“Təkcə dronlarımız Ermənistana 1 milyard
dollar ziyan vurub”
Prezident İlham
Əliyev "France 24” televiziya kanalına müsahibə verib
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "France 24” televiziya kanalına müsahibə verib.AZƏRTACmüsahibəni təqdim edir.
- Salam, "France
24”ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı
şəhərindəyik və mən Azərbaycan Prezidenti
İlham Əliyevin yanındayam. Prezident Əliyev, bizim
suallarımızı cavablandırmağa razılıq
verdiyiniz üçün çox sağ olun. Əlbəttə
ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi
haqqında soruşacağam. Humanitar atəşkəs
kimi nəzərdə tutulan atəşkəs barədə
razılıq imzalandıqdan bəri zorakılıq və
müharibə davam etmişdir. Bu gün
Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq
etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?
- Bu, Ermənistanın
davranışından asılıdır, çünki biz həmişə
öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz
kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı
Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik.
Çünki düşünürəm ki,
ölmüş əsgərlərin cəsədlərini və
girovları mübadilə etmək, fəaliyyəti
danışıqlar masasında davam etdirmək
üçün, bu, doğru qərar idi. Çünki
Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq
danışıqların əsas prinsiplər çərçivəsində
aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi
pozmağa və danışıqlar masasına yeni
yanaşmaları tətbiq etməyə
çalışırdı. Bunlar bizim tərəfimizdən
və Minsk qrupunun həmsədrləri tərəfindən rədd
edilmişdir. Digər məsələlərlə
birlikdə bəyannamənin ən mühüm hissəsi ondan
ibarətdir ki, danışıqların formatı dəyişməz
olaraq qalacaq. Bu, çox önəmlidir.
Ola bilsin, bunun geniş beynəlxalq auditoriya
üçün nə anlam daşıması o qədər
aydın deyil. Mən, əlbəttə, bu
barədə daha ətraflı məlumat verəcəyəm.
Çünki Ermənistanda yeni hökumət hakimiyyətə
gələndən sonra son iki il ərzində
fəaliyyətlərindən biri qondarma "Dağlıq
Qarabağ respublikasının hökumətini”
danışıqlar masasına cəlb etmək və beləliklə
də danışıqların formatını dəyişmək
idi. Çünki iyirmi ildən artıqdır
ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində
Ermənistan və Azərbaycan arasında aparılır.
Odur ki, qondarma "Dağlıq Qarabağ
respublikası hökumətini” danışıqlara cəlb
etmək səyləri formatı dəyişdirmək cəhdləri
idi. Beləliklə, hər iki tərəf
formatın dəyişməz olaraq qalmasına sadiq
qaldıqda, bu, hər şeyin əvvəllər
razılaşdırılmış çərçivədə
olacağı deməkdir. Biz atəşkəs
rejiminə əməl edirdik. Lakin bildiyiniz
kimi, Ermənistan atəşkəsi kobud şəkildə
pozdu və bu, təkcə Gəncədə baş verməyib.
Gəncədə mülki vətəndaşlara
hücum onların təcavüzkar siyasətini əks etdirir.
Həmçinin onlar atəşkəsi hər
gün pozurlar. Bu gün mənə məlumat
verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər
onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən
çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə
mülki şəxslər arasında bir nəfər həlak
olub.
-Lakin Azərbaycan da atəşi davam etdirib, elə
deyilmi? Dünya
Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin
artilleriya atəşinə tutulması görüntülərini
görüb.
-Atəşkəs elan olunandan bəri
Azərbaycan tərəfindən bütün artilleriya atəşi
dayandırılmışdır. Bu, birincisi.
İkincisi, biz işğal olunmuş ərazilərdə
istənilən şəhərdə və ya kənddə qəsdən
mülki şəxsləri heç vaxt atəşə
tutmuruq. Bizim hədəflərimiz
yalnız hərbi qurğular idi. Bizim hərbi
hədəflərimiz çox diqqətlə müəyyən
olunmuşdur. Odur ki, biz yalnız
insanlarımızın və əsgərlərimizin həyatına
təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların
yaşadığı şəhər yerlərində hərbi
qurğuları yerləşdirmək taktikasından istifadə
edirlər, biz də özümüzü müdafiə etməli
idik. Lakin atəşkəs müəyyən
olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi
pozdu, odur ki, biz cavab verməli idik.
