Azərbaycanın və Rusiyanın Xarici
İşlər nazirləri arasında telefon
danışığı olub
Oktyabrın 14-də Azərbaycanın Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda son gərginliklə bağlı məlumat verib. O, oktyabrın 14-ü gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyi Sergey Lavrovun diqqətinə çatdırılıb.
Nazir Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə, Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumu nəzərə alınaraq hərəkət etdiyini vurğulayıb. Beləliklə, növbəti insan faciəsinin qarşısı alınıb və çox sayda azərbaycanlı mülki şəxsin həyatı xilas edilib.
Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Xarici
İşlər naziri Sergey
Lavrov mülki şəxslərin
tələfatı ilə bağlı öz
ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı
razılaşdırılmış humanitar
atəşkəsə riayət edilməsinin vacibliyini
vurğulayıb.
Azərbaycan.-
2020.-15 oktyabr.- S.4.