“Moskvada baş verənləri bütövlükdə
müsbət qiymətləndirirəm”
Prezident İlham Əliyev Rusiyanın RBK televiziya
kanalına müsahibə verib
Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.
AZƏRTACmüsahibəni təqdim edir.
-Əvvələn, çox sağ olun ki, bizimlə
müsahibəyə razılıq vermisiniz. Söhbətə
başlamazdan əvvəl mən RBK-nın prinsipləri barədə
danışmaq istərdim. Bir neçə gün bundan əvvəl
Ermənistanın baş naziri ilə böyük müsahibə
gedib, indi isə burada - Azərbaycanda, Bakıdayıq və Azərbaycan
Prezidenti İlham Əliyev ilə söhbət edəcəyik.
Daha bir remarka. Mən ilk sualı verməzdən əvvəl hər
iki tərəfdən həlak olanların bütün
doğmalarına başsağlığı vermək istəyirəm.
Müharibənin heç kimə lazım olmaması və
müharibəsiz də ötüşməyin
mümkünlüyü barədə çox eşitmişəm.
Lakin bundan sonra ən çətini və yəqin ki, ən
maraqlısı başlanır. Danışıqlar başa
çatıb. Siz Moskvada baş verənləri necə qiymətləndirirsiniz?
Bütün bunların nə demək olduğunu anlamaq bizim
üçün çox vacibdir.
-Moskvada baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar mülahizələrə əsasən atəşkəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə, əminəm ki, bundan sonra Paşinyandan "Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma "Dağlıq Qarabağ respublikası”nın qondarma "rəhbərliyi” ilə aparmalıdır. Əgər o, belə bəyanatlar verərsə, bu, o demək olacaq ki, o, həm vasitəçilərə, həm də Moskvada bu mətni razılaşdırmış öz nümayəndə heyətinə hörmətsizlik edib və mahiyyət etibarilə, o, danışıqlar prosesini yenidən pozur. Bu dəfə həmin bəyanatlar nəyə gətirib çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o, ikinci dəfə həmin səhvi təkrarlayar.
-Atəşkəs nə qədər davam edəcək?
Bu atəşkəsin amanabəndliyini Siz necə qiymətləndirirsiniz?
O, nədən asılı olacaq?
-İndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir.
Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır.
-Danışıqlara başlamaq üçün Azərbaycanın
irəli sürdüyü şərtlərdən biri
konkretlik idi. Deyilirdi ki, erməni tərəfi qoşunların
çıxarılması üçün konkret plan təqdim
etməlidir. Bu, Ermənistanın razılaşıb-razılaşmamasından
asılı olmayaraq danışıqların indi
başlanması deməkdirmi?
-Bilirsinizmi, biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək.
-Danışıqlar nə vaxt başlanacaq, bu barədə
artıq anlaşma varmı?
-Biz sabah başlamağa
hazırıq. Buna görə hər şey ATƏT-in Minsk
qrupunun fəaliyyətindən, onların iş qrafikindən
asılıdır. Bizim tərəf dərhal başlamağa
hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın
mətni ilə əlaqədar Azərbaycan tərəfinin
bütün istəkləri nəzərə alınıb. Bəyanatın
ilkin variantı tamam fərqli idi. Dünən mən onu
görəndə dedim ki, bu, bizim üçün münasib
deyil. Sənədi həddən artıq qəlizləşdirmək,
ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində
müəyyən edilməli olan elementləri oraya inkorporasiya
etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək
lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə
aldıq, danışıqlara dərhal başlamaq bəndinin
daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər
tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların,
qaçqınların, daxili köçkünlərin öz
evlərinə qayıtmalarına imkan verəcək.
-Burada olduğum
iki gün ərzində başa düşdüyümə
görə Azərbaycanda bu əhval-ruhiyyədədirlər
ki, biz axıradək getməliyik. İndi azərbaycanlılara
necə izah etməli ki, Bakı yenidən
danışıqlara razılıq verib?
-Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi.
-Siz bütün bu hadisələrə qədər Ermənistanın
baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə
görüşmüsünüz. Bu hadisələrdən
sonra Siz onunla bir masa arxasına əyləşməyə və
ya danışmağa hazırsınızmı?
-Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur. Buna görə mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən şərait lazımdır. İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi.
