“Bizim icazəmiz olmadan hər hansı ölkə
sülhməramlılarını bizim torpağımıza
göndərə bilməz”
Prezident
İlham Əliyev Türkiyənin "Haber Türk” televiziya
kanalına müsahibə verib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə
birlikdəyik. Cənab Prezident, bir yandan cəbhədə,
bir yandan diplomatiyada sıx qrafikiniz var. "Haber Türk”ə
vaxt ayırdığınız üçün Sizə
çox təşəkkür edirəm.
- Sağ olun.
- Cənab
Prezident, Ermənistan ilə Azərbaycan arasında Moskvada 11
saat yarım davam edən bir görüş keçirildi.
Ancaq bu görüşdən sonra Ermənistan xüsusi qəddarlıqla
Gəncə şəhərini atəşə tutmağa,
mülki şəxsləri hədəfə almağa
başladı. Burada diqqət çəkən
məqam Ermənistanın öz ərazisindən Azərbaycanı
hədəfə almasıdır. Ermənistan diplomatiya
sahəsində belə bir görüş keçirilərkən
bu cür hücuma niyə ehtiyac hiss etdi? Dünya ictimaiyyətindən
bu məsələdə istədiyiniz dəstəyi
gördünüzmü, Sizə gələn mesajlar oldumu?
- Ermənistanın bu çirkin siyasəti
anlaşılandır. Çünki onlar hər
zaman döyüş meydanında məğlubiyyətə
uğrayanda belə çirkin əməllərə əl
atırlar. Mülki şəxslərə,
əliyalın insanlara qarşı qəddarlıq göstərmək
onlar üçün adi bir şeydir. Azərbaycan
xalqı bunu Xocalı soyqırımının timsalında
görmüşdür. Bu dəfə də
bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat
keçirərək bir neçə şəhər və kəndimizi
işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız
uğurla davam edir. Bu gün səhər mənə
verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə
daha böyük uğurlara imza atdı. Bu
məsələ ilə bağlı lazım olan vaxtda
açıqlama veriləcək.
Ermənistanın bu xain
hücumunun səbəbi odur ki, onlar bu münaqişənin
coğrafiyasını genişləndirmək, üzv
olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını
münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna
görə Ermənistan ərazisindən Azərbaycan
torpaqlarını, mülki şəxsləri atəşə
tuturlar və bizi cavab atəşinə təhrik edirlər.
Fəqət mən demişdim ki, bizim
qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə
qarşı heç bir addım atmırıq və bizim
bütün hədəflərimiz hərbi hədəflərdir.
Əməliyyatın ilk günlərindən
bütün hərbi hədəflər bir daha nəzərdən
keçirildi və bizim dəqiq, sərrast
atışlarımız bu hədəfləri məhv etdi.
Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən
çox tank, 2 "S-300” hava hücumuna qarşı qurğu,
bir çox başqa texnika məhv edildi, 33 tank və digər
texnika qənimət kimi götürüldü.
Bu, Ermənistanın növbəti
terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan
xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha
böyük əzmlə, iradə ilə
vuruşacağıq, daha əzmlə, iradə ilə öz
torpaqlarımızı azad edəcəyik və Azərbaycan
bayrağını işğal edilmiş bütün
torpaqlarda qaldıracağıq.
O ki qaldı, beynəlxalq təşkilatların
və beynəlxalq ictimaiyyətin buna reaksiyasına, Türkiyə
hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə
bağlı açıq və birmənalı dəstəklədi.
Əziz qardaşım Rəcəb Tayyib
Ərdoğanın açıqlamaları, digər yüksək
səviyyəli vəzifəlilərin açıqlamaları
bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
Pakistan və onun Baş Naziri çox
böyük həmrəylik göstərərək çox
müsbət açıqlama vermişdir, digər ölkələr
də vermişdir. Ancaq deyə bilmərəm
ki, bu, dünya miqyasında geniş vüsət
almışdır. Halbuki hər kəs
üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama
verilir, ondan bir gün keçməmiş belə namərd
hücum təşkil edilir. Bu, bir daha onu göstərir
ki, atəşkəsi kim istəmir.
Mən demişdim, bizim hədəfimiz,
bizim məqsədimiz işğal edilmiş bütün
torpaqlara Azərbaycan vətəndaşlarını
qaytarmaqdır.
Bildirmişdim, atəşkəs imkan verəcək
ki, bu məsələ artıq hərbi müstəvidən
siyasi müstəviyə, diplomatik müstəviyə
keçsin. Bu məsələ diplomatik
müstəvidə danışıqlar masası arxasında həll
olunsun və Ermənistan hələ də işğal
altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan
vətəndaşları oraya qayıtsın və sülh
yaransın. Ancaq görünür ki, Ermənistanın
planları tam başqa imiş. Onlar hesab
edirmişlər ki, bu atəşkəsdən istifadə edərək,
bunu istismar edərək öz hərbi məğlubiyyətlərini
bir qədər azalda bilərlər, vaxt qazana bilərlər,
yeni qüvvələr səfərbər edə bilərlər
və beləliklə, Azərbaycana qarşı
hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən
demişdim ki, əgər Ermənistan müsbət
davranış göstərməsə peşman olacaq və
haqlı idim.