- Beləliklə,
Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan
sonra Azərbaycan tərəfindən heç bir zərbə
endirilməmişdir? Hətta hərbi hədəflərə
də?
- Xeyr, hərbi hədəflərə
zərbələr endirilmişdir. Biz bunu təkzib
etmirik. Lakin bu təbiidir, çünki biz
özümüzü müdafiə etməli idik. Atəşkəsə
birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik
olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə
çalışırlar. Onlar azad
edilmiş əraziləri geri götürməyə cəhd
edirlər. Xüsusilə onlar Hadrut şəhərini
geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən
artıq Ermənistan hökumətinə və həmçinin
Ermənistan xalqına açıq şəkildə
mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri
geri götürmək cəhdlərini
dayandırmalıdırlar. Bu, yalnız
yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə
gətirib çıxaracaqdır.
- Bəs,
Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi
görüntüləri barədə nə deyə bilərsiniz?
Əlbəttə ki, onlar hərbi hədəflər deyil.
- Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq.
Onu qeyd etmək istəyirəm ki, Azərbaycan
dini tolerantlıq səviyyəsi çox yüksək olan bir
ölkədir və bu, bütün aparıcı beynəlxalq
təşkilatlar, o cümlədən Birləşmiş Millətlər
Təşkilatı tərəfindən qeyd olunmuşdur.
Zati-müqəddəsləri, Vatikanın rəhbəri,
Roma Papası Fransisk Bakıya səfəri zamanı
açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası
və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir.
Siz yəqin ki, Bakının mərkəzində
olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini
görmüsünüz. Biz onu erməni
xalqının mirası kimi qoruyuruq. Biz bu
kilsədə erməni dilində 5000-dən artıq qədim
kitab saxlayırıq. Lakin Ermənistan
bizim məscidlərimizə nə edib? Onlar
Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə
nə ediblər? Demək olar ki, onlar nəinki
onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə
bizim deyil, bütün müsəlmanların hisslərini təhqir
edirlər.
Mən demirəm ki, biz bunu
qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq.
Biz nə baş verdiyindən əmin deyilik.
Bizi günahlandırmaq üçün bunun ermənilər
tərəfindən törədilə biləcəyinə
dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi
birləşmələri tərəfindən törədilibsə,
bu, səhv olub. Bizim hədəflərimiz
arasında heç bir tarixi və ya dini hədəf yoxdur.
– Mən indi Sizdən
diplomatik proses barədə soruşmaq istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər
olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam
edir. Sizcə Fransanın bu
danışıqlarda həmsədr qalması ilə
bağlı bu struktur qalmalıdır?
– Bilirsiniz ki, toqquşmaların əvvəlindən
biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar
alırıq. Lakin düşünürəm
ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində
vəziyyəti nəzarət altında saxlamağa müvəffəq
olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə
bir neçə dəfə telefonla zəng edib və bizim
sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun
tapılması səylərinə sadiqik. Mənə
məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq,
çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki,
Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa
Minsk qrupunun həmsədri olduğuna görə neytral
olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik
və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün
həmsədrlər neytral olmalıdır, onlar tərəf
tutmamalıdırlar. Çünki bu,
onların mandatına ziddir. Hər bir ölkənin milli
səviyyədə müttəfiqləri, dostları var, bəzi
ölkələrlə daha fəal, bəzi ölkələrlə
daha az fəal əlaqələri var. Bu,
normaldır və heç kim buna etiraz etmir. Lakin
əgər bəzi ölkələrin vasitəçilik
mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf
– Ermənistan və Azərbaycan neytrallıq gözləyir və
hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki,
sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz
həmin səhifəni bağlamışıq.
