“Heç bir qüvvə bizi
dayandıra bilməz!”
İlham
Əliyev Füzulini işğaldan azad etdi
Oktyabrın
17-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev xalqa müraciət edib.
AZƏRTAC
müraciəti təqdim edir.
Prezident
İlham Əliyevin müraciəti
-Əziz
həmvətənlər.
Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!
Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.
Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.
Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır.
Bu günlər ərzində - 27-si sentyabr
tarixindən bu günə qədər Ermənistanın hərbi
potensialına sarsıdıcı zərbə vurulubdur. Sadəcə
olaraq, vətəndaşlarımızın diqqətinə bəzi
rəqəmləri çatdırmaq istəyirəm. Bildirməliyəm
ki, çatdıracağım siyahı natamamdır,
düşmənin daha böyük həcmdə texnikası məhv
edilib və əlbəttə ki, döyüş zamanı
bunun dəqiq hesablanması mümkün deyil. Ancaq
gətirəcəyim rəqəmlər əyani şəkildə
göstərir ki, biz döyüş meydanında tam
üstünlüyü əldə etmişik və demək
olar ki, Ermənistanın hərbi-texniki potensialını
böyük dərəcədə sıradan çıxara
bilmişik. Ancaq
sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda
haradandır? Ermənistanın hərbi büdcəsi
bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli.
Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin
ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir.
Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv
edilmiş və qənimət kimi götürülmüş
texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir.
Ancaq hələ də bunların texnikası
qalıbdır. Hələ də həm
işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində.
Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli
sürülür ki, biz silahlanırıq, biz silah
alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə
bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə
bilər. Ancaq sual olunur, bəs Ermənistan
silahlananda? Bəs, bu kasıb, yoxsul ölkədə
bu qədər silah-texnika haradandır və bu gün də
onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri
əsasında silahlar, texnika göndərilir və çox təhlükəli,
böyük dağıdıcı gücə malik olan
texnikalardır. Ona görə biz bu suallara
cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq.
İndi isə son günlər ərzində Azərbaycan
Ordusu tərəfindən məhv edilmiş Ermənistan
texnikasının bir hissəsini xalqımın diqqətinə
çatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan
texnikası: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi
qənimət kimi götürülüb, piyadaların
döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi
qənimət kimi götürülüb. Özüyeriyən
artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı
toplar 190, "Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat
taktiki raket kompleksi "Elbrus” 2, "Toçka-U” 1, OSA zenit
raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və "Kruq” zenit
raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300
zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv
edilib, 98-i qənimət kimi götürülüb. Hər bir
adam, hər bir mütəxəssis bu
texnikanın qiymətini açıq mətbuatdan götürə
bilər və bu suallara biz cavab tapmalıyıq və
tapacağıq.
Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq
missiyasını uğurla davam etdirir. Son günlər ərzində
mən xalqıma xəbər verərək, yeni azad edilmiş
kəndlərin adlarını açıqlamışdım.
Bu gün də böyük məmnunluq hissi ilə,
böyük sevinc hissi ilə azad edilmiş növbəti
yaşayış məntəqələrinin adlarını əziz
xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı
yaşayış məntəqələri
işğalçılardan azad edilib – Qoçəhmədli kəndi,
Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi,
Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli
kəndi və Füzuli şəhəri. Füzuli şəhəri
işğalçılardan azad edilib, Füzuli bizimdir,
Qarabağ Azərbaycandır!
Mən bu münasibətlə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə
əziz füzulililəri ürəkdən təbrik edirəm.
Uzun illərin doğma torpaq həsrəti sona
çatır. Biz öz üzərimizə
düşən missiyanı şərəflə yerinə
yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa
edirik və bərpa edəcəyik. Füzuli
uğrunda döyüşlər ağır döyüşlərdi.
Vaxt keçəcək bu döyüşlər
haqqında kitablar yazılacaq, əsərlər yazılacaq.
Doğrudan da çox böyük peşəkarlıq,
məharət, şücaət, fədakarlıq tələb
edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində
o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri
hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad
etmək mümkün deyil. Hətta ən
tanınmış hərbi mütəxəssislər də
belə fikirdə idi ki, Füzulini götürmək, onu
işğaldan azad etmək üçün bəlkə aylarla
vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək
hələ böyük sual altında idi. Ancaq
müzəffər Azərbaycan Ordusu bu şərəfli
missiyanın öhdəsindən gələ bildi və
qısa müddət ərzində Füzuli rayonunun əksər
kəndləri və Füzuli şəhəri düşmənin
tapdağından azad edildi. Füzuli şəhəri
deyəndə, əlbəttə, biz hamımız bilməliyik
ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət
qalmayıb, bir dənə də salamat bina qalmayıb.
