Sorosun sonbeşiyi

 

Qafqazın siyasi dumanları seyrəldikcə müəmmalar aydınlaşır və necə deyərlər, kimin kim olduğu görünür. Paşinyan Yerevanda demokratiya carçısı kimi peyda olsa da, bircə ilin içində bilindi ki, onun əsas vəzifəsi Sorosun zurnası altında dingildəməkdir. Ermənistan tarixində hakimiyyətə dırmaşan ən qaranlıq və müəmmalı fiqurlardan biri kimi bu adamın nə Ermənistana, nə də Qafqazda cərəyan edən demokratik proseslərə dəxli var.

İnsanın xarakterini anlamaq üçün gərək onun hərəkətlərinə və dediklərinə adi vaxtlarda yox, gərgin məqamlarda, kritik situasiyalarda fikir verəsən. Məxməri inqilabları ilə dünyanı qan çanağında boğan Sorosun (hələlik) sonuncu "övlad”ı Paşinyanın qeyri-adekvat hərəkətləri bir atalar sözünü yada salır: "Sonbeşik ya gic olar, ya bic”. Nikolun son günlərdəki bəyanat və çıxışlarını xəlbirləyəndə onun lider kimi keyfiyyətsiz, vassal kimi manqurt, insan kimi simasız olduğu üzə çıxır.

Sorosun məxməri inqilablarının bətnində mayalanıb, Yerevanda beysbol kepkasında pırtlayıb meydana çıxan bu müəmmalı "lider”in erməni xalqına sanki heç bir dəxli yoxdur. O, bəyanatları ilə dövlət başçısından daha çox ruhi xəstəliklərin buketindən əziyyət çəkən ümidsiz zavallıya bənzəyir.

Paşinyanın davranışlarında bu anormallıqları üzə çıxarmaq üçün baş nazirin BBC-nin əməkdaşı Con Fişerə erməni dilində verdiyi müsahibəni ötəri nəzərdən keçirmək bəs edir. Əvvəlki müsahibəsində ingilis dilini zəif bildiyindən baş nazir demişdi ki, Qarabağ əhalisinin 18 faizi ermənidir.

BBC yazır ki, bu dəfə döyüş meydanındakı gərginliyin fonunda işğalçı qoşunların strateji geriləməsi baş nazirə imkan vermədi ki, heç olmasa ana dilində ingiliscə olduğundan yaxşı danışsın, çıxış etsin. Bir də əgər adamın beyni boşdursa, onu heç bir dildə danışmaq xilas etməz.

BBC-nin dərc etdiyi yazı müsahibədən daha çox savadsız beşinci sinif şagirdinə keçilən dərsə bənzəyir. Jurnalist əvvəldən axıra kimi Paşinyanı başa salmağa çalışır ki, o, reallıqları görmək iqtidarında deyil. Baş nazir isə israrla bir il əvvəl dediyi "Qarabağ Ermənistandır, ermənilərin torpağıdır” ifadəsini tutuquşu kimi yenidən təkrarlayır və uydurur ki, "regionda əhalinin 80 faizindən çoxu həmişə ermənilərdən ibarət olub”.

Con Fişer izah edir ki, Azərbaycan torpaqlarının işğalının yeni ideoloqu nəinki azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnu, hətta onların bu ərazilərdə mövcudluğunu inkar edir. "Qarabağın yalnız erməni torpağı olmasını tələb edən Paşinyan irqi təmizlik haqqında faşist şüarlarını səsləndirir. O, "məhz bu, Qarabağ münaqişəsinin mahiyyətini təşkil edir” deyəndə özünə görə haqlıdır. Bu, işğal edilmiş ərazilərdə etnik təmizləmələr aparan işğalçıların radikal millətçiliyi ilə Qarabağda yalnız bir millətin yaşamasını tələb etməyən normal insanlığın münaqişəsidir”.