– Əvvəlki
müsahibələrinizdə Suriyadan 300
döyüşçünün Sizin tərəfinizdə
vuruşmaq üçün gətirildiyinə dair
açıqlamasından sonra Siz Emmanuel Makrondan
üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə
söhbət edən zaman bu məsələ haqqında - onun
muzdluların Sizin tərəfinizdə
döyüşməyi ilə bağlı ittihamı barədə
danışdınızmı?
– Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ
də dəlil gözləyirəm. Mənə
heç bir dəlil təqdim olunmayıb. Bizim
digər rəsmilərə heç bir dəlil təqdim
olunmayıb. Mən Fransa Prezidentindən dəlil
təqdim etməyi və danışmaq, bu məlumatı
mübadilə etmək üçün müvafiq dövlət
qurumlarının rəhbərləri arasında təmaslar təşkil
etməyi xahiş etdim. Bu təmas baş
tutdu və sizə deyə bilərəm ki, bizə heç
bir dəlil təqdim olunmayıb. Ona görə
əgər heç bir dəlil yoxdursa, düşünürəm
ki, bu şayiələr də keçmişdə
qalmalıdır. Bizdə muzdlular yoxdur.
Bu, bizim rəsmi bəyanatımızdır.
Toqquşmalar başlayandan artıq 2 həftədən
çox vaxt keçib və heç bir ölkə bizə
buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur.
Bizim 100 mindən çox
döyüşçüdən ibarət ordumuz var. Bizim
hazırda döyüş meydanında etdiklərimiz ordumuzun
öz torpaqlarını özünün azad etməyə
qadir olduğunu göstərir.
– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian
deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və
bu da münaqişənin beynəlmiləlləşdirilməsinə
gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?
– Bəli, o, bu məsələdə
səhv edir. Türkiyənin hərbi
iştirakı daha bir feyk xəbərdir. Türkiyənin
hərbi iştirakı yoxdur. Biz Türkiyə
istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu,
doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi
avadanlıqlardan, İsrail istehsalı olan hərbi
avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi
avadanlıqlardan istifadə edirik. Bunu pulsuz
əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi
avadanlıqları alırıq. Siyasi
müstəvi istisna olmaqla, Türkiyə heç bir halda
prosesdə iştirak etmir. Burada Türkiyə
qoşunları yoxdur. Türkiyənin
F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən
sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla,
Türkiyə ilə 10 birgə hərbi təlim
keçirmişik. Bu il pandemiya səbəbindən
biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi
təlimdən sonra bu toqquşma baş verdi.
Beləliklə, biz F-16-ları yerdə
saxlamağı qərara aldıq və onlar yerdədir, havada
deyil.
– Siz Türkiyə istehsalı olan neçə dron cəlb
etmisiniz?
– Hədəflərimizə
çatmağımız üçün kifayət qədər
varımızdır. Zənnimcə, məni
başa düşə bilərsiniz ki, bu, mənim
açıqlamamağa üstünlük verdiyim məlumatdır.
- Lakin onlar bu
münaqişədə öz sözünü deyirlər?
– Əlbəttə, onlar
çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə
bilərəm ki, təkcə Türkiyədən əldə
etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard
dollar dəyərində hərbi texnikasını məhv
etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən
olan dronlardan da istifadə edirik. Biz
artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi
avadanlıqdan istifadə edirik. Lakin təkcə
dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu
avadanlığı almaq üçün bu qədər pulu
haradan tapıblar, çox güman ki, onu pulsuz əldə
ediblər.
– Təəssüf ki, biz burada
yekunlaşmalıyıq. Əlbəttə, Sizə
verə biləcəyimiz o qədər çox
suallarımız var idi. Prezident İlham
Əliyev, bu gün suallarımıza cavab verdiyinizə görə
Sizə təşəkkür edirəm. Bizə
baxan tamaşaçılara da təşəkkür edirəm.
Qarşıda yayımlanacaq beynəlxalq xəbərlərə
baxmaq üçün "France 24”ü izləməyə davam
edin.
– Təşəkkür edirəm.
– Təşəkkür edirəm. Sizinlə söhbət
etmək çox maraqlı idi.
Azərbaycan - 2020.-16 oktyabr.- S.1; 3.