“Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini
bütün dünyaya göstərdi”
Prezident İlham Əliyev Türkiyənin NTV
televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident, əvvəlcə NTV adından Sizə
çox təşəkkür edirəm. Belə bir tarixi
dövrdə - həm bölgə üçün, həm Azərbaycan
üçün əhəmiyyətli günlərdə bu
sıx qrafikinizdə bizi qəbul etdiyiniz üçün
çox təşəkkür edirəm.
- Sağ olun.
- Birinci sualım cəbhə xətti ilə
bağlı olacaq, cənab Prezident. İşğal
altındakı ərazilərin sentyabrın 27-dən bəri
nə qədəri geri alındı? Çünki son iki
gündə gözəl xəbərlər gəlməyə
başladı.
– Bəli, xəbərlər gəlir. Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.
Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.
Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.
- Zənnimcə, Xankəndinə
yaxınlaşdınız.
– Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önəmli su anbarı yerləşir. Eyni zamanda, Ermənistan bizə qarşı, su terroru təşkil etmişdir və bizim yüz mindən çox hektar torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi Suqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir.
Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.
- Cənab Prezident, soruşmaq istərdim, hələ də
atəşkəsdən söhbət getməsi
mümkündürmü? Gördüyümüz kimi, Ermənistan
atəşkəsə əməl etmir, - Gəncəyə
hücum zamanı mən də Gəncədə idim, - əməl
edəcək kimi də görünmür. Bu atəşkəs
Azərbaycan Ordusunun sürətini azaltdımı? Bu barədə
nə deyə bilərsiniz?
- Bilirsiniz, biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən bizə atəşkəslə bağlı müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək bizə yeni hücumlar təşkil etdi. Təkcə Gəncə şəhəri deyil, digər şəhər və kəndlərimiz də bombalandı. Bu, müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi, eyni zamanda, döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qüvvə və texnika itirdilər. Digər istiqamətlərdə - Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdir. Bütün bu hücumlar təbii ki, dəf edildi. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir.
- Qarabağ probleminin həllində Türkiyənin də
iştirakının vacibliyinə dair Sizin
açıqlamanız var. Dünən cənab Ərdoğan
ilə Putinin danışığından sonra Minsk qrupu və
ikitərəfli əlaqələr çərçivəsində
həllə dair Ankarada açıqlama verildi. Ancaq dünən
Sergey Lavrov etiraz etdi, dedi ki, Türkiyə ilə biz - Rusiya
Qarabağ məsələsində fərqli mövqelərdəyik.
Nə düşünürsünüz? Rusiya nə
üçün Türkiyənin prosesə daxil olmasına, -
bunu Siz də dəstəkləyirsiniz, - etiraz edir? Bu mövqe
ilə nə demək istəyir?
- Onu onlardan soruşsanız daha yaxşı olar. Mən onların bu açıqlamalarını şərh etmək istəməzdim. Sadəcə olaraq, biz mövcud reallıqları gərək nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.
Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər.
Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil.
Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.
- Yenə həmin açıqlamada dedi ki, əgər
iki ölkə - Azərbaycan və Ermənistan qəbul edərsə,
təmas xəttinə, yəni cəbhə xəttinə rus hərbi
müşahidə heyətini göndərə bilərik. Siz
buna necə yanaşırsınız? Hərbi baxımdan belə
bir müşahidə heyəti yaradılacaqsa hansı ölkələr
olmalıdır? Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, bu məsələ - sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi baza prinsiplərində təsbit olunub. Yəni, baza prinsipləri arasında bu da var. Amma bu məsələ prosesin son mərhələsində öz həllini tapmalı idi. Nəzərə alsaq ki, baza prinsipləri razılaşdırılmayıb, hələ ki, onlar, sadəcə olaraq, müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm, nə dərəcədə düzgün ola bilər.
Bir də ki, bu məsələ Ermənistan-Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi necə olacaq, bu, heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə - münaqişənin fəal mərhələsi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bu gün münaqişə Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır, tarixi ədalət baxımından bu, bizim torpağımızdır və Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil.
