Gəncənin raket atəşinə
tutulması Ermənistanın dünya
ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binasının dağıldığı ərazidə olublar.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev yerli və xarici KİV-lərin nümayəndələrinin suallarını cavablandırarkən düşmənin humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq təkcə Gəncəni deyil, Mingəçevir və digər yaşayış məntəqələrimizi də ağır artilleriya və raket atəşinə tutduğunu bildirərək deyib: “Bu, Ermənistanın dünya ictimaiyyətinə, o cümlədən Rusiya Federasiyasına qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir. Rusiya Federasiyasının bilavasitə vasitəçiliyi ilə humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu vandallıq və soyqırımı aktı həyata keçirildi. Beynəlxalq ictimaiyyət bu hadisələrə lazımi qiymət verməlidir”.
Xatırladaq
ki, Ermənistan silahlı qüvvələrinin
oktyabrın 11-də gecə saat 02 radələrində
cəbhə zonasından kənarda yerləşən, Azərbaycan
Respublikasının ikinci böyük
şəhəri olan Gəncənin mərkəzi
hissəsində yerləşən çoxmənzilli
yaşayış binalarını raket atəşinə
tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub,
16 qadın, 6-sı azyaşlı olmaqla 34
nəfər yaralanıb. Həmçinin 10-dan artıq
çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə
ziyan dəyib.
Azərbaycan.-
2020.-13 oktyabr.- S.6.