- Cənab
Prezident, Sizin Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan
xarici işlər naziri 11 saat yarım davam edən bir
görüş keçirdilər. Siz, bu görüş davam
edərkən açıqlama verdiniz, bir şərtiniz var
idi, bizə bir təqvim versinlər. Yəni, Ermənistanın
Qarabağdan çəkilməsi üçün bir təqvim
verilsin. Moskvadakı görüşdə bir təqvim,
ya da Qarabağın gələcəyinə dair Moskvanın
ortaya qoyduğu bir layihə, bir plan oldumu?
- Xeyr, təqvim verilmədi, biz də
çox israr etmədik. Çünki Moskva
anlaşmasında, açıqlamasında bizi qane edən,
bizim maraqlarımıza cavab verən maddələr bizi təmin
etdi. Onu da bildirməliyəm ki, Moskva
müzakirələrinin uzun çəkməsinin səbəbi
o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr
o açıqlamaya salınmalı idi. Bizim
bundan xəbərimiz yox idi. Bizim Xarici
İşlər nazirimiz Moskvaya gələndə və
artıq müzakirə masasına əyləşəndə
hər iki nazirə təkliflər verildi. Təbii
ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm
olaraq əlaqədə idik. Mən bizim
şərtlərimizi demişdim və o şərtlərdən
kənarda hər hansı bir razılaşma mümkün
deyildi.
Ona görə biz vəziyyəti
nəzərə alaraq, təqvimlə əlaqədar
mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək
deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq
nə zaman? Artıq müzakirə prosesi
çərçivəsində. O açıqlamada
göstərildi ki, müzakirələr baza prinsipləri, yəni
Madrid prinsipləri əsasında bərpa edilir ki, o da
işğal altındakı torpaqlarımızın Azərbaycana
qaytarılmasını təsbit edir. Eyni zamanda,
danışıqlar formatı dəyişməz olaraq
qalır. Yəni, danışıqlar Ermənistan
və Azərbaycan arasında aparılacaq. Qondarma "Dağlıq Qarabağ
respublikası”nın hər hansı bir nümayəndəsinin
bu danışıqlarda iştirakı müzakirə
mövzusu deyil. Bunlar bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal
danışıqlar başlasın və təqvim məhz bu
danışıqlar çərçivəsində bizə təqdim
edilsin. Bu təqvim bizi qane etməlidir.
Yəni, bu, çox uzunmüddətli proses ola
bilməz. Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənibdir.
Əgər danışıqlar bərpa edilərsə,
əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu
açıqlamanı pozması göstərir ki, onların
niyyəti, sadəcə olaraq, vaxt qazanmaq və Azərbaycana
öz hücumunu davam etdirməkdir.
- Cənab
Prezident, Dağlıq Qarabağın müstəqilliyi ilə
bağlı Ermənistanın cəhdləri var. Ermənistan
Fransada, Rusiyada, hətta erməni diasporunun güclü
olduğu digər ölkələrdə siyasi təzyiq
formalaşdırmağa çalışır. Qarabağın işğaldan azad edilməsi məsələsində
Siz qətiyyətlisiniz. Qarabağ işğaldan azad
edildikdən sonra Sizin necə bir modeliniz
var? Bir muxtar bölgə, müstəqil bir struktur, necə bir
proses olacaq Qarabağla bağlı?
- Birincisi, onu deməliyəm ki, Ermənistanın
hazırda göstərdiyi cəhdlər yersizdir və
onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir
ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və
beynəlxalq hüquq baxımından Azərbaycana mənsub
olan Dağlıq Qarabağa müstəqillik verməyəcək,
onu tanımayacaq. Belə olan halda bu cəhdlər
səmərəsiz qalacaq. Azərbaycanın
ərazi bütövlüyü bütün dünya tərəfindən
tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik
edən ölkələr, onlar bizim ərazi
bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim "Tərəfdaşlıq
prioritetləri” adlı sənəd paraflanmışdır.
Orada Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir
ölkə Dağlıq Qarabağın müstəqilliyini
tanısın. Çünki bundan heç
bir saat keçməmiş bu ölkə ilə biz
bütün diplomatik əlaqələrimizi kəsərik.
Bu, mütləqdir. Ona
görə Ermənistanın bu cəhdləri, sadəcə
olaraq, daxilə, yəni, öz ictimaiyyətinə
hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər.
O ki qaldı, sülhdən sonrakı
dönəmə, bizim mövqeyimizdə hər hansi bir dəyişiklik
yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə,
beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət
təcrübəyə əsaslanır. Yəni,
birinci mərhələdə işğal olunmuş rayonlardan
erməni silahlı qüvvələri
çıxarılır. Prinsip etibarilə bu məsələ
artıq Minsk qrupu çərçivəsində təsbit
edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq
Qarabağın özündən, Şuşadan, Xankəndidən,
- orada bir çox kəndlərdə azərbaycanlılar
yaşayıb, - Azərbaycan vətəndaşları oraya
qayıdır və Dağlıq Qarabağın gələcəyi
ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Artıq biz sülhə daha da
yaxınlaşacağıq. Ona görə
orada yaşayan ermənilərlə əlaqədar bizim
mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan
çoxmillətli dövlətdir. Azərbaycanın
müxtəlif yerlərində, ilk növbədə, Bakı
şəhərində minlərlə erməni yaşayır
və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər
yaşayır və bu, ölkəmizin gücünü
artırır. Ona görə Dağlıq
Qarabağda yaşayan ermənilər narahat olmasınlar.
