Aleksandr ŞAROVSKİ: “Bizim savaşımız haqq savaşıdır”

 

 

Azərbaycan torpaqlarının uzun illərdir Ermənistanın işğalı altında qalmasına və düşmənin ardı-arası kəsilməyən təxribatlarına son qoymaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlamışdır. Artıq onlarla yaşayış məntəqəsi azad edilmişdir.

Bu günlərdə Rusiya paytaxtında əldə olunmuş humanitar atəşkəsə zidd olaraq Ermənistan yenidən mövqelərimizi, habelə şəhər və kəndlərimizi atəşə tutur. Ən dəhşətlisi isə odur ki, erməni vandalları ağır silahları dinc əhaliyə tuşlayırlar, nəticədə dinc sakinlər, o cümlədən qocalar, qadınlar və uşaqlar həlak olur, yaralanırlar.

Vəhşiləşmiş ermənilərin insanlığa sığmayan hərəkətlərinə etinasız qalmaq mümkün deyil. Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski hesab edir ki, erməni təcavüzünə son qoymağın vaxtı çoxdan gəlib çatmışdı:

- Bəri başdan deyim ki, qələbə bizim olacaq. Azərbaycanın qüdrətli ordusu, ən müasir silahları var. Biz həm də haqq savaşı aparırıq. Ona görə də düşməni diz çökdürməkdən başqa yol yoxdur. Prezidentimizin hər çıxışı bizə böyük ruh yüksəkliyi verir. 30 il idi ki, münaqişənin tənzimlənməsində vasitəçilik edən qurumların nağıllarına qulaq asırdıq. Artıq bütün dünyaya cəsarətimizi və gücümüzü göstərdik.

Mən Azərbaycanda anadan olmuşam. Bura mənim vətənimdir və Azərbaycanda nə baş verirsə, bizlərə də aiddir. Yeri gəlmişkən, mənim həyat yoldaşım rusduronun üçünbu torpaq doğmadır.

Tarixi ədalət əvvəl-axır bərpa olunmalı idi. Torpaqlarımız tezliklə işğalçılardan, dinc əhalimizi bombalayan erməni faşistlərindən və muzdlu quldurlardan təmizlənməlidir. Bu gün xalqımız yumruq kimi birləşib. Azərbaycanın hər bir vətəndaşı millidini mənsubiyyətindən asılı olmayaraq, Vətən müharibəsi aparır.

İcmanın sədri hesab edir ki, vaxtilə yəhudilərin Azərbaycanda sığınacaq tapması onlar üçün xoşbəxtlikdir: "Yəhudilər bütün çətin sınaqlara baxmayaraq, Azərbaycanda sığınacaq tapmış, ev-eşiyə yiyələnmiş, övlad sahibi olmuş, karyera qurmuşlar. Onlar bu gözəl məmləkətdə firavan, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar və harayasa köçmək fikrində deyillər”.

Azərbaycanın hərb tarixinə bir çox xalqların və millətlərin nümayəndələrinin adları qızıl hərflərlə yazılmışdır. Onların arasında Şəhidlər xiyabanında uyuyan, milliyyətcə yəhudi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var. Aleksandr Şarovski əmindir ki, xalqımız Azərbaycan bayrağını qeyrətlə daşıyan Aqarunov kimi qəhrəmanları yenə görəcək. Tezliklə Azərbaycan bayrağı işğal olunmuş torpaqların hər yerində, o cümlədən Xankəndidə, Şuşada dalğalanacaq!

 

 

Rizvan HİLALOĞLU

Azərbaycan.-2020.- 14 oktyabr.- S.5.