-Siz indicə Rusiyanın rolu barədə
danışdınız. Yəni, bu danışıqlarda
Rusiyanın rolu həqiqətən həlledici olub.
-Əlbəttə, Minsk
qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən
üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə
malikdir. Lakin sözsüz ki, Rusiya bizim
qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla
ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə,
xüsusi rol oynayır. Şübhəsiz, bu rol
xalqlarımızın tarixinə və
qarşılıqlı əlaqələrinə, həmçinin
Rusiyanın dünyada və əlbəttə, bizim
regionda sanbalına və roluna əsaslanır. Buna görə,
əlbəttə, münaqişənin nizamlanmasına təsir
göstərmək üçün Rusiyanın imkanları bu
obyektiv səbəblərə görə hər hansı
başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz
dərəcədə çoxdur. Buna görə
biz dəfələrlə Rusiya rəhbərliyinə
müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana
siyasi təsir göstərmək vasitələrindən
istifadə etsin, erməni tərəfini inandırsın ki,
işğala son qoyulmalıdır. Bu
mövzu dəfələrlə müzakirə edilib və sizə
deyə bilərəm ki, rusiyalı həmkarımla
bütün çoxsaylı görüşlərimdə bu
mövzu ya müfəssəl, ya o qədər də ətraflı
olmayan formada müzakirə edilib, lakin belə olmadı.
Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz
asılı vəziyyətdədir. Onun təhlükəsizliyi
Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması
Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus,
bəlkə də milyardlarla dollar dəyərində
texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar
haradandır?
Onların pulu yoxdur. Bütün
bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı
Rusiyadan güzəştli qiymətlərlə təmin olunur,
elektrik enerjisi də müəyyən dərəcədə
güzəştlə verilir. Dəmir
yolları, rabitə, hərbi baza. Hətta
Ermənistanın Türkiyə və İranla sərhədini
rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş
qalardı. Ermənistana təsir göstərmək
üçün daha hansı ölkənin bu qədər
vasitələri var? Heç bir ölkənin.
Bəlkə də dünyada başqa elə iki
ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər
tam asılı olsun. Buna görə əminəm ki,
Rusiya tərəfindən təkid göstərilsə, bizim
status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb
keçməyimiz nəticəsində İrəvanın
ayılması nəzərə alınmaqla Rusiya qısa
müddətdə Ermənistanı inandıra bilər: təkcə
hərbi qarşıdurma baxımından deyil,
bütövlükdə Ermənistanın gələcəyi
üçün indiki vəziyyətdən yeganə
çıxış yolu Azərbaycanla münaqişənin həllini
tapmaqdır. Bu həll isə çox sadədir
- onlar bizim ərazidən getməli, öz
qoşunlarını çıxarmalı, bizim insanlar oraya
qayıtmalı və biz yenidən yanaşı
yaşamağa çalışmalıyıq.
-İndi başqa ölkə - Türkiyə haqqında
soruşmaq istəyirəm. Bu
günlər ərzində Azərbaycanı və şəxsən
Sizi dəfələrlə bunda ittiham ediblər ki, əslində,
bu münaqişə ilə bağlı bütün məsələləri
Türkiyənin hakimiyyət orqanları idarə edirlər.
Dünən, bu gecə biz Türkiyəni
danışıqlar masası arxasında görmədik.
Nə üçün?
-Bu, onu göstərir ki, bütün
bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış
məsələ idi, burada bir neçə məqsəd
vardı. Əvvələn, Türkiyəni daha
da iblisləşdirmək. Təəssüf
ki, Qərbdə bu məqsəd müasir siyasi modanın
hansısa normasına çevrilir. Bu,
tamamilə əsassızdır. Türkiyə
öz maraqlarını güdür, öz həyatını
yaşamaq hüququnu qoruyur. Prezident
Ərdoğanın dövründə Türkiyə Qərbin
itaətkar müttəfiqi olmağa son qoyub. O, həm
öz regionunda, həm də dünyada öz şərtlərini
diktə edir. Türkiyə ilə
hesablaşırlar. Türkiyənin
nüfuzu artıb. Türkiyə ordusu
NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi
problemi həll edə bilər. Buna görə əlbəttə,
Qərb tərəfindən bu cür açıq təzyiq
göstərilir. Bu təzyiq hətta
Türkiyəyə münasibətdə hansısa çox qəribə
və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək
istəyidir. İkinci səbəb Azərbaycanın
potensialını, o cümlədən hərbi-texniki
potensialını azaltmaq və belə təsəvvür
yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə
və ya onun təsiri altında olan başqa birisi həll edib.
