Gəncənin yeni
ziyarətgahı
Ermənistandan atılan raketin dağıtdığı
yaşayış binalarının ərazisinə hər gün yüzlərlə adam
gələrək həlak olanların xatirəsinə ehtiram göstərir
Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistandan atılan raket nəticəsində Gəncədə dağılmış yaşayış binaları indi ziyarətgaha çevrilib. Hər gün səhərdən axşama kimi bura insanla dolu olur.
Onlar ermənilər tərəfindən törədilən və insanlığa sığmayan terror aktı nəticəsində həlak olanların ruhu qarşısında baş əyir, əraziyə çoxlu sayda tər qərənfillər və uşaq oyuncaqları düzürlər.
Xəbər verildiyi kimi, baş verən terror aktı ilə əlaqədar oktyabrın 12-də Milli Məclisin üzvləri ilə birlikdə ölkəmizdə təmsil olunan xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, eləcə də bir çox xarici təşkilatların təmsilçiləri hadisə yerinə baxış keçirmişlər. Onlar burada bir daha erməni vandalizminin şahidi olmuş və əmin olmuşlar ki, Ermənistanın hərbi siyasi rəhbərliyi mülki insanlara qarşı müharibə aparır. Xarici ölkələrin səfirləri bir daha yəqin etmişlər ki, bu vandalizm və barbarlığı heç nə ilə izah etmək mümkün deyil.
Əraziyə faciədə həlak olan 10 nəfərin adlarını və təvəllüdlərini əks etdirən lövhə vurulmuşdur. Siyahıda bir ailədən üç nəfərin - Ceyhun Ələsgərovun, Təranə Ələsgərovanın və Ülvi Ələsgərovun adları var. Başqa bir ailədən isə ata və ana həyatlarını itirmiş və nəticədə onların iki körpə balası valideynsiz qalmışdır.
Terror aktı nəticəsində xəsarət alan 34 nəfərin müalicəsi hazırda davam edir. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasından aldığımız məlumata görə, xəsarət alanların vəziyyəti sabitdir. 30 nəfər ambulator, 4 nəfər stasionar şəraitdə müalicə olunur.
Hazırda gəncəlilər baş verən faciəyə görə narahatlıq keçirsələr də, nikbindirlər. Bunu onlardan aldığımız müsahibələrdə də hiss etmək mümkündür. Söhbət zamanı dedilər ki, ermənilərin həyata keçirdikləri vandalizm aktı onları qətiyyən təəccübləndirmir. Çünki düşmənin nə qədər aciz, qəddar və vəhşi olduğu hər kəsə yaxşı məlumdur. Hadisə şahidlərinin sözlərinə görə, həmin gecə onlar doğrudan da, vahimə yaşayıblar. Faciə şahidi Şərqiyyə Daşdəmirova deyir ki, elə bil yerlə göy birləşmişdi: "İlk anda heç kim nə baş verdiyini anlamadı. Sonra hər şey məlum oldu. Mənim evim də uçmuşdu. Şükür etdim ki, ailə üzvlərim arasında həlak olan yoxdur”.
Törədilən terror zamanı yaxınlıqdakı ticarət və iaşə obyektlərinə də ziyan dəyib. Mağaza sahibi Aynurə Əliyeva ilə söhbət zamanı məlum oldu ki, onun da obyektinin bir hissəsi uçub. Deyir ki, düşmənin nə qədər qaniçən, vəhşi olduğunu yaxşı bilirik. Elə insanların sıx yaşadığı əraziyə raket atmaları bu vəhşiliyin növbəti təsdiqidir.
Hadisə zamanı ziyan çəkənlərdən biri də Çimnaz Həsənovanın ailəsidir. Onun mənzili raketin düşdüyü yerdən bir qədər aralı olsa da, evi dağılıb. O, baş verən faciəni belə xatırlayır: "Yenicə yatmaq istəyirdik. Qəflətən yer-göy lərzəyə gəldi. Evimizdə olan bütün əşyalar yerə töküldü. Sonra qışqırtılar eşitdik. İnsanlar vahimə içərisində idi. Yerimizdə donub qalmışdıq. Nə edəcəyimizi bilmirdik. Özümüzə gəldikdən sonra küçəyə çıxdıq və gördük ki, hər tərəf dağılıb”.
Bu ərazidə yaşayan Akifə Bayramova isə deyir ki, yaxınlıqda "Qələbə parkı” yerləşir. İnsanlar boş vaxtlarında orada istirahət edirlər. Xoşbəxtlikdən hadisə gecə vaxtlarında olduğundan parkdakı dağıntılar zamanı xəsarət alan olmayıb.
Namiq Yusifov da bu ərazidə yaşayır: "Ağlımıza da gətirməzdik ki, humanitar atəşkəsə imza atan ermənilər bu vəhşiliyi törədərlər. Lakin biz qətiyyən qorxmuruq. Prezidentimizə və ordumuza arxalanaraq möhkəm dayanmışıq. Heç bir terror aktı bizi sarsıda bilməz. Lazım gəlsə, bütün Azərbaycan ayağa qalxıb düşmənə layiqli cavab verə bilər. Biz inanırıq ki, tezliklə Qarabağ işğaldan azad olunacaq”.
Mərmi düşən yerlə üzbəüz yerləşən stomatoloji kabinetə də ciddi ziyan dəyib. Burada olan bütün avadanlıqlar hamısı sıradan çıxıb. Öyrəndik ki, burada işləyən həkim ciddi xəsarət almış, həyat yoldaşı isə həlak olmuşdur.
Sabir ƏLİYEV
Azərbaycan.-2020.- 14 oktyabr.- S.1;6.