- Ona görə soruşdum, misal üçün
Türkiyə və Rusiya Suriyada müəyyən bölgələrdə
müəyyən əməkdaşlıq edirlər, hərbi
heyətlər, müşahidəçilər patrul xidməti
həyata keçirir. Bəlkə gələcəkdə belə
bir format təklif edilərsə, bu barədə nə deyə
bilərsiniz?
- İndidən bu barədə bir şey söyləmək istəməzdim. Çünki mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib vəziyyət yetişməlidir. Bu, nə zaman olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayacaqmı deyə bilmərik. Amma bir şey qətidir, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalq cəhdlər də olmalıdır. Bu cəhdlər hansı cəhdlər olacaq, siyasi cəhdlər, hərbi sahədə hansısa bir təkliflər, bunu biz nəzərdən keçirməyə hazırıq. Təbii ki, azad edilmiş ərazilərə qayıdacaq Azərbaycan əhalisi də sülh şəraitində yaşamalıdır. Onların təhlükəsizliyi təmin edilməlidir. Bax, Ermənistanın Ermənistan ərazisindən Gəncə şəhərinə törətdiyi o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, bu məsələ beynəlxalq müstəvidə müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilmərəm.
- Cənab Prezident, Türkiyə ilə müəyyən
çərçivələrdə hərbi
razılaşmalar var. Bu razılaşmalar çərçivəsində,
ya da yeni razılaşmalara əsasən Azərbaycanda bir
Türkiyənin hərbi bazasının qurulması fikrinə
necə baxırsınız? Belə bir fikriniz varmı?
- Bu haqda bu günə qədər bizim ikitərəfli əlaqələrdə məsələlər müzakirə olunmamışdır. Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir.
- Problemin həllində Siz ya sülh yolu ilə
müzakirə tərəfdarısınız, ya da müharibə
apararaq bu işi həll edəcəksiniz deyirsiniz. Ruslar, Moskva
isə dünən hərbi həlli qəbul etmirik dedi. Bunu
necə dəyərləndirirsiniz, yəni əməliyyatı
dayandırın deyirsə, dayandıracaqmısınız?
- Bilirsiniz, biz artıq bir
neçə dəfə bu məsələ ilə
bağlı öz mövqeyimizi açıqladıq. Mən də
bunu söylədim, yenə də mən öz fikrimdə
qalıram ki, demək olar bütün yerlərdən bizə
ünvanlanan mesajlar, təkcə bu dövrdə deyil, bundan əvvəlki
dövrdə də bu məsələnin hərbi həlli
yoxdur. Biz də buna necə deyərlər, vaxtından əvvəl
heç bir reaksiya vermirdik. Onlar belə söyləyir,
söyləsinlər, onların fikri budur, bizim də fikrimiz
odur ki, bu, sülh yolu ilə həll olunsun. Ancaq həll
olunsun. Amma biz nə gördük, bu 30 il heç bir nəticə
vermədi. Otuz il ərzində bu atəşkəs rejimində
Ermənistan işğal edilmiş torpaqlarda güclü
mühəndis-istehkam qurğuları qurmuşdur. Bu gün Azərbaycan
Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində
biz o istehkamları yarırıq. Otuz il ərzində Ermənistan
sülhə yox, bu torpaqları daim işğal altında
saxlamağa səy göstərmişdir. Çünki əgər
sən sülhə meyilli olsaydın, niyə Füzulidə,
niyə Cəbrayılda, yaxud da ki, Ağdam istiqamətində
bu istehkamları qurursan? Qurursan ki, daim bu torpaqları öz nəzarətin
altında saxlayasan. Yəni, bu sülh, atəşkəs
prosesi buna gətirib çıxardı. Ondan sonra Ermənistan
rəhbərliyi daha da azğınlaşdı. Baxın,
Paşinyan nələr söyləyirdi, onun müdafiə
naziri nə söyləyirdi? Müdafiə naziri söyləyirdi
ki, biz Azərbaycanla yeni müharibə aparacağıq, yeni
torpaqlar uğrunda yeni müharibə. Bu, bizə qarşı
açıq hədə idi. Paşinyan deyirdi ki,
"Qarabağ Ermənistandır və nöqtə”. Yəni
ki, bir santimetr torpaq bizə verilməyəcək. O zaman
hansı sülh yolları ilə bunun həlli
mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin
hərbi yollarla həlli prosesindəyik. Biz istəyirik ki, bu proses nə qədər
tez olsa bitsin və ondan sonra diplomatik proses başlasın. Yəni, bizim yanaşmamız budur ki, bu məsələ
hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünki
fəal toqquşma prosesindən sonra tərəflər gərək
sülh müqaviləsi haqqında düşünsünlər
və bunu etsinlər. Yəni, siyasi yollar
olacaq. Ona görə hərbi-siyasi yol ən
məqbul yoldur. Biz hərbi yolu
dayandırmaq istəyirik. Ancaq Ermənistan
hələ də düşünür ki, itirilmiş, yəni,
bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona
görə döyüş meydanında da bizə daim
hücum edir.