Xeyr, biz öz torpaqlarımızı
özümüz azad etmişik. Belə
adlandırılan "müzəffər erməni ordusu”
haqqında mif puç oldu, əslində, belə ordu yox idi.
Münaqişənin tarixinə dərindən bələd
olanlar çox gözəl bilirlər ki, bizim
torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı
motoatıcı alayı tərəfindən işğal
edilib. Xankəndidə yerləşən
bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi
erməni mənşəli idi. Yəni bu,
şəxsi heyəti ermənilərdən ibarət olan sovet
silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm
də soyqırımında fəal rol oynayırdılar.
-Siz yəqin ki,
1990-cı illərin əvvəllərindəki hadisələri
nəzərdə tutursunuz...
-Şübhəsiz. 366-cı
alayın dəstəyi və fəal iştirakı
olmasaydı, Ermənistan bizim əraziləri tuta bilməzdi.
Ona görə bundan sonra belə bir mif
yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan
Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazım idi, amma Azərbaycan
tərəfindən acı məğlubiyyətə
uğradıldığını etiraf etmək
görünür, Ermənistan cəmiyyəti və Ermənistan
rəhbərliyi üçün çox ağır idi.
Üçüncüsü, onlara dünya
arenasında Azərbaycanın rolunu və əhəmiyyətini
azaltmaq lazım idi. Bunu etmək isə
çox çətindir. Ona görə ki, bu gün
dünya ölkələri ilə Azərbaycanın
çoxşaxəli iqtisadi və siyasi əlaqələri
var. Bu gün biz 120 ölkəni birləşdirən
Qoşulmama Hərəkatına rəhbərlik edirik və
yekdilliklə seçilmişik. Əgər bizim
ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu
cür hörmət qazana bilərdikmi? Buna
görə Azərbaycanın Türkiyə tərəfindən
idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz
barədə bütün insunasiyalar tamamilə yalandır.
Bu, həm də Türkiyə-Azərbaycan
qardaşlığını pozmağa və ya müəyyən
qədər zəiflətməyə yönəlib, lakin
baş tutmayacaq. Yeri gəlmişkən, Azərbaycan
və Türkiyə ətrafında bütün bu informasiya
hay-küyü üçün əsas olsaydı,
bugünkü bəyanat olmazdı. Bu bəyanat
mənimlə razılaşdırılıb, başqa
heç kimlə. Əgər bizi kimlərsə
idarə etsəydi, onda yəqin ki, məsələ belə
tezliklə həll edilməzdi. Hazırda
Türkiyə dünyada və regionda sabitləşdirici rol
oynayır. Türkiyə rəhbərliyinin,
şəxsən Prezidentin və digər rəsmi şəxslərin
eskalasiya dövründə fəal və çox dəqiq
mövqeyi, əslində, üçüncü ölkələrin
bu münaqişəyə müdaxiləsinin
qarşısını aldı. Buna görə
hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir
və o, bizim regionda, o cümlədən münaqişənin
həllində daha böyük rol oynamalıdır.
-İndi Rusiyada çoxları "Türkiyə daha
böyük rol oynamalıdır” frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna
var? Siz nəyi nəzərdə tutursunuz?
-Fikrimcə, bu barədə
danışmaq hələ tezdir, çünki mən Azərbaycan
tərəfin mövqeyini bildirirəm. Lakin
yaxın vaxtlarda müsahibələrimin birində demişəm
ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci
ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində
formalaşıb. Əgər biz vasitəçilərin
təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi
fərqli olardı. Bu qrupun tərkibi
münaqişə tərəflərinin niyyətlərini və
istəklərini əks etdirməlidir. Minsk
qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir.
Yeni təmas qrupunun və ya hansısa
işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi
regionda mövcud qüvvələr tarazlığını,
region ölkələrinin mövcud maraqlarını əks
etdirməli və nəticəyə istiqamətlənməlidir.
Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək
istəyiriksə, o, yeni format çərçivəsində
həll olunmalıdır. Baxın, son
vaxtlar bir sıra qaynar nöqtələr barəsində
ölkələrin mövqelərini razılaşdırmaq
üçün nə qədər yeni əməkdaşlıq
formatı yaradılıb - üçtərəfli, dördtərəfli.
