Hikmət Hacıyev: Düşmən
döyüş meydanında
qorxaqlığının qisasını xaincəsinə mülki insanlardan alır
Əziz Gəncə sakinləri, mən, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başsağlığını çatdırmaq istərdim. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralananların tezliklə şəfa tapmasını diləyirik. Mənfur düşmənlə üz-üzəyik. O düşmən ki, döyüş meydanında zəifliyinin, qorxaqlığının qisasını xaincəsinə mülki insanlardan alır.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli sakinlərlə görüşdə söyləyib.
Hikmət Hacıyev deyib: “Bir həftə bundan əvvəl, ondan əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xain hücum keçirilmişdir. Onlar bu məqsədlə raketlərdən, ilk növbədə, “Skad” raketindən istifadə edirlər. Bu dəfə də böyük dağıdıcı gücə malik olan “Skad” raketindən istifadə olundu. Mənfur düşmən dinc azərbaycanlı sakinlər arasında qırğın törətmək istəyir. O cümlədən Gəncə sakinləri arasında təşviş yaratmaq istəyir. Amma onlar məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan xalqının bu gün qəti bir əzmi var: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edilsin”.
Prezidentin köməkçisi bildirib ki, düşmən bu mənfur cinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyəti aldatmaq üçün yalan məlumatlar, dezinformasiya yaymaqdadır. “Təşəkkür edirik ki, Azərbaycan Respublikasında akkreditə olunan səfirlər, səfirliklərin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər Gəncədədirlər. Onlar bizimlə birlikdə gəldilər və Gəncə faciəsi, Ermənistan silahlı qüvvələrinin xaincəsinə, alçaqcasına, şərəfsizcəsinə törətdiyi bu cinayətlə yerində tanış oldular. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz bir həftə bundan əvvəl də Gəncədəydik. Yenə də faciəli bir hadisə baş vermişdi. İndi biz yenə də növbəti faciə ilə əlaqədar Gəncəyə gəlmişik. Beynəlxalq ictimaiyyətin gözü qarşısında bu kimi iyrənc, şərəfsiz hücumun baş verməsinin bir daha şahidi oluruq. Xarici diplomatlar bu barbarlığı görürlər və öz ölkələrinə bu barədə məlumat verəcəklər. Gəncədə bu hücum nəticəsində əziyyət çəkmiş, həyatını itirmiş insanların ah-naləsi yerdə qalmayacaq. Çox təəssüflə qeyd edək ki, erməni terroru qurbanlarının arasında hətta azyaşlı uşaqlar da var. Bir daha Uca Allahdan onlara rəhmət diləyirik”, - deyə Hikmət Hacıyev qeyd edib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, beynəlxalq media nümayəndələri də Gəncədədirlər və Azərbaycanın haqq səsi bütün beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
“Gəncə sakinləri həmişə
möhkəm olub, dövlətçiliyimizin
yanında dayanıblar. Bu Vətən
müharibəmizdə Gəncənin də şəhidləri
var. Gəncə, eləcə
də Azərbaycanın digər şəhərləri - Tərtər,
Bərdə, Ağcabədi, Beyləqan və Ağdamın kəndləri,
hamısı düşmənin artilleriya
zərbələrinə baxmayaraq, mətncəsinə,
qəhrəmancasına öz əzmlərini
nümayiş etdirirlər. Bu gün Ali
Baş Komandan tərəfindən
hər birimizin 27 il gözlədiyimiz
növbəti gözəl bir xəbər
çatdırıldı. Bu, Füzuli şəhərinin işğaldan
azad edilməsi idi.
Düşmən məhz bu kimi məğlubiyyətlərinin əvəzini
mülki insanlardan
çıxır”, - deyə o əlavə
edib.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.3.