- Cənab
Prezident, o zaman bunu anlayıram ki, qarşı tərəf
masaya oturmağa razı olana qədər siz cəbhədə
irəliləyəcəksiniz.
- Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə
riayət etsinlər. Çünki onlar atəşkəsi
pozdular. Günorta saat 12-dən atəşkəs
elan edildi. Biz bütün hərbi birləşmələrimizə
çox ciddi əmr verdik ki, atəşkəsə riayət
edin, dayandırın. Halbuki bunu etmək o
qədər də asan deyil. Biz saat 12-də
dayandıq, amma onlar dayanmadı. Ondan sonra
təqribən 1 saat ərzində biz yenə də
özümüzü müdafiə etmək üçün
hərəkətə keçdik və yenə də bir
neçə kəndi azad etdik. Ona görə
Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o,
heç nəyə nail olmayacaq. Yalnız
atəşkəsə onlar əməl etməlidirlər.
Hesab edirəm Ermənistan rəhbərliyi bu məsələ
ilə bağlı yeni bir açıqlama verməlidir ki,
onlar atəşkəsə sadiqdir və buna əməl edirlər.
O zaman biz də dayanaq. Amma əlbəttə proses daha illər
boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim
verilməlidir. Biz Moskva görüşlərində
təqvim üçün o qədər də israr etmədik.
Çünki bir gün ərzində bunu
razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq
sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ
təqvim məsələsidir. Tarixlər
verilməlidir. Hansı tarixlərdə
qalan torpaqlardan erməni silahlı qüvvələri
çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim
kimi sona qədər.
- Yəni, bunu
başa düşürük, əgər Ermənistan
hücumları dayandırarsa, atəşkəs həyata
keçərsə yeni bir müzakirə prosesi başlayır
və zəmin formalaşdırılacaq. Moskvadakı
müzakirədə başa düşdüyümüz qədər
Minsk 2007, 2009, 2012 Madrid prinsiplərindən bəhs
olunmadı. Amma o prinsiplərin ilk maddəsi, səhv etmirəmsə,
yeddi rayondan geri çəkilməklə bağlı idi.
- Bəli, doğrudur.
- Siz o prinsipləri
hələ də gündəmdə
saxlayırsınızmı, yoxsa, onları yeniləmək
lazımdır?
- Yox, onları gündəmdə
saxlayırıq. Mən bunu artıq
açıqlamışam. Biz Madrid prinsipləri
adlandırılan təməl prinsiplərə sadiqik. Çünki bu prinsiplər bizim maraqlarımıza
cavab verir. Onsuz da Ermənistan bu prinsipləri
qəbul etmədiyi barədə artıq açıqlama
vermişdir. Mənə verilən məlumata
görə, Ermənistanın baş naziri dünən, ya
ondan əvvəlki gün belə bir açıqlama
vermişdi ki, bu, onlar üçün keçərli deyil.