Axı, onlar indi yaradılır, hansısa
ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında
yaradılır. Buna görə burada əsla şübhə
ola bilməz ki, Türkiyə
münaqişənin nizamlanması işində mühüm
rol oynamalıdır və oynayacaq. Bunun hansı
formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi
artıq texniki məsələdir.
-Rusiyanın rolu
barədə. Mən Bakıda gəzəndə çoxlu Azərbaycan
bayrağı gördüm, bir qədər az,
lakin yenə də çox sayda Türkiyə bayrağı
gördüm və bircə dənə də Rusiya
bayrağı görmədim. Bu, o deməkdirmi
ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda
insanların Rusiyaya münasibəti dəyişib?
-Düşünmürəm ki,
münasibət dəyişib. Türkiyə
bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu
gün Türkiyə ilə Azərbaycan arasında etimad,
qarşılıqlı dəstək və münasibətlərin
səviyyəsi elədir ki, mənim fikrimcə,
dünyanın hər hansı başqa, hətta ən
yaxın ölkələri arasında elə səviyyə
yoxdur. Bu, reallıqdır və bu reallığı
biz yaratmışıq – Türkiyənin və Azərbaycanın
rəhbərliyi. Özü də məsələ
bizim ortaq köklərimizlə və ortaq tariximizlə
bağlı deyil. Dünyada Türkiyə
və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin
öz aralarında döyüşən xalqlar var. Bu, sizə
də çox yaxşı məlumdur. Yaxud
bir-biri ilə intriqa aparırlar. Buna
görə Azərbaycanda Türkiyə bayraqlarının
olması reallıqdır və əgər siz Türkiyəyə
getsəniz orada da çox yerlərdə Azərbaycan
bayraqlarını görərsiniz.
Rusiyaya münasibət məsələsinə
gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyaya qədər bizdə
Azərbaycana səfər edən Rusiya vətəndaşlarının
sayı hər il təxminən 15-20 faiz
artırdı. Keçən il bu göstərici
bir milyona yaxın olub. Mən həmişə
demişəm, rusiyalıları buraya cəlb edən təkcə
bizim mətbəximiz, təkcə çimərliklər, təkcə
tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat
hiss edirlər. Öz mühitlərində olduğu kimi
hiss edirlər, burada insanlarla rus dilində
danışırlar. Yəqin bilirsiniz ki, bizdə,
Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb
var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları.
Rusiyanın musiqi, teatr kollektivləri pandemiyaya qədər
demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya
Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız
müsbət münasibət var. Siz artıq bir neçə
gündür ki, buradasınız və erməni
işğalı amilinin insanların ovqatına nə dərəcədə
təsir göstərdiyini bilirsiniz. İnsanlar
hər bir sözü, hər bir jesti, hər bir mimikanı
duyurlar. Əlbəttə, açıq deməliyəm,
bu müddətdə, bu günlər, bu həftələr ərzində
bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını,
tok-şouların iştirakçılarının
saxtakarlığını, manipulyasiyasını,
iştirakçılar heyətinin
tarazlaşdırılmış olmamasını görəndə,
Rusiyanın aparıcı telekanallarında Azərbaycan
xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə,
bunlar Rusiyanın nüfuzunu artırmır. Mən
bu məsələni Rusiya rəhbərliyinin diqqətinə
çatdırmışam. O mənada yox ki, bunlar bizi
narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın
daxilində formalaşır. O mənada ki, belə münasibət
haçansa bizim planlarımızda müəyyən çətinliklərə
gətirib çıxara bilər. Rusiya ilə
biz qarşılıqlı əlaqələri daha da
inkişaf etdirməyi planlaşdırırıq.
Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq
üzrə beş yol xəritəsi üzərində
fəal iş aparırıq. Siyasi baxımdan
çox yaxşı məsələlər var. Lakin bu
müddətdə Rusiya mediasında üzləşdiyimiz
informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya
münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti
qaydaya salmaq üçün vaxt və hər iki tərəfin
rəhbərliyinin səyləri lazım gələcək.
-Sizə daha iki
sualım var. Yadınızdadırmı, sentyabrın 27-də
gecə və ya səhər çağı cavab verməyə
başlamaq lazım olması, bu müharibəyə
başlamaq lazım olması barədə qərar necə qəbul
edildi?
