Azərbaycan haqq
savaşında mütləq qalib gələcək!
Bu,
tanınmış yerli və xarici idmançıların fikridir
Qəhrəman ordumuzun erməni işğalçılarına qarşı apardığı əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda xalqımız görünməmiş birlik və həmrəylik nümayiş etdirir. Bu milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx həmrəylik nümayiş etdirmək xalqımızı səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Müharibə şəraitində yaşadığımız indiki dövrdə ordumuza dəstək olmağı hər bir Azərbaycan vətəndaşı özünün müqəddəs borcu sayır. Təbii ki, belə bir məqamda idmançılarımız da hadisələrdən kənarda qalmır.
Bu günlər erməni terrorçuları tərəfindən Gəncəyə atılmış raket nəticəsində baş vermiş faciə dünyanın diqqət mərkəzindədir. Bədii gimnastika üzrə milli komandamız baş məşqçi, bolqarıstanlı mütəxəssis Marina Vasilyevanın rəhbərliyi ilə Gəncədə olmuş, yaralıların və həlak olanların ailələrini ziyarət etmişdir.
Azərbaycan futbolunun veteranı Mehman Allahverdiyev isə raket hücumunun canlı şahididir. "Ermənistan həqiqi terrorla məşğuldur. Dinc əhalini qətlə yetirirlər. Gəncə döyüş zonasına daxil deyil. Lakin ermənilərin xisləti belədir. Onlar həmişə qadınları və uşaqları hədəf seçirlər. Atılan mərmilər və raketlər bizi qorxutmur, əksinə, düşmənə qarşı daha çox qətiyyət və haqlı nifrət yaradır. Hamımız Ali Baş Komandanı dəstəkləyirik və Vətən yolunda hər şeyə hazırıq. Əlbəttə, Qələbə bizim olacaq. Həm Gəncədə, həm də digər şəhərlərimizdə insanların yüksək mənəvi əhvali-ruhiyyəsi var. Hamı ancaq Qələbəyə köklənmişdir”, - deyə Gəncə futbol məktəbinin tanınmış nümayəndəsi bildirib.
Uzun müddət yığma komandamızın heyətində çıxış etmiş əslən ukraynalı futbolçu Aleksandr Çertoqanov da Gəncədə baş verənləri dəhşət adlandırıb: "Ümumiyyətlə, mən təsəvvür etmirəm ki, dinc sakinlərə necə atəş açmaq olar?! Fikrimcə, Azərbaycan öz ərazilərini qaytaracaq. Düzdür, bir çox amillər Rusiyadan asılıdır. Lakin indi Moskva Ermənistanı əvvəlki kimi dəstəkləmir. Müharibənin tezliklə Azərbaycanın qələbəsi ilə bitməsini və insanların sülh və əmin-amanlıq şəraitində doğma torpaqlarında yaşamasını arzulayıram”.
SSRİ yığma komandasının tərkibində Olimpiya çempionu olmuş daha bir futbolçumuz İqor Ponomaryov erməni terrorçularının hərəkətlərini hərbi cinayət kimi qiymətləndirir: "Müharibənin də öz qaydaları var, lakin ermənilər buna riayət etmirlər. Azərbaycan öz ərazisində, əzəli torpaqlarının azad edilməsi uğrunda mücadilə aparır”.
Yüngül atletika üzrə dünya çempionu, hazırda Türkiyənin idman şərəfini qoruyan Ramil Quliyev Gəncədə baş vermiş dəhşətli hadisələrlə bağlı post dərc etmişdir. O, bütün dünya ictimaiyyətini Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş erməni təcavüzünə diqqət yetirməyə və onu pisləməyə çağırmışdır.
Latviyada çıxış edən idmançımız Vüqar Əsgərov isə antiterror əməliyyatı günlərində Ağdamın "Qarabağ” klubunun Avropa Liqası yarışları çərçivəsində Varşavadakı möhtəşəm uğurunu xatırlayır: "Komanda hamıya nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır!”