Yəni, kim danışıqlar prosesini
pozur? Ermənistan. Biz indi
torpaqlarımızı azad edirik. Biz
bayrağımızı artıq şəhərlərimizi əhatə
edən dağlara sancırıq, şəhərlərimizdə
mövcud olan binalara sancırıq, biz zəfər
marşındayıq. Belə olan halda baza
prinsiplərinə sadiqlik göstərmək çox
böyük siyasi iradə və məsuliyyət tələb
edir. Ona görə biz bu baza prinsiplərinə
sadiqik. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon
birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra
Dağlıq Qarabağın gələcəyi ilə
bağlı söhbət aparılacaq. Azərbaycan
köçkünləri Dağlıq Qarabağa, o cümlədən
Şuşaya qayıtmalıdırlar, - çünki
Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi,
- Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə
ki, Azərbaycanın başqa yerlərində, Bakıda,
başqa şəhərlərdə azərbaycanlı və
erməni əhali bir yerdə yaşadıqları kimi orada da
bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz
budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları
oradan qovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara
imkan verməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə
siyasətinin nəticələrini möhkəmləndirmək,
bizim tarixi, dini, mədəni abidələrimizi yerlə-yeksan
etmək, azərbaycanlıların mədəni irsini silmək
və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim
yanaşmamız isə budur.
- Daha fərqli bir
sualım da var. Dünən Paşinyan bir açıqlama verdi, Azərbaycan Ordusu şimaldan və cənubdan
irəliləyir, Sizin də söylədiyiniz kimi. Dedi ki, biz, əslində,
bir taktika olaraq oradan çəkildik. Bu barədə
nə deyə bilərsiniz?
- Bu, Paşinyanın növbəti
yalanıdır. Bilirsiniz, hər bir məsuliyyətli adam gərək yalan danışmasın. Hər bir insan. Xüsusilə
siyasətçi, xüsusilə ölkə
başçısı. Bu, heç bir
insana yaraşan deyil. Onun isə
bütün əməli, bütün sözü yalandır -
tarixlə bağlı, bu münaqişə ilə
bağlı, bu gün baş verən hadisələrlə
bağlı. O, əgər bunları bilmirsə, o zaman
necə ali baş komandan olur? Əgər real durumu ona demirlərsə, o zaman o,
öz hərbi rəhbərlərinə irad tutmalıdır.
Əgər bilib yalan danışırsa, - mən
daha çox bu versiyaya inanıram, – o zaman bu, böyük
ayıbdır.
Bu gün Azərbaycan Ordusu
bütün istiqamətlər üzrə erməni ordusuna
çox sarsıdıcı zərbələr endirib. Mən bəzi
açıqlamalar da verdim və bu rəqəmlər hər
gün dəyişir. Dünənə olan dəqiq məlumata
görə, 200 erməni tankı məhv edildi, 33 erməni
tankı qənimət götürüldü, - Ermənistanın
əlində bir dənə də olsun Azərbaycanın hərbi
texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə,
indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava
hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd
OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və
başqa texnikalar. Beləliklə, erməni
ordusunun texniki təchizatı çox sarsıldı, yəni
çökür. Biz irəliləyirik, hər
dəfə yeni torpaqları azad edirik və bu,
reallıqdır. Yaxın vaxtlarda yeni
açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq.
Erməni xalqı da həqiqəti bilməlidir.
Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti
öyrənmək istəyirsə bizə qulaq assın, bizi
eşitsin.
- Cənab Prezident, başa
düşdüyümə görə otuz illik problem həll
ediləcəkmi? Mənə elə gəlir ki,
həll ediləcək, amma mən Sizdən soruşmaq istəyirəm.
1990-cı illərdən bəri davam edən bu
işğal problemi bu dəfə həll ediləcəkmi,
yoxsa, hər kəs bir nöqtədə duracaq, bir status-kvo
formalaşacaq və o status-kvo davam edəcəkmi? Tam həll reallaşacaqmı, reallaşmayacaqmı?
Bəlkə erkən bir sualdır, amma nə deyə
bilərsiniz?
