Onlar valideynlərini itirsələr də, kimsəsiz qalmadılar

 

 

Bir körpə düşünün… Gecə anasının ətrinə sığınıb, onun qoynunda dərin, şipşirin yuxuya dalan... Dünyanın ən təhlükəsiz, ən qorxusuz yerini məhz ana qucağı sayan fidan...

Bir körpə düşünün... Bəlkə heç ana südündən də tam kəsilmədiyi halda isti ana qucağından ayrı düşməyə məcbur qalan məsum qızcığaz...

Bir körpə düşünün... Ata-ana qayğısına, sevgisinə ən çox ehtiyac duyduğu çağında valideynlərini itirən, kimsəsiz qalan balaca uşaq...

Bir körpə düşünün… Erməni raketilə partladılmış evinin dağıntıları arasından xilas edilən, xəsarət alan, qorxu və ağrıdan, çığırmaqdan, ağlamaqdan ürəyi quş kimi çırpınan körpə... Xəstəxanada gözü ata-anasını, nənəsini axtarır, onlara sığınıb təskinlik tapmaq, anasının qoynuna girib sakitləşmək, özünü güvəndə hiss etmək istəyir. Amma yanında doğmalarından heç kimi görmür. Qalıb tək-tənha...

Bu qızcığazın adı Nilaydır. Oktyabrın 11-də Ermənistandan Gəncəyə atılan raket zərbəsindən dağılan binada yaşayırdı. Atası Adil Əliyev və nənəsi elə bu terror aktı baş verən gecə həlak oldu. Anası Günay Əliyeva isə cəmi bir gün xəstəxanada ölümlə həyat arasında mücadilə apara bildi. 28 yaşlı qadın reanimasiyada bircə gecə dözdü və oktyabrın 12-də əbədiyyətə qovuşdu... Beləcə, erməni raketinin atasız qoyduğu körpə həm də anasız qaldı...

 

***

 

Bir şəkil təsəvvür edin... Erməni vəhşilərinin Gəncədə törətdikləri soyqırımın, dinc əhaliyə qarşı törətdikləri qətliamın, terror aktının acı və real mənzərəsi, xain düşmənin içüzü...

Bir şəkil təsəvvür edin... Öndə ata-anasının qara çərçivəyə salınmış fotosunu aparan çarəsiz yeniyetmə qızın və bu ağır itkiyə dözməyib ağlayan azyaşlı oğlanın şəkli...

Bir şəkil təsəvvür edin... Gecə yatdıqları yerdə düşmən zərbəsilə qətlə yetirilən valideynlərini son mənzilə yola salan övladların kədərli görüntüsü...

16 yaşlı Sevil ilə 8 yaşlı qardaşı Hüseynin valideynləri AnarNurçin Əliyevlər erməni faşistlərinin Gəncəyə atdıqları raket hücumu nəticəsində həlak olublar. Xain düşmən zərbəsilə daha bir ailə yarım qalıb, daha bir ocaq sönüb. Bu uşaqlar tək valideynlərini yox, həm də bu həyatda ən böyük arxa-dayaqlarını, güvən yerlərini, qayğısız uşaqlıqlarını, atalı-analı arzularını, xəyallarını da itiriblər...

"Gəncəyə olunan raket hücumu nəticəsində hər iki valideynini itirmiş bu məsum uşaqların gözlərində çox böyük bir acı var”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz "Twitter” hesabında Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan bu uşaqlarla bağlı paylaşımında qeyd edib.

Bəli, bu uşaqların gözlərində acı, kədər, çarəsizlik gizlənib. Bu uşaqların üzlərində müharibəyə, mənfur düşmənə nifrət yazılıb. Amma bu uşaqların simasında həm də dözüm, əyilməzlik, məğrurluq var. Çünki bilirlər - ata-analarının, şəhidlərin qanı yerdə qalmayacaq, Azərbaycan Ordusu yeni-yeni qələbələrlə düşməndən qisas alacaq. İnanırlar ki, valideynlərini itirsələr də, xalq onları tək qoymayacaq, sahib çıxacaq.

Erməni faşistləri hər zaman olduğu kimi, bu dəfə də "güclərini” günahsız insanlara göstərməyə çalışdılar. Mülki əhaliyə qarşı terror aktı törətməklə xalqın gözünü qorxutmağa, inamını sarsıtmağa, döyüş, qələbə əzmini qırmağa, ruh düşkünlüyü yaratmağa cəhd etdilər. Amma hesaba almadılar ki, bu xain zərbələr aramıza nifaq salmaq əvəzinə, əksinə, xalqı bir-birinə daha da yaxın edir, bağlayır. Bəli, o uşaqlar valideynlərini itirdilər, amma kimsəsiz qalmadılar. Bir ata-ana itirib, yüzlərlə ata-ana, bacı-qardaş qazandılar. Bir neçə gündə ailə durumundan, maddi vəziyyətindən asılı olmayaraq onlarca insan körpə Nilayı, SevilHüseyni öz himayəsinə götürmək arzusunu dilə gətirdi.

 

Bax, budur Azərbaycan xalqının siması, ürəyi, ruhu...

Budur bizim milli kimliyimiz, həmrəyliyimiz, birliyimiz...

Budur bizim qələbəmiz, zəfərimiz...

Düşmən sevinməsin qoy. Biz bir ölsək , min dirilirik!

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 14 oktyabr.- S.1;6.