Paşinyan ilkin bəyanatının nasist mahiyyətini gizlətmək üçün anındaca uydurur: "Azərbaycan istəmir ki, orada ermənilər yaşasın”. Əslində, Azərbaycan Ermənistanın işğalı altındakı Qarabağın bütün sakinlərini tamhüquqlu vətəndaşları sayır və çalışır ki, bu ərazilərdə sonsuz müharibələr bitsinonun bütün sakinləri - azərbaycanlılar, ermənilər, ruslar və digərləri sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Bu isə Nikol Paşinyanı qane etmir. Çünki onun üçün "Qarabağ ermənilərin torpağıdır”. C.Fişer Paşinyanın uzun zənguləsinə qulaq asıb soruşur: "Belə çıxır ki, Ermənistan heç bir kompromisə hazır deyil?” Paşinyan onun sözünü ağzında qoyur: "Yox, biz kompromisə hazırıq”. Amma konkret heçdemir, çünki bu, onun siyasətdə fərqli gedişləridir - vəd ver, amma konkret heç nə demə. C.Fişer baş nazirin yadına salır ki, beynəlxalq hüququn tələblərinə görə, Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zəbt edərək 25 ildən çoxdur işğal altında saxlayır. İşğalçı dövlətin baş nazirinin cavabı bütün dünyanı heyrətə sala bilər. O, "üzr istəyirəm, bu, həqiqət deyil” deyərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını danır.

Fişer Paşinyana izah edəndə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmışdır, Nikol rayon qəzetinin müxbirinin ağzından vuran keçmiş raykom katibləri kimi dirənir ki, "Sizin istinad etdiyiniz elə bir beynəlxalq sənəd yoxdur: "Siz BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə istinad edirsiniz, təəssüf ki, onu da çoxları oxumayıb. Orada bir kəlmə də yazılmayıb ki, Ermənistan nəyisə işğal edib”.

Britaniyalı jurnalist israrla deyir: "Qətnamələrdə göstərilir ki, işğal edilmiş torpaqlar Azərbaycana məxsusdur və bu torpaqlar boşaldılmalıdır, gəlin bunu açıq etiraf edək”. Cavab əvəzinə baş nazir uzunqulağı tərsinə minən çoban kimi jurnalistə sayaqlayır ki, Azərbaycan Qarabağ ermənilərinin genosidini törətmək istəyir. "Bu gün Qarabağ erməniləri həyatlarını itirmək təhlükəsi ilə üzləşirlər. Bütün problem ondadır ki, əgər Azərbaycan silahlı qüvvələri istədiklərinə çatsalar, bu, Qarabağ ermənilərinin qenosidi anlamına gələcək”. Paşinyan bununla da bir yalan uydurur.

Britaniyalı jurnalist yenə də etiraz edir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə etnik təmizləmələri planlaşdırmır. Bakının multikultural və çoxmillətli siyasəti belə bir proqramın reallaşmasını ehtimal etməyə yol vermir. Bu gün ermənilər Azərbaycanda tam azad yaşayırlar (ermənilər bu faktı da israrla danırlar) və azərbaycanlılarla birlikdə erməni işğalından əziyyət çəkirlər.

Müsahibənin sonunda Con Fişer sadəcə aydınlaşdırmaq istəyir ki, nə üçün Paşinyan döyüş əməliyyatları zamanı aramsız olaraq Putinə zəng vururdu? Onuncavab verdiyini deməyə ehtiyac yoxdur.

Con Fişer kiçik bir müsahibədə məxməri inqilabın İrəvana emissar təyin etdiyi tiranın mükəmməl surətini yarada bilib. Tarixi geri vərəqləsək, bu tiranın qəddarlıqda və vəhşilikdə Şaumyandan seçilmədiyini görəcəyik. Amma təəccüb doğuran odur ki, bir ingilis jurnalistinin gördüyü həqiqəti özlərini demokratik dəyərlərin qoruyucusu elan edən böyük güclər görməkdə çətinlik çəkirlər.

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 14 oktyabr.- S.9.