- Məncə artıq həll edilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və
bu məsələ ilə yaxından məşğul olan ölkələr
bunu görürlər və bu, yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdik və
bu məsələ həll olunur. Çünki
baza prinsiplərində göstərilmişdir ki, birinci mərhələdə
5 rayon bizə qaytarılır. Onlardan
artıq 2 rayonun böyük qismi, tam deyil hələ, amma
böyük qismi artıq bizdədir. Əgər
Ermənistan yenə də mənfi davranış
nümayiş etdirərsə, ümid edirəm ki, yaxın gələcəkdə
digər rayonlar da bizdə olacaq. Bu, məsələnin
həlli deyilmi? Yəni, biz, əslində,
baza prinsiplərini döyüş meydanında həyata
keçiririk, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bildimi? Xeyr, ola
bilmədi. Ona görə bu məsələnin
həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi
yollarla mümkündür. Hərbi yol hazırda baş
verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin,
ondan sonra siyasi proses başlansın və baza təməl
prinsipləri də əsas olsun.
Məsələnin həll
edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalq
təşkilatların öz qərarlarına hörmətsiz
yanaşmasıdır. Çünki Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü ildə
4 qətnamə qəbul etmişdir və orada göstərilir
ki, erməni silahlı qüvvələri
torpaqlarımızdan qeyd-şərtsiz, yəni, heç bir
şərt qoymadan çıxmalıdır, tam həcmdə.
Amma bu, icra edildi? Edilmədi.
Sonra Minsk qrupu yaradıldı, ondan bir il
öncə yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni, bizə elə
gəldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin
bu vəziyyətdə saxlanmasına tərəfdardırlar
ki, necə var elə də qalsın. Azərbaycan
köçkünləri əbədi olaraq belə vəziyyətdə
qalsın. Ermənistan işğal
edilmiş torpaqlarda daha da möhkəmlənsin. Bilirsiniz, orada qanunsuz məskunlaşma
aparılırdı. Qanunsuz! Bu, hərbi
cinayətdir. Bu, Cenevrə Konvensiyasına
zidd olan məsələdir. Onlar erməniləri
Suriyadan Dağlıq Qarabağa, Şuşaya
köçürürlər, onlara imkan yaradırlar, pul verirlər
və artıq bunu televiziyalarda açıq nümayiş
etdirirlər. Yəni, bu, beynəlxalq
müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan
xalqı bu torpaqlardan əlini üzsün. O torpaqları
görməyən yeni nəsil yetişəcək və o nəsil
oraya qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə
barışacaq, bununla paralel olaraq, ermənilər başqa
ölkələrdən oraya gətiriləcək, orada erməni
əhalisi çoxalacaq, sabah da deyəcəklər
ki, "bilirsiniz, artıq reallıq budur, barışın”. Bu idi onların məqsədi və təəssüf
ki, onların hamiləri, onların havadarları bu işlərdə
onlara yardımçı olmuşlar. Biz bu
məkrli, çirkin planları məhv etdik. Biz yeni reallıq yaratdıq. Bu
gün gərək hər kəs bu reallıqla
razılaşsın və barışsın.
- Mən Sizə bir mesaj da gətirdim. Tərtərdə bombardman zamanı
sığınacağa girmişdik. Bir vətəndaş
vardı, məcburi köçkün, oradan
köçmüş. Reportaj hazırlayarkən dedi ki,
artıq mən köçkün deyiləm. Dedi ki, mən
azad bir vətəndaşam, Suqovuşandan gəlmişdi. Dedi,
əgər Prezidentlə qarşılaşsanız, ona
hörmətimizi, sevgimizi və salamlarımızı
çatdırın. Anladığımıza görə,
regionda balanslar artıq dəyişib. Yəni, əvvəlki
balanslar – status-kvo yoxdur. Daha da dəyişəcək.
Həm dünyaya, həm də Türkiyəyə hansı
mesajlar vermək istərdiniz?
- İlk növbədə,
istəyirəm ki, həmin vətəndaşa sizin televiziya
vasitəsilə öz sözlərimi deyim. Mən
şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə
insan var. Onlar sevincdən göz yaşları tökürlər,
deyirlər ki, mən artıq köçkün deyiləm.