Çünki otuz il ərzində o vəhşilərin
əlində idi, yırtıcı heyvanların əlində
idi, çaqqalların əlində idi. Bütün
binalar sökülüb, dini abidələrimiz
sökülüb, hər şey talan edilib, evlərin dam
örtükləri, pəncərələri, əşyaları,
hər şey. Sanki vəhşi bir qəbilə
bu şəhəri zəbt etmişdir. Füzuli
şəhərinin qalıqları erməni faşizminin təzahürüdür
və erməni faşizminin şahididir.
Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri
yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat
qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin
rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini
işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini.
İndi baxın, görün necə gözəl
məkandır. Horadiz qəsəbəsi
çox abad, müasir şəhərə çevrilibdir.
İşğaldan azad edilmiş kəndlərdə
füzulililər yaşayır. Deyə bilərəm
ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə
Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır.
Ancaq bu gün artıq füzulililərin
yaşadıqları kəndlər azad edilib və oraya həyat
qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz
əcdadlarının qəbirlərini ziyarət edəcəklər.
Orada bərpa olunacaq məscidlərdə azan səsi
eşidiləcək. Biz öz şərəfli
missiyamızı yerinə yetiririk. Mən
tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu
işğalçıları torpağımızdan
qovmağa davam edəcəkdir.
Füzuli əməliyyatı rəmzi məna
daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi
Azərbaycan özünə qaytardı, on minlərlə
insanın o yerlərə qayıtmasını təmin etdi.
Eyni zamanda, strateji nöqteyi-nəzərdən
Füzulinin təmas xəttində yerləşən bir
neçə müdafiə xəttinin yarılması bizə
növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən
bizim hərbi qüvvələrimiz bu günlər ərzində
orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə
hansı tərəfdən girə bildik. Hansı
böyük hərbi peşəkarlıq və rəşadət
nəticəsində biz Füzulini
işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri
işğalçılardan azad edildi. Ondan
əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o
cümlədən Füzuli rayonunun bir çox kəndləri
işğaldan azad edildi. Məhz ondan sonra
biz Füzuli şəhərini işğalçılardan
azad edə bilmişik.
Düşmən son mərhələdə öz
silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə
deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi
kitablara daxil ediləcək. Təkcə
Füzuli əməliyyatı yox, başqa əməliyyatlar.
Bu gün məndə olan məlumata görə,
hərbi mütəxəssislər artıq açıq-aydın
bildirirlər ki, Azərbaycan Ordusu böyük
döyüş qabiliyyətinə və texniki təminata
malik olan bir ordudur.
Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki
füzulililərin xatirəsində Azərbaycan dövlətinin
tarixində əbədi qalacaqdır. Bu
gün biz hamımız, bütün Azərbaycan xalqı
xalqımızın, dövlətimizin ən parlaq səhifəsini
yazırıq, birlikdə yazırıq. Biz
bu gün həmrəylik, qarşılıqlı dəstək,
birlik göstərək bu şanlı tarixi yazırıq.
Biz xoşbəxtik ki, bu anları
yaşayırıq. Ancaq bu anları səbirsizliklə
gözləyən, həyatdan gedən on minlərlə bizim
qaçqın, köçkünümüz əfsuslar olsun
ki, bu günləri görməyib. Ancaq bu
gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba
torpaqları işğalçılardan azad edilib.
Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi
cinayətlər törədir, dinc əhalini atəşə
tutur, bugünkü atəş nəticəsində
azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək
istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan
almamalıyıq. Biz döyüş meydanında
qisasımızı alırıq, alacağıq, şəhidlərimizin,
həlak olanların qanı yerdə qalmır və
qalmayacaqdır. Bir daha Ermənistanın
faşist rəhbərliyinə xəbərdarlıq edirəm
ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın.
Onsuz da biz onları oradan rədd edəcəyik.
Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq.
Onsuz da onları biz sona qədər qovub
torpağımızdan rədd edəcəyik. Öz
xoşu ilə getsin!
Füzulini təslim etmək istəmirdi. Halbuki başa
düşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi.
Dünən, srağagün və bu gecə Cəbrayıl
istiqamətində də uğurlu əməliyyatlar
keçirilibdir, strateji yüksəkliklər
götürülübdür. Bu haqda hələ
ki, mən bir şey demək istəmirəm, hadisələri
qabaqlamaq istəmirəm. Ancaq bu gün
müzəffər Azərbaycan Ordusu öz məqsədinə
çatır və çatacaq, bizim ərazi
bütövlüyümüz bərpa edilir və ediləcək.