Biz onların canını o kriminal xunta rejimindən
qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli,
daha təhlükəsiz şəraitdə yaşayacaq və
onların rifahı daha da artacaq. Çünki
orada indi səfalət hökm sürür. Biz oraya sərmayə
də yatırarıq, biz orada sosial proqramlar da icra edərik,
iş yerlərinin yaradılması ilə əlaqədar
proqramlarımız olacaqdır. Bütün
bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar
üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları
oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın
tarixi-dini abidələrini yerlə-yeksan etmək və ondan
sonra elan etmək ki, bu, qədim Ermənistan
torpağıdır. Halbuki ermənilər
oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində
köçürülüb. Bu, tarixdir.
Bu tarixi biz bilirik. Ona görə
bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan
xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir.
- Cənab
Prezident, bu fikirlərinizdən başa düşdüyüm
qədər, Siz, təkcə əməliyyatı deyil, əməliyyat
sonrasını da izah etdiniz, mərhələ-mərhələ
konsepsiyasından bəhs etdiniz. Ancaq bilirik ki, münaqişə
dövründə çox böyük kədər
yaşandı, Qarabağda 30 min Azərbaycan türkü həlak
oldu, şəhid oldu. Yenidən o coğrafiyada
xalqlar birlikdə yaşaya biləcəkmi? Yaxud, ermənilər və Azərbaycan türkləri
ayrı-ayrı rayonlarda yaşayacaqlar? Necə
bir planlaşdırma olacaq?
- Bilirsiniz, Azərbaycan xalqı
çox xeyirxah xalqdır. Məhz ona görə
Azərbaycanda onlarla digər xalqların nümayəndələri
yaşayırlar, sülh, ləyaqət içində
yaşayırlar. Odur ki, mən tam əminəm,
ermənilər və azərbaycanlılar o bölgələrdə
bir yerdə yaşaya bilərlər. Necə
ki, bu gün Azərbaycanın digər yerlərində, necə
ki, məsələn Gürcüstanda. Gürcüstanda
300 mindən çox azərbaycanlı və təqribən
200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə
onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur.
Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada
da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik?
Mən hesab edirəm ki, biz
buna hazır olmalıyıq. Biz
xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan
xalqı tərəfindən qəbul edilir və dəstəklənir.
Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda
yaşayan ermənilərə də mənim müraciətimdir.
Onlar bilsinlər ki, Azərbaycan xalqı
onların düşməni deyil. Sadəcə
olaraq, Azərbaycan xalqı öz dədə-baba
torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan
xalqının haqqı var. Onlar da yaşasınlar, biz də
yaşayaq. Amma bizi qovsunlar, onlar
yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç
vaxt razı ola bilmərik.
Əlbəttə ki, hər
bir müharibə sülh ilə nəticələnir. Ona görə,
indi biz müharibədən sonrakı mərhələyə
də baxmalıyıq. Əgər hər
iki tərəfdə güclü siyasi iradə olarsa və
beynəlxalq təşkilatlar bu məsələdə bizə
kömək edərsə, hesab edirəm ki, buna nail olmaq
mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail
olaq.
- Cənab
Prezident, hazırda Ermənistan Azərbaycanın
yaşayış məntəqələrini atəşə
tutur. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi
obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki
ərazilərdə əməliyyat həyata keçirir. Amma
Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni,
mülki əhalinin yaşadığı digər yerləri hədəfə
alır. Bundan məqsəd panika, xaos və qorxu
yaratmaqdırmı? Siz hazırda Azərbaycan
xalqının bu psixologiyasını necə
görürsünüz?
- Siz haqlısınız, məqsəd
budur, panika yaratmaq, xaos yaratmaq, qorxu yaratmaq. Bu
gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik
şəraitində yeni vətənpərvər, həm mənəvi,
həm də fiziki cəhətdən güclü insanlar
yetişibdir. Eyni zamanda, yaşlı nəsil
də bu gün tam başqa bir dünyagörüşünə
malikdir. Dövlətimizin güclü iradəsi
var, güclü ordumuz var. Məhz buna görə bu xain
hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər
çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi
düşüb. Tərtər balaca bir
şəhərdir, Gəncə kimi böyük şəhər
deyil. Bu gün səhər mənə
verilən məlumata görə, 100-dən çox mərmi səhər
saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində
mindən çox mərmi Tərtər şəhərinə
düşüb. Amma tərtərlilər
bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə
getmirlər və deyirlər, öldü var, döndü
yoxdur. Həmçinin Ağdamda da,
Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə
yaxın olan bütün başqa bölgələrdə də
belədir. Onlar düşmənlə
üz-üzə yaşamağa öyrəşiblər.
2016-cı ildə, məşhur Aprel
döyüşlərindən sonra mən erməni vəhşiliyindən
zərər çəkmiş bölgələrə getdim və
bir kənddə oldum. O kənddən erməni mövqelərinə
məsafə 100-150 metr idi. Bizim hərbçilər
mənə dedilər ki, oraya getməyin. Getməyin,
ora təhlükəlidir. Dedim, orada bizim insanlar
yaşayır, onlar üçün təhlükəli
deyilmi? Onlar nə qədər cəsarətli, nə
qədər qürurlu insanlardır ki, orada düşmənin
atəşi altında yaşayır, qurur,
övladlarını böyüdür. Azərbaycan
xalqı, bax, bu xalqdır!
