Samir
Şərifov BVF, Dünya Bankı və üzv ölkələrin
nümayəndələrini Ermənistanın növbəti hərbi
təcavüzü ilə bağlı məlumatlandırıb
Oktyabrın
15-də Azərbaycanın maliyyə naziri, Beynəlxalq Valyuta
Fondunun (BVF) Azərbaycan üzrə Rəhbəri Samir Şərifov
BVF və Dünya Bankının İllik Toplantıları
çərçivəsində videokonfrans formatında təşkil
olunmuş Azərbaycanın da daxil olduğu Səsvermə
Qrupunun iclasında iştirak edib.
"APA-Economics"in
Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə,
Azərbaycanla yanaşı sözügedən qrupa daxil olan
İsveçrə, Polşa, Serbiya, Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan və Qırğız
Respublikasının, həmçinin BVF və Dünya
Bankının nümayəndələrinin iştirakı ilə
keçirilən iclasda COVİD-19 pandemiyasının qlobal
iqtisadiyyatda, əl-əlxüsus üzv ölkələrin
iqtisadiyyatlarında yaratdığı problemlər və bu
problemlərin həlli istiqamətində BVF və Dünya
Bankı tərəfindən həyata keçirilmiş dəstək
tədbirləri ilə bağlı fikir mübadiləsi
aparılıb. Müzakirələrdə pandemiyanın neqativ təsirlərinin azaldılması və
bərpa prosesinin sürətləndirilməsi
üçün qarşılıqlı əməkdaşlığın
əhəmiyyəti qeyd edilib.
İclasda çıxış edən Samir Şərifov Qrupa daxil olan ölkələrin, BVF və Dünya Bankının nümayəndələrini sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı həyata keçirilən genişmiqyaslı hərbi təcavüzün hazırki pandemiya şəraitində müharibəyə səbəb olduğunu qeyd edən Nazir bildirib ki, mənfur hücumlar nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələri intensiv olaraq iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından, ballistik raketlərdən atəşə tutulması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. Xüsusi vurğulanıb ki, dayanıqlı sülhün əldə edilməsi üçün 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Qeyd edilib ki, yalnız bu əsaslar üzərində regionda dayanıqlı və davamlı sülh bərqərar olunacaq, Azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, Azərbaycan xalqı ilə erməni xalqının Dağlıq Qarabağda birgə yaşaması üçün şərait yaradılacaqdır.
Maliyyə naziri
həmçinin BVF və Dünya
Bankı tərəfindən üzv
ölkələrə pandemiyanın mənfi təsirlərinin
qarşısının alınmasında göstərilən operativ və adekvat dəstəyi
təqdir edib, onun qlobal iqtisadi böhranla mübarizəyə töhfə verəcəyinə
əminliyini ifadə edib.
S.Şərifov
ölkəmizin BVF və Dünya Bankı ilə əməkdaşlığını
uğurla davam etdirdiyini bildirərək hər iki qurum tərəfindən
həyata keçirilən texniki dəstək
proqramlarının fiskal və monetar siyasət çərçivələrinin
gücləndirilməsində mühüm rol
oynadığını vurğulayıb.
Azərbaycan.-2020.-17 oktyabr.- S.7.