Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Ermənistanın beynəlxalq hüququ pozmasını pisləyiblər

 

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeri Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüququ pozma cəhdlərini qətiyyətlə pisləyiblər.

Ukraynalı deputatlar mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını qeyd ediblər.

 

Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.