Ona görə bu xain
hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə
bilməz. Ermənistanın digər bir məqsədi bizi
dayandırmaqdır. Onlar zənn edirlər
ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi
heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və
uğurla davam edirik. Bayrağımızı
qaldırırıq, torpaqlarımızı azad edirik və
sona qədər bu yolu gedəcəyik!
- Cənab
Prezident, Minsk qrupu ilə bağlı. Münaqişənin 30
ildir davam etməsinə baxmayaraq, bir həll yolu
tapılmadı. Dünən bir media qurumuna müsahibənizdə
formatın yenidən nəzərdən keçirilə biləcəyini,
daha doğrusu, tərkibin dəyişə biləcəyini
dediniz. Bu tərkib necə olmalıdır?
Türkiyə masada rol
almalıdırmı? Çünki səhər saatlarında
Rusiyadan bir açıqlama gəldi, Türkiyənin o masada olması çox da arzu edilmir. Bu məsələyə necə
baxırsınız? Bir də bununla
bağlı daha bir sual vermək istəyirəm. Cənab
Prezident, Rusiya bu prosesdə Qarabağa sülhməramlılar
göndərmək istəyərsə, Sizin buna münasibətiniz
necə olar? Səhv etmirəmsə bir media
qurumunda belə bir sual ilə
qarşılaşmışdınız?
- İlk növbədə,
onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə
göndərilməsi hər iki ölkənin - Ermənistanın
və Azərbaycanın razılığı əsasında
olmalıdır. Həmçinin sülhməramlıların
göndərilməsi və sülhməramlıların tərkibi.
Yəni orada kim olacaq, hansı ölkələr
olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii
ki, bu, olmayacaq. İkinci məsələ ondan
ibarətdir ki, hər kəs anlamalıdır bu gün
sülhməramlıların göndərilməsi deyəndə
Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən
söhbət gedir. Bizim icazəmiz olmadan hər
hansı ölkə sülhməramlılarını bizim
torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq
hüquqa ziddir. Bu, qəbuledilməzdir.
Ona görə bizdə belə
bir narahatlıq yoxdur. Belə səylər, belə istəklər ola bilər. Mən bunu istisna
etmirəm. Ancaq bütün məsələlər
masa üzərində olmalıdır. Onu
da bildirməliyəm ki, müzakirə mövzusu olan baza
prinsiplərində sülhməramlıların göndərilməsi
ən son mərhələdə nəzərdə tutulur.
Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər
həll edilməlidir - torpaqların boşaldılması, məcburi
köçkünlərin qaytarılması, sərhədlərin
açılması, nəqliyyat və ticarət əlaqələrinin
qurulması. Ondan sonra sülhməramlıların
gətirilməsi də istisna deyil. Ancaq nəzərə
alsaq ki, bu 30 illik müzakirə müddətində biz
müsbət nəticəyə yaxınlaşmadıq və
bu məsələ heç müzakirə də olunmayıb.
Ona görə bu məsələ ilə bağlı hər
hansı bir fərziyyə, istək ola bilər.
Ancaq Azərbaycanın razılığı
olmadan bu, mümkün deyil.
O ki qaldı, Minsk qrupunun fəaliyyəti
ilə əlaqədar məsələyə, mən artıq
bir neçə dəfə demişəm
ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar
buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr
var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər
hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll
edilməsini istəyirlərsə, - biz bunu istəyirik, - elə
ölkələr olmalıdır ki, onlar real həyatda
sülhün təmin olunmasına xidmət edə bilsinlər.
Təbii ki, biz qardaş
Türkiyəni bu prosesdə görürük. Biz bunu
alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT
tərəfindən qurulmuşdur və ATƏT-in öz
qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin
ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək
istəmirik. Ona görə mən demişəm
ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki,
Türkiyə bu masada olsun. Onsuz
da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb
Tayyib Ərdoğan Qarabağ məsələsi ilə
bağlı hörmətli Putinlə dəfələrlə
görüşmüşdür, dəfələrlə
danışmışdır. Artıq uzun
illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ
Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir.
Mənim bundan xəbərim var. Həm Türkiyə
Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər.
Onsuz da Türkiyə var. İndi daha çox,
daha böyük həcmdə, daha böyük miqyasda var.
Bilirsiniz ki, Türkiyənin
Xarici İşlər naziri cənab Mövlud
Çavuşoğlu cənab Lavrovla, Türkiyənin
Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə
telefonla danışırlar. Kim deyə bilər ki,
Türkiyə prosesdə yoxdur. Türkiyə
yoxdursa, nə üçün danışırsınız?
Türkiyə var. Biz də əlimizdən gələni
edəcəyik ki, bundan sonra da olsun. Çünki
Türkiyənin burada iştirakı olmasa, bu məsələ
həll edilə bilməz. Bunu hər kəs
anlamalıdır. O ki qaldı, yenə də deyirəm,
bu məsələnin formal tərəfinə, bu formal tərəf
qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il
ərzində bir nəticə hasil etmədi. Ancaq
bu məsələ nə qədər tez həll olunarsa, o qədər
də tez Minsk qrupuna ehtiyac qalmayacaq.
