycanın haqlı mövqeyini elə əsaslandırdı ki, ondan sonra erməni lobbisinin maraqlarına xidmət edən jurnalistin əlavə sual verməyə gücü çatmadı. Bununla da Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu.
Beləliklə, Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edir. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verdi. Ən əsası, İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 14 oktyabr.- S.1;7.