Gəncənin vətəndaş
cəmiyyəti təsisatları Ermənistanın dinc azərbaycanlı əhalini hədəf
almasını pisləyən bəyanat qəbul ediblər
Gəncə
şəhərinin vətəndaş cəmiyyəti təsisatları
Ermənistanın dinc azərbaycanlı əhalini hədəfə
almasını pisləyən bəyanat qəbul ediblər.
Bununla bağlı AZƏRTAC-a daxil
olan bəyanatda deyilir:
“Cəbhə zonasından
70 kilometr aralıda yerləşən, Azərbaycanın
ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı
Gəncə şəhərinin
oktyabrın 11-də gecə
saat iki radələrində Ermənistan
ərazisindən növbəti
dəfə raket atəşinə tutulması
ilə əlaqədar
bütün məsuliyyət
Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə
düşür.
Ermənistanın növbəti hərbi
təcavüzü nəticəsində
içərisində uşaq,
qadın, ahıl insanların da yaşadığı çoxmənzilli
binalarda 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 10-u qadın, 9-u uşaq olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli
binaya və 100-dən
artıq mülki obyektə ziyan dəyib.
Bununla da Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini,
1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını,
habelə 10 oktyabr
2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini
pozaraq, Azərbaycanın
dinc əhalisini qəsdən hədəfə
almaqla, xüsusilə
Gəncə şəhərinin
yaşayış məntəqələrini
raketlərlə (“Toçka-U”,
“Smerç”, “Skad”) atəşə tutmağı
davam etdirib.
Oktyabrın 12-də Azərbaycan Respublikasındakı diplomatik
korpusun rəhbərləri,
səfirlər, hərbi
attaşelər və
beynəlxalq təşkilatların
ölkəmizdəki nümayəndəliklərinin
rəhbərləri Gəncəyə
səfər edərək,
Ermənistan tərəfindən
Gəncə şəhərinin
günahsız mülki
əhalisinə qarşı
həyata keçirilən
məsuliyyətsiz raket
hücumlarının səbəb
olduğu hərbi cinayət səhnələri
ilə yerindəcə
tanış olublar. Beynəlxalq hüququn norma və prinsiplərinin
kobud şəkildə
pozulması ilə qəsdən törədilmiş,
Azərbaycanın Gəncə
şəhərinin və
digər yaşayış
sahələrinin mülki
əhalisinin qətlə
yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını
törətməkdə davam
edən işğalçı
Ermənistandan insanlıq
əleyhinə yönəlmiş
müharibə cinayətlərinə
təcili olaraq son qoymağa və BMT Təhlükəsizlik Şurasının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına
dair qətnamələrini
yerinə yetirməyə
çağırırıq.
Təcavüzkar
Ermənistan bu terror hərəkətləri ilə Gəncə
sakinlərinin mübarizə əzmini qətiyyən azalda bilməyəcəklər,
əksinə gəncəlilərin mübarizə əzmi daha
da möhkəmlənəcək. Ermənistan tərəfindən
Gəncəni atəşə tutanlar hərbi
cinayətkarlardır və biz
inanırıq ki, əvvəl-axır onlar mühakimə olunacaqlar.
Həmçinin Xocalı qatilləri, Xocalıda
soyqırımı törədənlər də ədalət
məhkəməsi qarşısında cavab
verəcəklər”.
Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.