- Cənab
Prezident, bir tərəfdən Ermənistanın baş naziri
Paşinyan əməliyyatdan əvvəl Şuşada rəqs
etdi, xalqını coşdurmağa çalışdı. Bir tərəfdən də müharibədə məğlub
olduqca Türkiyəni ittiham etməyə başladı. Türkiyəni buraya əcnəbi
döyüşçüləri gətirməkdə
günahlandırdı. Eyni zamanda, beynəlxalq
medianın da bu mövzuya çox yer
ayırdığını gördük. Həmçinin
Amerikadakı bir qəzetdə əcnəbi
döyüşçülərin, Türkiyə təyyarələrinin
Azərbaycanda olduğu xəbərləri yayımlandı.
Siz Paşinyanın o rəqsini necə dəyərləndirirsiniz,
bu gün hazırkı durum ortadadır. İkincisi,
Türkiyənin mövqeyi və bu təyyarələr
mövzusu ilə bağlı fikirlərinizi bilmək istərdim.
- Paşinyanın sərxoş vəziyyətdə
rəqsi və digər təhqirləri, həqarəti Azərbaycan
xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün
döyüş meydanında alırıq, əvəzini
çıxırıq. Azərbaycan əsgəri
döyüş meydanında göstərir ki, kim
haqlıdır, kim haqsızdır. Biz
gücümüzü, xalqımızın iradəsini
döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da
cavabsız qalmır və qalmayacaq. Azərbaycan
xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və
qalmamalıdır. Bu gün azad etdiyimiz
şəhərlər, kəndlər Paşinyana və onun
kimlərə bizim ən gözəl cavabımızdır.
O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə
aparacaq. Mən demişdim ki, Azərbaycan
xalqının ləyaqəti ilə oynamasın, diqqətli
olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi
onu müdafiə edəcək, o zənn edirdi ki, böyük
dövlətlər gəlib onun yerinə vuruşacaq, bu
gün də bunu istəyir. O, Rusiyanın Prezidenti hörmətli
Vladimir Putinə bir gündə telefonla dəfələrlə
zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata
verildi, bir hissəsi isə verilmədi. Bizdə
məlumat var ki, bu son atəşkəsdən sonra da
Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri,
əlbəttə, göstərir ki, bu adam
panikaya qapılıb, təşviş içindədir,
özünü itirib. Azərbaycan Ordusu
döyüş meydanında düşmənə elə
sarsıdıcı zərbələr endirir ki, artıq onlar
qeyri-adekvat duruma düşüblər. Bu,
məsələnin bir tərəfi.
O ki qaldı, Türkiyənin burada
iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya
gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə
F-16-ları ilə əlaqədar məsələyə mən
artıq münasibət bildirdim. Türkiyə
F-16-ları buradadır. Onlar təlim
zamanı gəlmişdilər, təlimdən və erməni
hücumlarından sonra burada qaldılar. Amma
onlar yerdədir, havada deyil. Onlardan heç
biri bu savaşda iştirak etməyib. Türkiyədən
heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı,
əcnəbi insanlara, o da yalandır. O, bizə atılan
iftiradır, böhtandır. Bizə bir dənə
də sübut gətirilmədi. Sadəcə
olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi,
vəssalam.
- Konkret sübut
ortaya qoyuldumu?
- Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir.
Mən sizə indi deyə
bilərəm ki, kəşfiyyat orqanlarımız bizə
böhtan atan ölkələrlə əlaqədə olublar,
deyiblər ki, bizə dəlil, sübut verin. Vermirlər.
Sözdür. İndi mətbuatda kim yazırsa yazsın, o bizi maraqlandırmır.
Onsuz da Qərb mediası hər zaman Ermənistanın
tərəfini tutub və bizə bundan əvvəlki dövrdə
də hər zaman çox mənfi münasibət bəsləyib.
Ona görə bu iftiralara biz öyrəşmişik.
Ancaq rəsmi şəxslərin
açıqlamaları qəbuledilməzdir. Ya bunu
sübut et, ya da ki, öz sözlərini
geri götür. Belə bir şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan kifayət
qədər güclü orduya malikdir ki, bu məsələləri
özü həll etsin.
Bir də ki, əcnəbi vətəndaşların
iştirakına gəldikdə, baxsınlar Ermənistana, orada
nə qədər əcnəbi terrorçular var. PKK-nın
düşərgələri var orada. O cümlədən Dağlıq
Qarabağda PKK-nın düşərgələri var. Biz bu
bölgəni işğalçılardan təmizləyəndən
sonra o düşərgələri də məhv edəcəyik.
Nə qədər əcnəbi bu gün bizə
qarşı bu döyüşlərdə iştirak edir.
Orada öldürülən terrorçuların
üzərindən Kanada pasportları, Livan pasportları
çıxıb. Onlar erməni əsillidir,
ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir.
Başqa ölkənin vətəndaşı gəlib
bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır.
Bir də deyirlər ki,
Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz,
Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz
artıq böyük sınaqlardan çıxıbdır.
