Ermənistanın beynəlxalq humanitar hüquq
normalarını pozmasına dair faktlar BQXK-nın nümayəndəsinə təqdim
edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşüb.
Dövlət Komissiyasının sədri Əli Nağıyev Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, Ermənistan tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırıb.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, Əli Nağıyev Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvadakı görüşünün nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması barədə razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmaqda davam etdiyini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər tibb xidməti qulluqçusu ağır yaralanıb. Həmçinin oktyabrın 11-də gecə saatlarında cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olub, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanıb. Vurğulanıb ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olub, 211 nəfər yaralanıb, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılıb.
Həmçinin Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və dövlətimizin başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilib.
Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim edib, BQXK-nı Ermənistanın humanitar hüquq normalarını pozması faktlarına obyektiv qiymət verməyə çağırıb.
Xanım Arian Bauer BQXK-nin və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Qarşılıqlı
anlaşma şəraitində keçən görüşdə
maraq doğuran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2020.- 14 oktyabr.- S.2.