Qlobal layihələr, güclü iqtisadiyyat, yenilməz ordu...

 

Dövlət başçısı bunların bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb

 

 

1990-cı illərin ikinci yarısından Azərbaycan iqtisadiyyatı tədricən dirçəlməyə başladı. Belə ki, ölkəmizin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində həyata keçirdiyi neft-qazixrac layihələri öz bəhrəsini verdi. Əldə olunan gəlirlər getdikcə artdı. 1999-cu ilin sonunda Ulu Öndər Heydər Əliyev ARDNF-i (Azərbaycan Respublikası Dövlət Neft Fondu) yaratdı. Fondda toplanan vəsaitlər ölkənin qarşısında dayanan ən ümdə məsələlərin həllinə yönəldildi.

Neft gəlirlərindən qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsinə, sumeliorasiya layihələrinin həyata keçirilməsinə, təhsilin inkişafına və digər sahələrə vəsaitlər ayrıldı. Əlbəttə, ən vacib problemlərdən biri ordunun güclənməsi idi. Ölkəmizin torpaqlarının 20 faizinin işğal altında olması bunu gündəmə təxirəsalınmaz bir vəzifə kimi gətirirdi. Məhz buna görə də Prezident İlham Əliyev bu sahədə də Ümummilli Liderin ənənələrini davam etdirərək ordu quruculuğuna böyük diqqət yetirdi.

"Global Firepower 2019” hesabatına görə, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutur. Dəniz gücü üzrə ölkəmiz 67-ci yerdə qərarlaşıb. Ermənistanda isə ümumiyyətlə dəniz yoxdur. Tank gücü üzrə biz 32-ci yerdə, düşmənlərimiz 78-ci yerdədir. Bu rəqəmlər vəziyyəti elə aydın göstərir ki, şərhə heç bir ehtiyac qalmır.

Cari il yanvarın 13-də keçən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu barədə ətraflı bəhs edərək demişdir: "Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır”.

Ordumuzun qələbələri məhz dövlət başçısının apardığı uzaqgörən siyasət, bu islahatlarla bağlıdır. 2016-cı ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribata cavab olaraq ordumuz uğurlu əks-hücum əməliyyatları keçirdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdio torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Növbəti hərbi qələbə 2018-ci ildə qazanıldı. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək.

Prezidentimiz deyir: "Azərbaycan dünya miqyasında öz gücünə arxalananheç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq müstəvilərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir.”

Azərbaycan dövləti buna uyğun addımlar atıb. Yəni real vəziyyətlə hesablaşıb. Ümumiyyətlə, beynəlxalq hüquq normalarının pozulması hər bir ölkədən öz hərbi potensialını gücləndirməyi tələb edir. Odur ki, Azərbaycan ordu quruculuğunu prioritet sayaraq həmin istiqamətdə çox işlər görüb. Məhz bunun nəticəsində indi Azərbaycan Ordusu yüksək peşəkarlığa malikdir.

Əlbəttə, bütün bunlar çox böyük vəsait tələb edir. Prezidentimiz bu barədə belə demişdir: "Bizim vəsaitlərimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ordumuza, əsgərlərimizin, zabitlərimizin gücünə, mərdliyiınə və mətanətinə inanır və onlara güvənir. Ordumuz bundan ruhlanır, güc-qüvvət alır. Odur ki, erməni faşistləri onun qarşısında dözüş gətirə bilmir, itki verir, papağını, silahını atıb qaçır. Bu il sentyabrın 27-dən başlayaraq düşmənin hücumunun qarşısının alınması məqsədi ilə həyata keçirilən əks-hücum əməliyyatları deyilənlərin əyani sübutudur. Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ən çətin və məsuliyyətli tapşırıqları yüksək döyüş əzmi və iğidliklə yerinə yetirməyə qadirdir. Qısa bir müddətdə çoxsaylı yaşayış məntəqələrini düşmən tapdağından azad edən ordu əlbəttə ki, işğalda olan bütün torpaqlarımızı geriyə ala bilər!

Prezident sentyabrın 27-də, oktyabrın 4-də və 9-da xalqa müraciətlərində, eləcə də bu dövrdə müxtəlif xarici telekanallara müsahibələrində Azərbaycan Ordusunun nəyə qadir olduğunu dönə-dönə qeyd edib.

Bu il iyunun 25-də Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışında ordu quruculuğunun vacib məsələ olduğunu bir daha vurğulamışdır: "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 14 oktyabr.- S.8.