-Qərarlar, praktiki olaraq, avtomatik
rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi
qulluqçuları üçün müəyyən təlimatlar
var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə
halında, hücum halında sən necə hərəkət
etməlisən. Yəni, burada necə hərəkət
etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu
gözləyirdik. Eskalasiyadan bir neçə
gün əvvəl mən bu barədə BMT-nin
kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə
baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan
müharibəyə hazırlaşır. Ermənistanı
dayandırmaq lazımdır. Bunun
üçün dəlillər çox idi. Əvvələn,
Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü
də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər
üçün yeni müharibəyə hazırlaşır.
Sonra Paşinyanın "Qarabağ Ermənistandır” məzmunlu
bəyanatları və sair. Daha sonra Livandan olan
ermənilərin nümayişkaranə şəkildə
Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi
hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən,
işğalçı rejimin orada mövcud olduğu müddətdə
ilk dəfə qondarma "andiçmə” mərasimi
keçirməklə Azərbaycan xalqının təhqir
edilməsi. Qondarma "Dağlıq
Qarabağ respublikası”nın parlamentini Xankəndidən
Şuşaya köçürmək cəhdi və bir
sıra başqa əməllər. Bütün
bunlar bizə qarşı təxribat idi. Sonra
iyul hadisələri. Bizim hərbi
mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi
qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı
itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən
keçmiş təxribat qrupunun başçısı indi
ifadə verir. Biz gözləyirdik, biz
hazır idik. Təbii ki, qərar, o
cümlədən mənim tərəfimdən avtomatik rejimdə,
heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik.
İyul ayında Azərbaycan cəmiyyəti
bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz.
-Bəli, mitinq
olmuşdu.
-Bəli. İyul ayında mitinqdə
səslənən əsas şüar belə idi: "Ali
Baş Komandan, bizə silah ver!” İnsanlar belə
deyirdilər. İyul ayında biz Ermənistanla
dövlət sərhədini rahatca keçərək Ermənistan
Respublikasının geniş ərazilərini tuta bilərdik,
amma biz bunu etmədik.
-Bu hadisələr
Qarabağda olmamışdı.
-Tamamilə doğrudur. Biz bunu etmədik. Orada heç bir çətinlik
yox idi və biz bunu indi göstərdik, 30 il
ərzində ciddi eşelonlaşdırılmış
müdafiə xəttini qırdıq, orada relyef özü
müdafiə üçün münasibdir. Biz
aşağıdan yuxarıya getdik, beton plitələri
sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri,
əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı
lazım gəldi. Oradan Ermənistanın
istənilən nöqtəsinə keçmək bizim
üçün çox asan idi. Lakin mən bunu
dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz
onlar deyilik. Biz Ermənistanın beynəlxalq aləmdə
tanınmış ərazisinə keçməyəcəyik
və biz sərhədə qədər getdik, oraya soxulmuş
işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cəzalandırmalı
idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət
etməsin. Biz bunu etdik, baxın,
görün indi Paşinyan necə rəzil vəziyyətdədir.
Alçalır, zəng edir, yalvarır, daha kimlərə
zəng etmir. Avropa İttifaqı hökumətlərinin
başçılarına. Bəs, o, nə
tələb edir? Onların
"Dağlıq Qarabağ respublikası”nı
tanımasını tələb edir. Yəni
bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat
olmasına dəlalət edir. Azərbaycan ilə Avropa
İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir
ki, Avropa İttifaqı Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə və sərhədlərinin
toxunulmazlığına hörmət edir. Avropa
İttifaqının üzvü olan yeddi ölkə ilə
bizim strateji tərəfdaşlığımız haqqında
sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın
ərazi bütövlüyünü tanıyır.
"Dağlıq Qarabağ respublikası”nın
tanınmasını siyasətdən və beynəlxalq sahədə
hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb
edə bilər. Görün, onlar nə həddə
çatıblar. Biz onları cəzalandırmalı
idik. Biz onlara yerlərini göstərməli
idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan
başa gəlməyəcək. Belə də
oldu. O, anaların göz yaşlarına, cəbhəyə
göndərdikləri Ermənistanın günahsız gənc
vətəndaşlarının ölümünə görə
cavab verəcək.