Mən bu köçkünlük vəziyyətindən
canımı qurtarmışam. Bilirsiniz, mənə
minlərlə məktub gəlir. Bu məktubları
oxuyanda, sözün düzü, mən də bəzi hallarda
sevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda
o qədər səmimi, o qədər isti, o qədər
qürurverici sözlər yazılır və mənə mesaj
kimi çatdırılır. O məktubları oxuyanda bir daha
görürəm ki, Azərbaycan xalqı nə qədər
böyük xalqdır. Uzun illər belə vəziyyətdə
yaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə
ki, gün gələcək və onlar öz dədə-baba
ocağına qayıdacaqlar. Bu, doğrudan
da böyük fədakarlıqdır. Mən
çox xoşbəxtəm ki, bu qələbə sevincini biz
hamımız bizim insanlara bəxş edə bildik.
Bir daha demək istəyirəm,
məna artıq bunu demişəm, orada hər şey
dağılıb. İnşallah, bu hərbi toqquşma
başa çatandan sonra siz də, biz hamımız da - bütün
insanlar gedib görəcəklər ki, ermənilər orada
hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın
edilib, yəni, Stalinqraddan da pis mənzərə. Evlər dağıdılmış, bizim
bütün əmlak talan edilmiş, çərçivələr,
qapılar sökülmüş, yəni
talançılıq. Heç nə yoxdur.
İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz
xəbər verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim
gözümüzün qabağındadır. Orada bir dənə də salamat bina tapmaq
mümkün deyil. Yəni, bu vəhşiliyi
törətdilər. Amma
köçkünlərimiz bilirlər ki, biz o şəhərləri,
kəndləri bərpa edəcəyik. Evləri
inşa edəcəyik. Onlar oraya
qayıdacaq və sülh, əmin-amanlıq şəraitində
öz dədə-baba torpaqlarında yaşayacaqlar.
O ki qaldı, bölgədə
mövcud olan duruma, təbii ki, durum dəyişir. Əgər son illər ərzində bizim bölgəmizdə
daha geniş mənada dəyişən mənzərəyə
nəzər salsaq, görərik ki, bir çox yeniliklər
var. Əvvəllər sanki bir doğmalar var idi - bu ölkələr
müttəfiqdir, bu ölkələr müttəfiq deyil,
yaxud da ki, bunlar bir-birinə qarşıdır. Ancaq indi bu dəyişdi. Misal üçün
NATO üzvü olan Türkiyə indi Rusiya ilə çox səmərəli
əməkdaşlıq edir, həm Suriyada, həm Liviyada,
başqa yerlərdə və eyni zamanda, artıq
danışdığımız kimi bizim bölgəmizdə.
Bu, bir yenilikdir. Bunu 10 il
bundan əvvəl kimsə desəydi bəlkə də
inanmazdıq. Eyni zamanda, NATO-nun daxilində bəzi
ölkələr arasında münasibətlər o qədər
də səmimi deyil. Bu da bir yenilikdir.
Orada sanki həmrəylik pozulur. Avropa İttifaqı ilə əlaqədar olan hadisələr.
Kimin ağlına gələ bilərdi ki,
Böyük Britaniya Avropa İttifaqından çıxacaq və
ondan sonra bir böhran yaranacaq. Heç
kimin ağlına gələ bilməzdi. Yəni,
ənənəvi fərziyyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, o
ölkə də öndə olacaq.
Bizim siyasətimiz hər
zaman praqmatik olub - real durumu düzgün təhlil etmək,
öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqlara necə nail
olacağıq, bunu düşünmək, taktikamızı
yaratmaq, strateji baxış çərçivəsində
taktiki gedişlərdə düzəlişlər etmək. Ancaq bununla bərabər prinsipial mövqeyimizdən
dönməmək. Bu siyasət bu gün
bizə uğur gətirir. Mən hesab edirəm
ki, Türkiyə və Azərbaycan dünyanın yeni
nizamına daha tez hazır olmuş ölkələr
sırasındadır. Eyni zamanda, Türkiyə
bu gün dünya miqyasında böyük güc kimi
dünyanın yeni nizamının formalaşmasında
çox fəal rol oynayır. Təkcə
bizim regionda deyil, dünyada.