Heç bir qüvvə bizi dayandıra bilməz.
Heç bir qüvvə Azərbaycan
xalqının iradəsi qarşısında duruş gətirə
bilməz. Bunu hər kəs bilməlidir.
Bizim qabağımızda heç kim dura
bilməz. Çıxsın yırtıcı
Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi
Gəncəni bombaladılar. Özü də
haranı? Yaşayış massivlərini.
Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə
saatlarında ki, daha çox insan həlak olsun.
Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq
birlik Ermənistanı törədilmiş cinayətlərə
görə məsuliyyətə cəlb etmək istəmirsə,
- necə ki, Xocalı soyqırımına görə
heç kim onları məsuliyyətə
cəlb etməyib, - biz özümüz onları məsuliyyətə
cəlb edəcəyik. Biz özümüz onların
cəzasını verəcəyik, özümüz onları
cəzalandıracağıq və bizim cəzamız ədalətli
cəza olacaqdır. Onlar ən ağır
cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi
rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları
cəzalandıracağıq.
"Qarabağ Ermənistandır” deyən Ermənistanın
baş naziri, nə oldu, indi demirsən "Qarabağ Ermənistandır”. Gəl Füzuliyə, sən
orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla,
gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de
ki, "Qarabağ Ermənistandır”. Oturmusan orada - İrəvanda,
oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini
tökürsən, adam qalmayıb ki,
telefonla zəng etməyəsən.
Niyə demirsən "Qarabağ Ermənistandır”. Qorxursan,
qorxacaqsan. Bəs, Azərbaycan
xalqını təhqir edəndə, "Qarabağ Ermənistandır
və nöqtə” deyəndə niyə belə cəsarətli
idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi
ki, gün gələcək bu əməllərə görə
cavab verəcəksən. Bu gün gəlibdir
və gəlir. Şuşaya Livandan,
başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq
hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada
göstərirlər, necə ki, ermənilər gəliblər
bizim qədim torpağımızda yaşamağa, işləməyə.
İndi baxım görüm kim gələcək
Şuşaya məskunlaşmağa. Cəbrayıla
yeni yol çəkirdin Ermənistandan. Nə
üçün? O bölgəni, Arazboyu bölgəmizi
qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq
üçün? Bizi fakt qarşısında
qoymaq istəyirdin. Ermənistanda əhali az
olduğu üçün xaricdən erməniləri müxtəlif
yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq
nə məqsədi daşıyırdı? Bizim
tarixi torpaqlarımızı əbədi işğal
altında saxlamaq, əbədi işğalı təmin etmək
və bizim torpaqlarımızı erməniləşdirmək
məqsədi? Baxın, onlar Füzuliyə
hansısa bir eybəcər ad veriblər. Bu
ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə
getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik.
Şuşaya dırnaqarası qurumun parlamentini
köçürürdün bəs. Get
köçür, görüm necə köçürəcəksən!
O saxta, quldur dəstə başçısının
"andiçmə mərasimi”nin keçirildiyi yer nə
gündə olub. Darmadağın etmişik
oranı, darmadağın. Yeddi şərt
qoyurdun bizim qarşımızda. Ultimatumla
danışırdın. İndi
görüm, hansı şərti qoyursan. Nə
oldu bəs? Onun-bunun ətəyindən
yapışıb, onun-bunun ayağının altına
yıxılıb imdad diləyirsən ki, Azərbaycanı
durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm
də bunu deyir. Hər gün bunu deyirəm, çıx
de ki, sabah mən buradan
çıxıram, dayanırıq. Bizə qan
tökmək lazım deyil. Bizə torpaq
lazımdır. Biz bu torpağı istənilən
yolla alacağıq. Hər kəs bunu
bilsin. Artıq son günlərin tarixi bunu
göstərir.
Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!
Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Bir
daha demək istəyirəm ki, biz xoşbəxt insanıq,
bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri
görə bilirik. Mən özümü xoşbəxt
insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma
xalqıma çatdırıram. Ali Baş
Komandan kimi bütün işlərə rəhbərlik edirəm
və Azərbaycan xalqını əmin etmək istəyirəm
ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin,
xalqımızın milli maraqlarını qorumaq
üçün əlimdən gəlini əsirgəməyəcəyəm.
Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq
mənim iradəmə təsir edə bilməz. Bizim işimiz
haqq işidir. Biz öz torpağımızda vuruşuruq,
öz ərazi bütövlüyümüzü bərpa
edirik.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2020.-18 oktyabr.- S.1-2.