Biz Türkiyədən hərbi texnika
alırıq, ancaq biz başqa ölkələrdən də
alırıq. Biz Rusiyadan, İsraildən,
Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən,
o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye
kompleksi var. Niyə almayaq? İndi
baxın, Ermənistan nə edir? Biz pulla
alırıq. Məndə tam siyahı var,
o, sonra dərc ediləcək. Amma bir
neçə məsələyə diqqətinizi çəkmək
istəyirəm. Bu iki həftə ərzində
Ermənistanın 200-dən çox tankı məhv edildi, 33
tank qənimət götürüldü. Yəni,
233 erməni tankı bizdədir. Ondan sonra
iki S-300 qurğusu məhv edildi. Hər
birinin qiymətini hər kəs bilir. Ondan
sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv
edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə
silahlar. Əgər hamısını hesablasan,
ancaq məhv edilən və qənimət götürülən
texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan
tapdın? Sən bunu pulla aldınmı?
Xeyr. Sənə verdilər.
Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz
bölgəsində toqquşmadan sonra, iyulun 16-da
münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər
gün karqo təyyarələri Ermənistana silah
daşıdı. Baxın, Ermənistanın
dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam.
Onun başqa pulu yoxdur. Xarici
dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ
nə qədər məhv ediləcək texnika? Əgər
müharibə davam edərsə, biz onların bütün
ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər
tez dayandırsalar, o qədər də tankları, topları
qoruya bilərlər. Hələ Ermənistan
ərazisində nə qədər var. Rusiyanın Ermənistanda
hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var?
Yoxdur. Ermənistanın
İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri
mühafizə edir. Azərbaycan sərhədində
Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə
deyərlər, açarıq sandığı, tökərik
pambığı, belə bir atalar sözü var.
- Cənab
Prezident, PKK-nın Qarabağda düşərgələrindən
bəhs etdiniz. Düşərgələrin
hansı bölgələrdə olduğu bəllidirmi?
- Bizdə bu barədə kəşfiyyat
məlumatı var. Bu barədə mən daha ətraflı
açıqlama vermək istəmirəm. Daha
çox dağlıq bölgəsindədir. Çünki işğal edilmiş torpaqların bir
hissəsi dağlıq ərazidir, bir hissəsi isə düzənlikdir.
Onlar daha çox meşələrdə və
dağlıq ərazilərində yerləşiblər.
Bu məsələ ilə bağlı biz dəfələrlə
beynəlxalq təşkilatlarda öz sözümüzü
demişik. Hətta mən əvvəlki vəzifəmdə
olarkən, - deputat kimi Avropa Şurası Parlament
Assambleyasının Azərbaycan nümayəndə heyətinin
rəhbəri idim, - orada da məsələ
qaldırmışdım. Avropa
deputatlarının diqqətini cəlb etmişdim bu işlərə
ki, onlar Ermənistana sanksiya tətbiq etsinlər. Yəni, Ermənistan terrorçu ölkədir,
terroru təşviq edən ölkədir. Ona
görə belə kəşfiyyat məlumatları var. Eyni
zamanda, Rusiyanın xarici kəşfiyyat idarəsinin
açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə o açıqlama heç bir mətbuatda
yer almadı. Həmin açıqlamada
deyildi ki, Azərbaycanda əcnəbi adamlar vuruşur. Eyni açıqlamada Ermənistanın adı
çəkilməsə də, PKK-nın da
döyüşdüyü bildirilib. Aydındır ki,
PKK Azərbaycanda ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə
bir kəlmə də yoxdur? Ört-basdır
etmək istəyirlər, diqqətdən kənarda saxlamaq istəyirlər.
Amma bütün bu torpaqlarda Azərbaycan
bayrağı dalğalanandan sonra orada bir dənə də
terrorçu sağ-salamat qala bilməz.
- Cənab
Prezident, indi enerji ilə bağlı təhlükəsizlik məsələsi
müzakirə olunur. Ermənistan TANAP, ya da Türkiyəyə
gedən boru xətlərini hədəfə alan
hücumlar etdi. Bunun təhlükəsizliyini necə
təmin edəcəksiniz? Avropada enerjiyə ehtiyac var,
avropalı dostlar buna necə baxırlar?
- Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə
alırıq. Çünki Ermənistandan
hər şey gözləmək olar. Elə
Tovuz bölgəsində iyul ayında baş vermiş
toqquşmaların səbəblərindən biri də o idi.
O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət
altına almaq. Məhz elə ona görə
onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək
istəyirdilər. Ancaq bunun acı nəticəsini
yaşadılar. 2006-cı ildə
Bakı-Tbilisi-Ceyhan istismara veriləndən bu günə qədər
boru xətlərinin təhlükəsizliyi ilə
bağlı Azərbaycan ərazisində bir dənə də
problem olmamışdır, bir dənə də, nə texniki
problem, nə də ki, hansısa bir təxribat. Çünki Azərbaycan ərazisində bizim kifayət
qədər inkişaf etmiş müdafiə sistemimiz var.
Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə.
Boru xəttinin yerin altında, dərində yerləşməsi
təbii ki, bunu havadan da müəyyən dərəcədə
mühafizə edir. Ancaq əgər Ermənistan
bu çirkin planları, yəni, boru xətlərinin
sıradan çıxarılması planlarını həyata
keçirərsə, onlar üçün cavab çox
ağır olacaq. Biz bu barədə
artıq xəbərdarlıq etmişik. Hesab edirəm
ki, gələn il TANAP-dan qaz alacaq Avropa
ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil.
