Erməni raketi 2 yaşlı Nilayın ad gününü valideynlərinin qətl gününə çevirdi

 

İşğalçıların Gəncədə dağıtdıqları binaları ziyarətə gələnlərin ardı-arası kəsilmir

 

Gəncəyə raket hücumu Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-insani, faşist simasını bir daha ifşa etdi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.

Oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş humanitar atəşkəs hər iki tərəfə həlak olmuş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradırdı. Bu, eyni zamanda Ermənistana iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll edilməsində real addımlar atmaq üçün verilən son şans idi. İşğalçı üçün imkan idi ki, daha ağır zərbələr almaqdan xilas olsun. Lakin Paşinyan rejimi bu imkanı əldən verdi və təcavüzkar siyasətini davam etdirməkdə davam etdi. Məkrli düşmən indiyədək etdiyi vəhşiliyin ən dəhşətlisini həyata keçirdi. Gəncədə çoxmənzilli binaları raket atəşinə tutmaqla qətliam törətdi.

Bununla da nə qədər qəddar olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymadığını boynuna almış oldu.

İşğalçının humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi 14 saat sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qaydalarına, nə də insanlığa sığan bir cinayət əməlidir. Ermənilərin bu əməlləri cəbhədəki uğursuzluqlarının fonunda faşist xislətlərinin faş olması idi. Müzəffər Azərbaycan Ordusu irəlilədikcə, Qarabağ uğrunda gedən döyüşlərdə qələbələr qazandıqca düşmənin öz məkrli niyyətinə çatmaq üçün başqa yolunun qalmamasının təsdiqi idi.

Məlum olduğu kimi, oktyabrın 11-də gecə saat 2 radələrində Gəncəyə atılan raket 10 nəfərin həlak olmasına, 34 nəfərin müxtəlif dərəcədə yaralanmasına, görünməmiş dağıntılara səbəb olmuşdur. Düşmən vandallığından zərər çəkmiş insanlar indi uçmuş evlərinin altında qalmış istifadəyə yararlı məişət əşyalarını toplayır, müvəqqəti yerləşdikləri evlərə daşıyırlar. Bura ziyarətə gələnlər də onlara yardımlar edir, mənəvi dəstək olurlar. Xarabalığa çevrilmiş ərazini görən hər kəs bu hadisəni, Ermənistanın hərbi siyasi rəhbərliyinin atdığı bu iyrənc qətl hərəkətini soyqırımı kimi qiymətləndirirlər. Lakin baş verən bütün bu hadisə insanların əzmini qırmamışdır. Daha çox nikbin olan sakinlərin hamısı bir arzu ilə yaşayır: "Biz dözərik, təki Qarabağımız işğaldan azad olunsun”.

Həlak olanların xatirəsinı yad etmək üçün bura gün ərzində yüzlərlə insan gəlir. Bir neçə gün ərzində demək olar ki, dağıntıların önü qərənfillərlə örtülüb. Dağıntılara sancılmış "Burada uşaq var”, " Erməni terroruna son!”, "Erməni işğalına son!” şuarları isə dünya ictimaiyyətinin diqqətini ermənilərin qətl hərəkətlərinə yönəldir.

...Dağıntıların qarşısında bir nəfər ah-nalə çəkirdi. Yaxınlaşıb toxtaqlıq verdik. Məlum oldu ki, Zahid Babazadə hadisə baş verənə kimi özünü dünyanın ən xoşbəxt insanı sanırdı. Qızını köçürdükdən sonra bir qız nəvəsi də olmuşdu. Lakin erməni vandalizmi bu xoşbəxt ailəni yerlə-yeksan etdi. Raket düşən anda qızı, kürəkəni və qızının qaynanası həlak olmuş, təkcə 2 yaşlı nəvəsi Nilay sağ qalmışdı. Noyabrın 18-də ad günü olmalıydı. Lakin ermənilər Nilayın ad gününü valideynlərinin, nənəsinin qətl gününə çevirdi.

Bir nəfər isə dağıntılar altından ev əşyalarını çıxarırdı. Zahid Əliyevin də evi dağılmış, yaxın qohumları - qardaşı oğlu Adil, Adilin anası Afaq və həyat yoldaşı Günay həlak olmuşlar. Bu ailənin də bir azyaşlı körpəsi valideynsiz qalmışdır.

Partlayış zamanı Kifayət Cəfərovaya da böyük ziyan dəyib. Deyir ki, 3 otaqlı təmirli bir ev qurmuşdu. 5 nəfər ailə üzvü ilə orada yaşayırdı. Hadisə baş verərkən bütün ailə üzvləri yuxuda imişlər. Dəhşətli partlayış nəticəsində ev dağılıb. Xoşbəxtlikdən ailə üzvləri xəsarət alsalar da, həyatını itirən olmayıb.

Biz Kifayət Cəfərova ilə söhbət edərkən uçmuş evin üstündən bir taxta parçası düşərək güclü səs çıxardı. Kifayət Cəfərovanın hansı vəziyyətə düşdüyünü sözlə ifadə etmək mümkün deyil. Handan-hana özünə gəldi: "Nə edim, içimizdə bir partlayış qorxusu var. Hər səsə diksinirik. Allah düşmənlərin kökünü kəssin, bunu da bizə yaşatdı”.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.-16 oktyabr.- S.1; 7.