Rusiyalı jurnalist Ermənistandan qovuldu
İrəvan rejimi həqiqəti yazanı görmək istəmir
Ermənistanın ölkəmizə qarşı
hərbi təcavüzü
başlayandan bəri hadisələrin mətbuatda
işıqlandırılması məsələsi həmişə
çoxlu suallar doğurub. Dünya KİV-i, bir qayda
olaraq, işğalçı
tərəfin törətdiyi
hərbi cinayətlərin
üstündən sükutla
keçib, ən yaxşı halda təcavüzkarla təcavüz
qurbanını bir-birinə
bərabər tutub - guya ki, münaqişə
iştirakçılarının hər ikisində günah var.
Media nümayəndələrinin "nəzərindən qaçıb”
ki, suveren dövlətin ərazisinə
silahlı təcavüz
faktı ortadadır, beynəlxalq hüququn elementar normaları ayaq altına atılır, Dağlıq
Qarabağ və bitişik rayonlarda etnik təmizləmə aparılır, yüz minlərlə günahsız
insan yurd-yuvasından didərgin salınır, onların ev-eşikləri
viran edilir, başqa sözlə, Azərbyacan xalqına qarşı, sözün həqiqi mənasında, soyqırımı törədilir.
Mətbuatın özünü bu qədər kor göstərməsinin səbəbini
axtarmağa dəyməz. Ermənistana havadarlıq edib onu özgə torpağına təcavüz
etməyə həvəsləndirən
dövlətlərin özləri
də dünya mediasına nəzarət edir, Ermənistanın işğalçılıq siyasətini,
ekspansionist planlarını
ört-basdır etmək
üçün dəridən-qabıqdan
çıxırlar. Üstəlik, erməni əsilli jurnalistlər aparıcı
mətbuat orqanlarına
soxulub Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatmasını
əngəlləyirlər.
Bununla belə, az
da olsa, vicdanı oyaq qalmış jurnalistlər
də var. Onların hər hansı çıxışı dərhal
ərköyünləşmiş ermənilərin qəzəbinə
tuş gəlir, belələrini sıradan
çıxarmaq üçün
bütün mümkün
vasitələr işə
salınır. Bu sıradan son qurban Rusiyanın "Novaya qazeta”
nəşrinin müxbiri
İlya Azardır.
Rusiyalı jurnalistin "günah”ı
ondan ibarətdir ki, o, son günlər Dağlıq Qarabağda baş verən hadisələr, Ermənistan
ordusunda müşahidə
olunan problemlər barədə yerli əhaliyə və hərbçilərə istinadən
reportaj hazırlayıb
qəzetində dərc
etdirmişdir.
Ermənistan Xarici İşlər
Nazirliyi "xoşagəlməz”
hadisəyə dərhal
münasibət bildirib
Azarın akkreditasiyasını
geri çağırmış,
üstəlik, onun Ermənistanda jurnalist kimi fəaliyyət göstərməsini qadağan
etmişdir. Azarın öz Facebook
səhifəsindən verdiyi
məlumata görə,
reportaj Ermənistan rəhbərliyinin xoşuna
gəlməmişdir, çünki
yazı "ermənilərin
vətənpərvərlik hisslərinə toxunmuş,
azərbaycanlılarda rəğbət
doğurmuşdur”. Mətbuat işçisinin
peşə fəaliyyətinə
son qoyulmasına səbəb
kimi guya akkreditasiya prosedurunun dəyişməsi göstərilmişdir.
Azar qeyd etmişdir ki, hadisələr başlayandan bəri Xarici İşlər Nazirliyi var qüvvəsi
ilə jurnalistlərin
Qarabağa gedişinin
qarşısını almağa
çalışmışdır. Jurnalist etiraf etmişdir ki, hazırladığı reportajı
Ermənistan və Rusiyada bəzi dostları da bəyənməmişdir: "Halbuki məqalədə yalan yoxdur. Rəsmi şəxslərin
fikirləri də orada yer almışdır.
İnsanların fikirləri fakt
kimi göstərilməmişdir.
Hərbi
münaqişələrdə jurnalist tərəflərdən
hansınısa dəstəkləməməlidir.
Reportajda
isə oxucunun qulağı və gözü olmalıdır.
Reportajın ermənilərin vətənpərvərlik hisslərinə
toxunmasını, azərbaycanlıların
xoşuna gəlməsini
başa düşürəm.
Amma bir daha deyirəm
ki, bu, sadəcə,
reportajdır. Orada insanlar
var və onlar fərqli fikirlərini ifadə edirlər”.
