85 yaşlı nənə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır

 

Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ müharibəsi veteranının anasıdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Laçın nənə Qarabağın düşmən tapdağından azad olunması, Qələbə xəbərini eşitmək arzusu ilə yaşayır. Gözləri zəif görür. Amma çətinliklə olsa da, iynəyə sap keçirib köhnə işini davam etdirir.

Hələ 30 il əvvəl üçrəngli bayrağımızın kütləvi istehsal edilmədiyi, çətin tapıldığı bir dövrdə Laçın nənənin tikdiyi bayraq sərhəd kəndin ən hündür yerində dalğalanıb, düşmənə göz dağı olub.

Onun indi tək bir arzusu var. Tikdiyi bayraqların Şuşada, Xankəndidə dalğalanması. Əsgərlərimizə baxıb sevinirəm. Hər dəfə televizorda onları görəndə dua edirəm. Evdəkilər deyir ki, axı onlar səni eşitmirlər?! Deyirəm ki, olsun.... ürəyimdən keçir, onlara dua edirəm, qələbə qazanıb, sağ-salamat evlərinə qayıtsınlar”, - deyə 85 yaşlı nənə bildirib.

Laçın Bağırova son illər tikiş maşınından istifadə etməyib. Çünki ölkəmizdə kütləvi bayraq istehsalı təşkil olunduğuna görə ona müraciət edən olmayıb. Amma son günlər Azərbaycan Ordusunun qazandığı qələbələrdən həvəslənən nənə öz arzusu ilə bayraq tikməyə qərar verib. İstəyir ki, onun əl əməyi ilə ərsəyə gələn üçrəngli bayrağımız düşmən tapdağından azad edilmiş torpaqlarımızda, Şuşada dalğalansın!

İnşallah o günlərə az qalıb Laçın nənə. Uğrunda minlərlə can fəda olan, bu yaşında min bir əziyyətlə tikdiyin üçrəngli bayrağımız tezliklə Laçınımızda, Şuşamızda, Xankədimizdə dalğalanacaq!

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.8.