"Biz bu məqamı 30 ildir gözləyirdik və nəhayət, qisas zamanı gəlib çatdı. Azərbaycan Ordusu erməni işğalçılarının ələ keçirdiyi ərazilərin azad olunması və adamların öz əcdadlarının Vətəninə qayıtması uğrunda mücadilə aparır. Hazırda şanlı ordumuz tarix yazır. Lakin əzəli torpaqlarımızı geri qaytarmaq üçün biz sonadək getməliyik. Özüm döyüş əməliyyatlarında iştirak edə bilməsəm də, zabit və əsgərlərimizə mənəvi dəstək olmaq üçün bu günlərdə cəbhəyanı zonaya yollanmışdım. Orada hamı bir-birini dəstəkləyir və üzərlərində olan müqəddəs missiyanı tam dərk edir. Bizim işimiz haqq işidir və öz torpaqlarımızı erməni terrorçularından azad edəcəyik. Hərbçilərimizə müraciətimdə bildirdim ki, Azərbaycan bayrağı idmançılarımızın qələbələri sayəsində dünyanın bir çox ölkəsində dəfələrlə yüksəyə qaldırılmışdır. İndi isə bayrağımız Şuşada, Xankəndidə və işğal altında olan digər şəhər və kəndlərimizdə qaldırılmalıdır”, - deyə ikiqat paralimpiya çempionu İlham Zəkiyev bildirmişdir.
İngiltərənin "Arsenal” klubunun türkəsilli futbolçusu, Almaniya Milli Komandasının heyətində Dünya çempionu olmuş Məsut Özil Azərbaycana dəstək postu dərc etmişdir. Özil "Twitter”dəki səhifəsində Mustafa Kamal Atatürkün sözlərini xatırlatmışdır: "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.
Gimnastika üzrə Avropa çempionu, dünya çempionatlarının mükafatçısı Aliyə Qarayeva da torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mübarizədə Azərbaycana dəstəyini bildirir: "Artıq 30 ildir Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Yüz minlərə azərbaycanlı qaçqın və məcburi köçkündür. Bu onilliklər ərzində Ermənistan müntəzəm olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar həlak olmuşdur. Buna baxmayaraq, Azərbaycan münaqişəni dinc yolla həll etmək ümidini itirmirdi. Lakin hər bir səbrin sonu olur. Hazırda Azərbaycan Ordusu torpaqlarını erməni işğalçılarından təmizləyir. Biz dinc sakinlərə qarşı vuruşmuruq. Biz müharibə istəmirik. Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir və buna nail olacaq”.
Hazırda Gürcüstanda çıxış edən braziliyalı futbolçu Reynaldo və Türkiyənin "Konyaspor” klubunun və Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiç haqq savaşında Azərbaycana dəstəyini ifadə etmiş və dünya birliyini erməni təcavüzünü pisləməyə çağırmışlar.
Digər məşhur futbolçu, Çeçenistanın fəxri vətəndaşı Deni Qaysumov hesab edir ki, Azərbaycan Prezidenti tam haqlıdır - erməni terrorçuları və xarici muzdlular Azərbaycan ərazisini tərk etməlidirlər: "Biz çeçenlər də müharibə görmüşük. Bu, faciədir. İlham Əliyev isə əlindən gələni edir ki, Azərbaycan xalqı öz torpaqlarında və ərazisində sülh və əmin-amanlıq şəraitində yaşasın. Ümidvaram ki, tezliklə tarixi ədalət zəfər çalacaq və Qarabağda dinc həyat bərqərar olacaq!”
Dünya şöhrətli şahmatçımız, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Vətənin azadlığı uğrunda mübarizə aparan əsgərlərə müraciət etmişdir: "Mənə görə bizi Qələbəyə aparan əsas iki qüvvə var - xalqın dəstəyi, özünəinam və ruh yüksəkliyi. Azərbaycan xalqı, hər birimiz sizinləyik, hər an fikrimiz sizin yanınızdadır və qəlbimiz sizlərlə birgə döyünür! Biz sizə inanırıq, ruhunuzu yüksək tutun və inanın, siz qalib gələcəksiniz! Çünki yolunuz haqq yoludur və haqq mütləq qalib gələcək! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”
Rizvan HİLALOĞLU
Azərbaycan.-2020.-17 oktyabr.- S.10.