Yolumuz Qarabağadır, üzü Şuşaya doğru!

 

Azərbaycan Ordusunun müzəffər yürüşü artıq 10 minlərlə məcburi köçkünün yurdsuzluq həsrətinə son qoyur

 

 

Yolumuz Qarabağadır! 30 ilə yaxındır doğma yurdundan didərgin salınaraq məcburi köçkün kimi respublikamızın hər yerində məskunlaşan soydaşlarımızın bugünkü sevincdən axan göz yaşları dualarına qarışıb.

Başda Ali Baş Komandan olmaqla xilaskar Azərbaycan Ordusunun müzəffər yürüşündə Tanrının onlara dayaq olmasını diləyirlər. Müqəddəs diləkli xalqımız inanır ki, qısa zamanda xeyli ərazimizi düşməndən azad edən Ordumuzun qələbə soraqlı yürüşləri Şuşayadır! Düşmən layiq olduğu cavabı sonadək alacaq! Çünki Ordumuz buna qadirdir: hər gün yeni-yeni mövqeləri azad edir.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şərt o deyil ki, mövqelər kənd, yaxud şəhər, dərə-təpə, ya da ki, dağ olsun. Əlbəttə, azad edilən hər yüksəklik kənddən, şəhərdən daha önəmlidir: "...Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək, o başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir gün, iki gün sonra açıqlama veririk. Bunun da taktikası var”.

 

 

 

Siyasi proses başlamasa, durmayacağıq

 

 

 

Daşnak ideologiyalı ermənilərin özlərinin uzun illər uydurduğu "yenilməz ordu” əfsanəsi qəhrəman Azərbaycan əsgərləri tərəfindən darmadağın olundu: silah-sursatını, ağır artilleriyasını qoyub qaçan erməni əsgərləri bununla təsdiqlədilər ki, onlar vətən uğrunda döyüşmür, daşnakların sərsəm ideyalarının qurbanları kimi qarşı tərəfə atəş açmağa məhkumdurlar. Bunu təsdiqləyən faktlardan biri öz səngərində zəncirlə bağlanan erməni əsgəridir. Ona görə bu reallıqlarla təcavüzkar Ermənistan və onun son günlər başını itirmiş baş naziri N.Paşinyan və onların havadarları hesablaşmalıdırlar. Dövlət başçısının Azərbaycan xalqında və ordusunda mübarizlik ruhunu qaldıran qətiyyətli fikirlərindən biribudur: "Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın sülh yolu ilə öz torpaqlarımızı azad edək”.

Azərbaycanın beynəlxalq birlik tərəfindən haqq işinin dəstəklənməsi döyüş meydanlarındakı üstün möveyimizlə yanaşı, informasiya cəbhəsində düşməni qabaqlamağımızdır. Dünyanın, o cümlədən qardaş Türkiyənin aparıcı televiziyalarına müsahibəsində dövlət başçısı məhz bu amili diqqətdə saxlayır. Dövlət başçısına ünvanlanan suallardan biri işğaldan azad edilən ərazilərlə bağlı idi: "Bu gün biz, daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etmək məcburiyyətində qalmış insanlarla görüşdük, aralarında xocalılılar, cəbrayıllılar var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlə tikilən qəsəbələrə getdik. Hər kəsin üzündə bu ifadə var idi: Sizə, dövlətə böyük minnətdarlıq hissi. "Biz burada heç bir şeyə ehtiyacımız olmadan yaşayırıq, lakin biz öz torpaqlarımıza dönmək istəyirik,- deyirlər. Xüsusilə cəbrayıllılar, "işğaldan azad edilən torpaqlarda edəcəksiniz?” sualına, "təki bir damımız olsun, kifayətdir”,-deyirlər. Bəs, Siz edəcəksiniz o insanlar üçün?

 

 

 

Köhnə yurdda yeni həyat başlayacaq

 

 

Azərbaycan Prezidenti bu sualı cavablandırarkən bir daha Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma ev-eşiyindən didərgin salınan insanların vətən, torpaq, yurd sevgisinin heç vaxt azalmadığına xüsusi diqqət ayırdı. Onların pozulmuş insan hüquqlarının bərpasından söz açaraq bildirdi ki, biz orada nəinki damlar, şəhərlər quracağıq, ora əmin-amanlıq, dinc həyat qaytaracağıq: "Bütün dağılmış yerləri bərpa edəcəyik. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri gedirlər. Bəzilərində isə hərbçilər videoya çəkirlər. Orada bir dənə salamat ev, yaxud inzibati bina yoxdur. Bu faşist əməlləri dünya görməlidir. Görün, indi Ağdam, Füzuli gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki , məscidi , xəstəxanası da, məktəbi , evlər var, hər şey var. Bir ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir uzun illər erməni tapdağının altında olmasına baxmayaraq. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”.

Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan dövlətinin qaçqın məcburi köçkünlərin istər məskunlaşması, istərsə işlə təmin olunması, sosial şəraitlərinin yaxşılaşdırılması məsələsində həyata keçirdiyi siyasət dünyada, xüsusən Avropada nümunəyə çevrilib. Çadır düşərgələrinin ləğvi, məcburi köçkünlərin bütün infrastruktura malik yeni salınmış qəsəbələrə köçürülməsi dövlətimizin sosial siyasətinin prioritetinə çevrilib. Bu il daha 7 min ailə yeni mənzillərə köçürülüb. Təqribən 35 min nəfər bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Əlbəttə, bu, məcburi köçkünlərə dövlət qayğısının bir hissəsidir. Biz bura hər nəfər məcburi köçkünə ayrılan aylıq müavinət kommunal xərcləri əlavə etsək, real mənzərə yaranar. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Bunun nəticəsidir ki, dövlət başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərdə onlar həmişə təşəkkürlərini bildirirlər deyirlər ki, "burada hər şey yaxşıdır, bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik”.

 

 

Xəyalıyla yaşadığımız yurdlar, gəlirik!

 

 

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır: ya hansısa bir şəhər, ya kənd azad edilir, yaxud işğalda qalan ərazisi nəzarət altına alınır. Ermənistanın sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti təxribatın nəticəsi olaraq başlanan hərbi əməliyyatlar işğal altındakı torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Tərtər, Cəbrayıl, Füzuli rayonlarının 30 ilə yaxındır işğal altında olan yaşayış məntəqələri, Hadrut düşməndən azad edilib. Bu, Azərbaycan Ordusunun tarixi missiyasını rəşadətlə yerinə yetirməsi deməkdir. Azad olunan yaşayış məntəqələrimiz çoxaldıqca, o yerlərə həsrət qalan doğma sakinlərin də sayı artır. Füzuli rayonunun işğaldan azad edilən Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Yuxarı Güzdək, Gorazıllı kəndlərinin 13 min 743 nəfərlik əhalisinin o yerlərə tezliklə dönmələri reallığa çevrilib. Belə sevinci yaşayan yalnız onlar deyil. Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəcəl, Şıxəli Ağalı, Sarıcalı, Məzrə, Süleymanlı, Əfəndilər, Qaracallı, Qışlaq kəndləri, Cəbrayıl şəhəri də daxil olmaqla, 43 min nəfərin də yurdsuzluq həsrətinə son qoyulub! Hələ bu davam edir.

2016-cı ildə Lələtəpə zəfəri ilə işğaldan azad edilən Cocuq Mərcanlı kimi, bu kənd və qəsəbələrdə də həyat 30 il əvvəlki axarına dönəcək. Ən əsası isə onlara "qaçqın-köçkün” deyilməyəcək. Bu yaşayış məskənləri də yenidən qurulacaq və oraların əsl sahibləri geri dönəcəklər.

 

 

Mənə "qaçqın-köçkün” deməyin…

 

 

Düşməndən azad edilən yalnız Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri deyil. Bu günlər şanlı tarix yazan Azərbaycan Ordusu sentyabrın 27-dən genişmiqyaslı əks-hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, Tərtərin "alınmaz qalakimi tanınmış Suqovuşan, Talış, Çaylı, Ağdərənin Madagiz, həmçinin Xocavəndin Hadrut qəsəbəsi və Sur kəndlərini, ümumiyyətlə, 40-dan artıq yaşayış məntəqəsini də işğaldan azad edib.

2016-cı ilin aprelindən zəfər salnaməsi yazan Azərbaycan Ordusunun müzəffər yürüşləri ilə bu günlər açılan yolumuz Qarabağadır, üzü Şuşaya doğru! Azərbaycan Ordusu on minlərlə məcburi köçkünün yurdsuzluq həsrətinə son qoyub. Bu yol müqəddəs amalla açılır, azadlığa, haqq-ədalətin bərpasına aparır! Yoluna davam, Ali Baş Komandan! Azərbaycan əsgəri! Biz bütün cəbhələrdə birlikdə güclüyük!

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.-17 oktyabr.- S.1;11.