O ki qaldı, bizim regionumuza, artıq
Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim
birliyimiz daha da güclənəcək. Çünki
Türkiyənin potensialı, Azərbaycanın təbii
resursları, bizim aramızda olan nəqliyyat layihələri,
Türkiyə və Azərbaycan vasitəsilə Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda,
Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə
ərazilərindən yeni nəqliyyat layihələrinin icra
edilməsi - bütün bunlar yenilikdir. Yeni bir nəqliyyat
xəritəsi mövcuddur. Yeni enerji xəritəsi
mövcuddur. Mən gələcəyi
çox nikbin görürəm. Mən əminəm ki,
biz istədiyimizə nail ola biləcəyik.
Çox şadıq ki, bizim Türkiyə kimi
qardaş ölkəmiz var, güclü dövlət var,
sözünü deyən, maraqlarını müdafiə edən,
heç kimdən çəkinməyən və irəliyə
gedən. Bu, bizim gücümüzü
artırır. Türkiyə
üçün Azərbaycan, Azərbaycan üçün
Türkiyə bir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir. Bu
hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi.
-Cənab Prezident,
sonuncu sualım olacaq, çox qısa. Bu dəfə
dayanmayacağıq deyirsiniz və bizim şərtlərimiz
işğal altındakı torpaqlar azad edilənə qədər
gedəcəyik deyirsiniz. Sizi səhv
anlamadım ki?
- Yox, doğru anladınız. O mənada
ki, bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar,
dünya birliyi tərəfindən tanınan ərazi
bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa
hazırıq. Əgər Ermənistan buna hazır olarsa
və bizə təqvim verilərsə, biz sabah
dayanmağa hazırıq. Ancaq proses olaraq biz
dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses
siyasi prosesə çevrilsin. Ermənistan buna
hazırdırsa və beynəlxalq təşkilatlar,
böyük ölkələr Ermənistanı inandıra bilərlərsə,
bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan
Ordusunun zəfər yürüşü davam edəcək.
- Cənab Prezident, mən 1993-cü ilin ilk aylarında
burada cəbhə bölgəsində idim. 1994-cü ildə rəhmətlik dövlət
başçısı cənab Heydər Əliyev ilə
görüşdüm. Bakıda bura o zaman yox idi, deyəsən.
- Eləmi? Görüşdünüz?
Bu, yox idi, bu, sonra inşa edildi.
- Bu gün də
Sizinlə görüşdüm, yəni, iki dövlət
başçısı ilə görüşdüm. 1993-cü ildə cəbhədəki vəziyyətlə
indiki vəziyyət çox fərqlidir, xeyli çox fərqlidir.
Bunu da gördük.
- Doğrudur.
- Sizə çox
təşəkkür edirəm. Sonda bir mesajınız, ya da
ki, sözləriniz varsa, onu da eşitmək istəyirəm. Qəbul
etdiyiniz və suallarımızı
cavablandırdığınız üçün həm NTV,
həm də öz adımdan çox təşəkkür
edirəm.
- Çox sağ
olun. Mən də təşəkkür edirəm,
NTV–nin bütün əməkdaşlarına salamlarımı
çatdırın. Azərbaycanda türk
kanalları əvvəllər də izlənilirdi, bu dövrdə
demək olar ki, daha geniş auditoriyaya malikdir. Mən özüm də hər səhər tezdən
televizoru açanda, o cümlədən türk kanallarına
da baxıram, o cümlədən NTV-yə. Bu günlər ərzində Türkiyə mətbuatında
və Türkiyə cəmiyyətində bizə göstərilən
dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür.
Biz bir daha gördük ki, atamın məşhur
kəlamı "Bir millət, iki dövlət”, sadəcə
olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu
reallığı biz yaratdıq.
Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır - etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirsiniz. Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir.
Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaq.
Bir daha təşəkkür edirəm və bütün türk qardaşlarıma xoşbəxtlik, rifah arzulayıram.
- Çox təşəkkür edirəm, cənab
Prezident.
- Sağ olun.
Azərbaycan.-
2020.-16 oktyabr.- S.1-2.