Təhsil naziri
Emin Əmrullayev Operativ
Qərargahın brifinqində sualları cavablandırıb
Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə iştirak edən Təhsil naziri Emin Əmrullayev erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri bildirib ki, bu səbəbdən cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsinin dərs cədvəllərində dəyişiklik edilib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb, eləcə də 40-dək təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qələbəsinə və bu günün uzaqda olmadığına inamını ifadə edib.
Emin Əmrullayev koronavirusla bağlı məktəblərdə vəziyyətə toxunub və nazirlik tərəfindən gündəlik olaraq ictimaiyyətə məlumat verildiyini bir daha xatırladıb. Təhsil müəssisələrinin kontingentinin çoxsaylı olması və bunun nəticəsində yoluxma ehtimalının arta biləcəyini deyən Təhsil naziri qeyd edib ki, buna görə də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır.
Daha sonra çıxış edən
TƏBİB-in departament direktoru
Yaqut Qarayeva ölkədə
koronavirusa yoluxma barədə
məlumat verib və bildirib
ki, Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyələrinə uyğun olaraq, müəyyən
addımlar atılır, lokal qapanmalar həyata keçirilir.
Azərbaycan.-2020.-17 oktyabr.- S.5.