Baş Sərkərdədən
Müstəqillik Gününə ən dəyərli töhfə
Ali Baş Komandan İlham Əliyevin müzəffər ordusu Füzuli şəhərini
işğaldan azad edərək
27 illik həsrətə son
qoydu
Müzəffər Azərbaycan Ordusunun Qarabağda zəfər yüşüşü davam edir. Əsgərlərimiz
İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı tarix yazırlar. Hər gün savaş meydanından xoş xəbərlər gəlir.
Dünən İlham Əliyevin xalqa verdiyi növbəti müjdə hər kəsi sevinc gözyaşlarına boğdu. 1993-cü il avqustun 23-də işğal edilən Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri illər sonra düşmən tapdağından azad edildi. Bununla da 27 illik həsrətə son qoyuldu, xalqın qəblindəki ümid çıraqları yenidən alovlandı. Arzularımız, diləklərimiz çin oldu.
Bu müjdə dünya azərbaycanlılarında fəxarət hissi yaşatmaqla, qürurlandırmaqla yanaşı, xalqımızın tarixində ən şərəfli səhifələrdən olan 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə ən böyük, ən layiqli töhfədir. Məhz bu tarixdə bu müjdədən gözəl nə ola bilər ki...
Prezidentin xalqa müraciəti zamanı söylədiyi hər bir söz, hər bir cümlə insanlarımızın qəlbini riqqətə gətirdi və qələbəyə olan inamı daha da artırdı. Elə, bu inamdır Azərbaycan igidlərini düşmən qarşısında sarsılmaz edən, Aprel, Günnüt zəfərlərindən başlanan qəhrəmanlıq salnaməsini yenidən yazdıran. Bu inamla qüdrətli Ordumuz şərəfli missiyanın öhdəsindən layiqincə gəlir. 21 gündür davam edən haqq savaşımız Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirir. Nəinki erməni əsgəri, hətta xarici ölkələrdən gətirdikləri muzdlu terrorçular da yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmir.
Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan hər gün sarsıdıcı zərbələr alır. Qəhrəman Ordumuz düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında alır.
Bəllidir ki, müharibədə hücüm edən tərəf daha çox itki verir, amma bizdə əksinədir. Düşmən tərəfi bizdən qat-qat daha çox itki verib. Bu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarının nəticəsidir. Ordumuz sözdə yox, əməldə də regionda ən güclü olduğunu göstərir.
Bugünədək Azərbaycan Ordusunun uğurlu əməliyyatları ilə Cəbrayıl, Füzuli şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının ümumilikdə 58 kəndi düşmən tapdağından azad edilib.
Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu qələbələrlə Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Böyük qələbəyə çox az qalır. 30 ilə yaxındır gözlədiyimiz o möhtəşəm tarix yetişib artıq. Elə bir tarix ki, uğrunda fəda olan müqəddəs şəhid ruhlarının nigarançılığına son qoyacaq və tezliklə zəfər bayrağımız Şuşada dalğalanacaq. Hər kəs səbirsizliklə o tarixi gününü gözləyir. Qüdrətli Ordumuz hər keçən gün bizləri bu müqəddəs günə daha da yaxınlaşdırır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 18 oktyabr.- S.5.