-Azərbaycanın
qaytardığı ərazilərlə bağlı vəziyyət
necə olacaq, orada indi nə edəcəklər?
-Biz köçkünlərimizi
öz evlərinə qaytaracağıq. Bu
insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər
rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz
torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür
edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən
çəkilmiş videokadrları nümayiş etdiririk.
Bu kadrlardan görünür ki, orada hər
şey dağıdılıb. Biz bunu
bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı
oğurlanıb, qarət edilib. Başa
düşürsünüzmü, onlar hətta pəncərə
çərçivələrini də, unitazları da
oğurlayıblar. Bu, sadəcə,
dövlət siyasəti dərəcəsinə
çatdırılmış quldurluqdur. Ona
görə də biz bu əraziləri bərpa edəcəyik.
-Təzədən
tikəcəksiniz?
-Təzədən, əlbəttə.
Biz kömək edəcəyik. Biz məcburi
köçkünlər üçün tikinti proqramına əsasən
təkcə bu il 7 min mənzil istifadəyə
verəcəyik. Təsəvvür edirsinizmi?
Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə
tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik.
Yəni bu, kiçik və ya hətta bizim şəraitdə
orta ölçüdən böyük bir şəhər deməkdir.
Zərər çəkmiş 300 mindən
çox köçkünü artıq yerləşdirmişik.
Köçkünlər üçün şərait yaratmaq
məqsədilə biz hər il büdcədən
külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən
müavinət alır. Demək istəyirəm
ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik.
Bütün kəndləri yenidən
quracağıq. Orada yaşayacaq insanlar
tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək
üçün məvacib alacaqlar. Oraya həyat
qayıdacaq, oraya uşaqların gülüşü
qayıdacaq. İnsanlar rahat nəfəs
alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə
qaytarıblar. İllər boyu azərbaycanlıların
bu vəziyyətdə necə yaşamalarını təsəvvür
edin. Təmas xəttində binoklla baxanda
bizim dağıdılmış şəhərləri
görərkən mənim keçirdiyim hissləri təsəvvür
edin. Qoy, erməni tərəfi fikirləşsin.
O, indi bunun nə demək olduğunu başa düşməyəcək.
Lakin əvvəl düşünmək lazım
idi, azərbaycanlıların hisslərini təhqir etmək
lazım deyildi. Biz xeyirxah, sülhsevər
xalqıq. Lakin biz öz ləyaqətimizi
tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik.
Paşinyan Şuşada, Cıdır
düzündə sərxoş halda rəqs edəndə
özünə bu gün baş verənlər barəsində
hökm imzalamışdı.
-Siz
özünüz həmin ərazilərə getməyə
hazırlaşırsınızmı?
-Əlbəttə. 2016-cı ildə biz Cocuq Mərcanlını işğaldan azad edəndə mən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin, onlar oraya qayıtmaq istəyirlərmi? Ona görə ki, çox illər keçib, onların çoxu Bakıdadır, çoxlarının işi, uşaqları, məktəbləri var, çoxları Azərbaycanın digər regionlarında yaşayır. İş yerini dəyişmək, xüsusən hər şeyin dağıdıldığı yerə dəyişmək o qədər də asan məsələ deyil. Bilirsinizmi, bir müddətdən sonra mənə bildirdilər ki, həmin adamlar növbəyə düzülüblər. Hətta heç vaxt orada olmamış, sonradan doğulmuş gənclər də. Hamısı xahiş edirdi ki, tezliklə oraya qaytarılsınlar və biz bir ildən az müddətdə 150 evdən ibarət qəsəbə saldıq, orada məktəb, tibb müəssisəsi, məscid və bütün infrastruktur obyektləri tikdik, qaz, yol çəkdik. Bu, bizim qayıtmağımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların üzündəki fərəhi, sevinc göz yaşlarını görəndə bir daha özümə dedim ki, biz hökmən öz evlərimizə qayıdacağıq və əlbəttə, oranı bərpa edəcəyik. Bu illər ərzində əziyyət çəkmiş, öz doğma yurdlarının həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olsun, onların övladları isə həyatlarının qalan hissəsini xoşbəxt yaşasınlar.
-Çox sağ olun.
-Sağ olun.
Azərbaycan.- 2020.-13 oktyabr.- S.1-2.