Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, Ermənistan isə mülki əhaliyə qarşı vandalizm aktı törətdi

 

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə onlara Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı ətraflı məlumat verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi əhalinin sıx yaşadığı bir əraziyə raket hücumunun həyata keçirilməsinin çoxlu sayda insanın qətlə yetirilməsi məqsədini daşıdığını bildirib. Ermənistanın Gəncəni Vardenis rayonundan atəşə tutduğunu bildirən Hikmət Hacıyev qeyd edib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir. O əlavə edib ki, "Ermənistan "Smerç”, "Skad” raketlərindən də Azərbaycan şəhərlərini atəşə tutur. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri də Ermənistan tərəfindən raket atəşinə məruz qalır.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, Ermənistan isə mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasiya qaydalara da tamamilə ziddir.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində həllinə sadiqlik nümayiş etdirdi. Amma əfsuslar olsun ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özüetiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədə nail olmaq istəyir. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, həm də təmas xəttindən 100 kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq, mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdır.

 

Azərbaycan.- 2020.-13 oktyabr.- S.6.