TANAP-ın başqa səhmdarları var,
TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi
üçün müstəsna əhəmiyyət
daşıyan bir layihədir. Ona görə
hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər
hansı bir ziyan dəyməsin.
- Cənab
Prezidentim, daha bir sual vermək istəyirəm. İndi
Paşinyan özünü itirib, təkcə özünü
deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə
atıb. Ermənistanda yaşayan 3 milyon
insan təhlükə altındadır. Avropadakı ermənilərdən,
ya da oradakı iş adamlarından vasitəçi olan, deyən
ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir,
bununla bağlı bir telefon zəngi, danışmaq istəyən
olubmu?
- Xeyr, bununla bağlı bizə
heç bir telefon zəngi olmamışdır, heç bir
mesaj göndərilməmişdir. Ancaq bu,
gözlənilən idi. Bilirsiniz, hər
bir rəhbər, hər bir idarəçi təcrübəyə
malik olmalıdır. Biliklər öz
yerində, təcrübə, idarəetmə təcrübəsi.
İndi bəzi ölkələrdə hakimiyyətə
gəlmiş insanların heç bir təcrübəsi
yoxdur. O, heç kiçik bir kolxoza da
başçılıq etməmişdir. Heç
kiçik bir firmaya, dükana da başçılıq etməmişdir.
Onun tabeliyində bəlkə heç beş
nəfər də olmayıb. Sən ölkəni
necə idarə edə bilərsən? Ölkəni
idarə etmək çətin məsələdir, xüsusilə
bizim bölgəmizdə. Oturuşmuş
Avropa ölkələrində bu, o qədər də çətin
məsələ deyil. Çünki
ölkələr var ki, heç bilmirlər onun
başçısı kimdir. Heç
insanları maraqlandırmır, onlar öz həyatını
yaşayır, sistem oturuşub, hər şey artıq sistem
altındadır. Amma bizim bölgəmizdə
ölkəni idarə edən insandan çox şey
asılıdır - insanların həyatı, təhlükəsizliyi,
rifahı, beynəlxalq imici. Paşinyan
küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin
müxbiri idi. Küçədən gəldi
rəhbər oldu. Nə etdi ondan sonra?
Ermənistanı fəlakətə aparır.
Baxın, Ermənistanda bu gün diktatura tam
hökm sürür. İki keçmiş
prezidentin hər birinə cinayət işi açıldı.
Biri iki ilə yaxın həbsdə oturdu, sonra
onu buraxdı, amma cinayət işi qalır. O birisinə
də ölkə xaricinə çıxma qadağası
qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas
müxalifət partiyasının sədrini həbsə
atdı. Ondan sonra Konstitusiya Məhkəməsini
darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin
sədrini şantaj etdi, həbslə hədələdi və
zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə
çürüdür. Biri aclıq elan
etdi və orada öldü. Beynəlxalq
müstəvidə, ənənəvi müttəfiqlərlə
problem yaşandı. Rusiya ilə, Belarus ilə,
digər ənənəvi müttəfiqlərlə problem
yaratdı. İndi Paşinyanın ən
çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin
Nizamnaməsində yazılıb ki, əgər hər hansı
bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr
bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş
rejimin adamı idi. Onu həbsə atdı.
Yəni, o təşkilatı da təhqir etdi.
Nə qədər belə şeylər etdi.
Artıq hər kəs bilir ki, Paşinyan Sorosun
bir məhsuludur. Bu, Soros tərəfindən
idarə olunan bir adamdır. Postsovet məkanında
baş vermiş çevrilişlər, "inqilablar” bir mənbədən
qaynaqlanır. Soros artıq ümumi bir
anlayış oldu. Mən tək onu nəzərdə
tutmuram. Budur, Paşinyanın da Sorosla
şəklini internetdə axtarın. Durublar
qol-qola, bədənləri də bir-birinə
yapışıb. Çox eybəcər
bir fotoşəkildir. Odur onun atası.
Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr
Sorosun növbəti məğlubiyyətidir.
2005-ci ildə onlar Azərbaycanda
bunu etmək istədilər - narıncı inqilab. Amma mən
durdum onların qabağında, əzdim onları, qovdum
buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını
da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik.
Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət
təşkilatları vasitəsilə oraya pullar gətirildi,
insanlar yetişdirildi. Bu gün Paşinyan
komandasının 90 faizi Soros, "Transparency International”,
"Amnesty International”, "Human Rights Watch” və bu kimi çirkin
təşkilatların nümayəndələridir. Ona görə
mən bu yaxınlarda rus kanallarının birinə müsahibə
verəndə dedim ki, bu gün bizim məqsədimiz
Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox
qalsa, bizim üçün o qədər də
yaxşıdır. Yəni, başa
düşürsünüz nəyə görə.
- Cənab
Prezident, sonuncu sual. Əslində, planımda yox
idi, amma bunu da soruşmaq istəyirəm. Bundan
sonrası necə davam edəcək? Türkiyədən
çox ciddi ictimai dəstək var, yəni, ictimaiyyət deyərkən,
insanlar, hər kəs Sizin
çıxışlarınızı izləyir və dəstək
verir. Amma 15 gündür mən Azərbaycandayam,
Bərdədə, Mingəçevirdə, Gəncədəyəm.