Söz azadlığının
boğulması "demokratik”
Ermənistanda adi haldır. Ona görə də
rusiyalı jurnalistin başına gəlmiş
hadisə gözlənilən
idi. Ermənilər öyrəşiblər ki, hamı, o cümlədən media onların
çaldığı hava
ilə oynamalıdır.
Başqa
biri fərqli havaya oynayanda isə çığır-bağır,
hay-küy qopur ki, gəl görəsən.
Əslində Azarı azərbaycanpərəst
hesab etmək mümkün deyil. O, illər
əvvəl Dağlıq
Qarabağa qanunsuz olaraq səfər etdiyinə görə Bakının "qara siyahı”sına düşmüşdür.
Sözügedən reportajda azərbaycanlılara
rəğbətdən əsər-əlamət
yoxdur. Bəs nəyə görə
jurnalist sıxma-boğmaya
məruz qalır?
Azar Dağlıq Qarabağdan hazırladığı reportajda münaqişə tərəflərinin heç birinə münasibət bildirmir, sadəcə olaraq, gördüklərini yazır. Azərbaycan Ordusunun Xankəndi və Şuşada hərbi təyinatlı obyektləri bombalamasından gen-bol söhbət açır, dağılmış obyektlərin şəkillərini çəkib qəzetdə dərc etdirir, yerli sakinlərin fikirlərini öyrənir, qanunsuz hakimiyyət orqanlarının və silahlı birləşmələrin nümayəndələrinə müraciət edib məlumat alır. Təbii ki, müsahiblər arabir qarşılaşdıqları və müşahidə etdikləri çətinlikləri dilə gətirirlər.
İlk baxışdan elə görünə bilər ki, burada qeyri-adi nəsə axtarmağa dəyməz. Azərbaycan Silahlı Qüvvələrinin düşmən mövqelərini vurması təbiidir. Bombardman nəticəsində erməni hərbçilərinin ölməsi, separatçı-terrorçu rejimin təşviş içində qalması da təbiidir. Güclü Azərbaycan Ordusu qarşısında düşmənin geriləyib mövqelərini əldən verməsi tamamilə məntiqlidir. Müharibənin davam etdiyi bir vaxtda erməni əsgərlərinin silah-sursat təchizatının pisləşməsində, işğalçı qoşunların pərən-pərən düşməsi nəticəsində idarəetmənin zəifləməsində də qeyri-adi heç nə yoxdur.
Hazırda Dağlıq Qarabağda yaranmış vəziyyəti oraya getmədən də təsəvvür etmək mümkündür. Hər iki tərəf döyüşlərin gedişi barədə müntəzəm olaraq rəsmi məlumat verir (hərçənd Ermənistan dezinformasiyanı üstün tutaraq itirdiklərini az göstərir, guya cəbhə xəttində vəziyyəti əsasən nəzarət altında saxladığını iddia edir), üstəlik, sosial şəbəkələrin istifadəçiləri gördüklərini, eşitdiklərini dayanmadan təqdim edir, müvafiq fotoşəkilləri və videogörüntüləri paylaşırlar. Bütün bunları nəzərə alaraq hərbi əməliyyatların gedişini, tərəflərdən hansının irəlilədiyini, hansının gerilədiyini öyrənmək mümkündür.
Odur ki, İrəvan rejiminin jurnalisti cəzalandırması üçün elə bir tutarlı əsas görünmür. Amma tarixi təcrübə də var. Ermənistan rəhbərləri xarici media orqanlarında həmişə "təcavüzkar” Azərbaycan üzündən əzab-əziyyətə düçar olmuş "əzabkeş” erməni xalqının obrazını görüblər. Onlar hesab edirlər ki, rusiyalı jurnalist yazılarında, əvvəllər olduğu kimi, Dağlıq Qarabağda yalnız separatçı-terrorçu rejiminin nümayəndələrinin hədyanlarına yer verməli, Azərbaycanı yıxıb-sürüməli idi. Başqa sözlə, Azar Dağlıq Qarabağda vəziyyəti "Novaya qazeta”nın oxucularına təhrif olunmuş şəkildə, işğalçı ölkənin rəhbərlərinin istədiyi kimi təqdim etməli idi. Amma rusiyalı jurnalist neyləsin ki, Azərbaycanın işğal olunmuş torpaqlarında gözü ilə gördüyünə, qulağı ilə eşitdiyinə inanır, yazı yazanda isə heç kimin yox, yalnız vicdanının səsinə qulaq asır.
Allahverdi MEHDİYEV
Azərbaycan.-2020.- 14 oktyabr.- S.5.