İnsanların Sizə möhtəşəm dəstəyi
var. Getdiyimiz hər yerdə evi dağılan insanlardan
soruşuram, "Eybi yox, evim dağılsın, evim, avtomobilim
yansın, vacib deyil, amma Qarabağ alınsın” deyirlər.
Möhtəşəm bir dəstək var. Bunu hər
bir insandan soruşduğumuz zaman görürük. Burada
ən böyük dəstək də Sizə var. Müxalifətdən
də var, iqtidardan da var. Bundan sonrakı proses necə davam edəcək?
Necə bir proses gözləyirsiniz? Sizcə, bu proses nə qədər
davam edər? Siz təcrübəli bir atanın
oğlusunuz. Qafqazın və bu bölgənin
ən təcrübəli siyasi xadimi Heydər Əliyevin
oğlusunuz. Qarabağ, Türkiyə və bu bölgə
ilə əlaqədar Sizə söylədiyi və
yadınızda qalan bir cümlə, bir fikir varmı?
- Bilirsiniz, evləri
dağılmış insanların problemlərini biz həll
edərik. Onlar heç narahat olmasınlar.
Özü də qısa müddət ərzində.
Yadımdadır, 2016-cı ilin aprel ayında Ermənistan bizə
hücum edəndə bizdə təqribən 1000-dən
çox ev dağılmışdı və
mən o evlərin sahibləri ilə görüşlər əsnasında
demişdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa
edəcəyik. Ondan təqribən 8 ay sonra yenə
onların yanına, Ağdam və digər cəbhəyanı
bölgələrə getdim, evlərinin
açarlarını onlara təqdim etdim.
İlyarım əvvəl
Şamaxı şəhərində zəlzələ oldu,
minlərlə ev dağıldı. Getdim
oraya dedim ki, narahat olmayın, bütün
evlər bərpa ediləcək. Onu da etdik.
Bir neçə ev qalıb, onları da bərpa
edəcəyik. Bizdə təqribən 10 il
bundan əvvəl daşqın oldu, böyük bir ərazi su
altında qaldı. Təxminən 5 mindən çox ev uçub dağılmışdı. Hamısı dövlət tərəfindən bərpa
edildi. Mənim yanaşmam belədir ki, əgər sənin
100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə,
sən gözəl təmirli yeni ev
alacaqsan. Ona görə mülkiyyətini, evlərini
itirmiş insanlara yardım ediləcək. Ondan başqa,
bizim kəndlərdə bir çoxları ev
heyvanlarını da itirdilər. Bu, onlar
üçün qazanc mənbəyidir. Mən artıq
tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib o da
veriləcək. Biz bu məsələni mütləq
həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o
hansısa sığorta şirkətinə gedib müraciət
etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur
ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir.
Bunu hər kəs bilir və mənim tapşırıqlarımı
yerinə yetirəcəklər.
Bu hadisə Azərbaycan
xalqının nə qədər böyük xalq olduğunu
bir daha göstərir. Deyir ki, evim də batsın, malım da
batsın, təki Qarabağ alınsın və biz
hamımız bu amalla yaşayırıq, hamımız.
Biz bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa
yox? Buna son qoyuruq və qoyacağıq.
Ona görə bu məsələ
ilə bağlı indiki mərhələdə yalnız irəli
getməliyik.
Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik.
Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən
də, o tərəfdən də insanlar ölməsinlər.
Onlar da yazıqdırlar. Onları
da qovurlar. İndi bizim Müdafiə
Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni
əsgərlərini, zəncirlə, dəmirə
bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki,
qaçmasınlar. Neçə dənə
belə meyit çıxdı. Dəhşətdir, bunlar
adam deyil. Bir də son
günlərdə erməni əsgərlərinin arxasınca
cəza taborları gəlir. Əgər
kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik,
belə faşizm.
Biz bu nisgillə
yaşadığımız üçün istəyirik ki,
oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana
şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına
otur, bu məsələni həll et,
torpaqlarımızı bizə ver. Sənin torpağın bizə
lazım deyil. Bizim Ermənistan torpağında
gözümüz yoxdur. Sizə də
söylədim, oradakı ermənilər harada
yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir
problemimiz yoxdur. Yəni, bu mərhələ
üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər.
O ki qaldı, artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.
Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq.
- Cənab Prezident, çox təşəkkür edirəm.
Sıx iş rejimində, xüsusilə bir tərəfdən
cəbhədən xəbərlər gəlir, bir tərəfdən
diplomatik proseslər içərisindəsiniz. Amma təbii ki,
Sizinlə söhbət edərkən, bu reportaj əsnasında
gördüm ki, Siz, əslində, Ermənistan ictimaiyyətinin
daxilində danışılanları da çox yaxşı
izləyirsiniz. Bizə vaxt ayırdığınız
üçün "Haber Türk” adından çox təşəkkür
edirəm, cənab Prezident.
- Sağ olun. Mən təşəkkür
edirəm. Çox
sağ olun.
Azərbaycan.- 2020.-15 oktyabr.- S.1; 3.