Azərbaycan Ermənistan iqtisadiyyatını tam çökdürür
İstənilən müharibənin aparılması böyük resurslar tələb edir. Xüsusən lazımi iqtisadi güc və insan resursuna malik olmayan istənilən ölkə müharibədə məğlubiyyətə məhkumdur.
Bu, Ermənistanın timsalında öz təsdiqini tapmaqdadır. Buna qədər Ermənistan koronavirus səbəbindən ciddi çətinliklər yaşayırdı. Cəbhədə son hərbi əməliyyatlar isə iqtisadi tənəzzüldə olan Ermənistanın vəziyyətini daha da gərginləşdirdi.
Ona görə bu müharibə Ermənistan üçün əsl fəlakət deməkdir. "Fitch” beynəlxalq kredit reytinq agentliyi də bu ölkənin kredit reytinqini aşağı salıb.
Belə ki, "Fitch” bu həftənin əvvəlində Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-”dən "B+” səviyyəsinə endirildiyini açıqlayıb. Bu onu göstərir ki, Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir. Hesablamalara görə, ilin sonuna bu ölkədə ÜDM-in səviyyəsi 6,8 faiz azalaraq 13 milyard dollar təşkil edəcəkdir. Amma hərbi əməliyyata çəkilən xərclər fonunda azalmanın daha çox olması gözlənilir. Azərbaycanın yalnız dronları Ermənistanı bir milyard dollarlıq ziyana salıb.
Hərbi vəziyyətin elan edilməsi və tam səfərbərlik rejiminin tətbiq olunması nəticəsində Ermənistanda əməktutumlu sektorların fəaliyyəti xeyli məhdudlaşıb. İş adamlarının sözlərinə görə, istehsal prosesinin qismən və ya tam dayandırılması onların gəlirinə təsir göstərdiyindən növbəti aylarda vergi ödəmələrində kəskin azalma gözlənilir. Ermənistanın maliyyə nazirliyinin məlumatına görə, bu il dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar yerinə yetirilməyəcək.
Yerevandakı Qafqaz İnstitutunun iqtisadçısı Qrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək. Mikaelyan Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir edəcəyini deyir: "Xidmət sektoru çətin vəziyyətə düşəcək. Müharibə ilə birlikdə ermənilərin gündəlik ictimai fəallığının azaldığını və bunun iqtisadi artıma mənfi təsir göstərəcəyi qaçılmazdır. Müharibə maliyyə sisteminə də mənfi təsir göstərəcək. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərcləri əmələ gələcək”.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Ermənistan iqtisadiyyatının 5 faiz azalacağını gözləyir. AYİB-in bu hesablaması Dağlıq Qarabağ bölgəsində döyüşlərin yenidən başlanmasından əvvəl elan olunub. Deməli, azalma daha çox olacaq. Ermənistan Mərkəzi Bankı 2020-ci il üçün işsizlik səviyyəsinin 20,4 faiz olacağını gözləyir. Gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu, ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur.
Onu da qeyd edək ki, ölkədə xarici borcların həcmi bu ilin aprel-sentyabr aylarında 700 milyon artaraq 6 milyard dollara çatıb. Bu isə o deməkdir ki, Ermənistanın xarici borcu ÜDM-in 50 faizindən artıqdır. Daha dəqiq ifadə etsək, Ermənistanın 5,7 milyard dollarlıq xarici borcu onun ümumi daxili məhsulunun 54 faizini təşkil edir. Son hadisələri də nəzərə alsaq, bəzi ekspertlərin fikrincə, ilin sonuna bu göstərici 80-90 faiz səviyyəsinə çatacaq.
Ümumiyyətlə, Ermənistan regionda xarici borcu ÜDM-in yarıdan çoxunu təşkil edən vəziyyəti kritik olan azsaylı ölkələrdəndir. Yerevan mövcud 2,6 milyard dollarlıq rezervini xarici borcunu qaytarmaq üçün istifadə etsə də, bu, ölkənin xarici borc asılılığını aradan qaldırmasına imkan vermir. Belə vəziyyət Ermənistanın daha sürətli çöküşü deməkdir. Ölkədə ərzaq təminatı da ciddi problemə çevrilib.
Azərbaycanın isə dövlət rezervləri Ermənistanla müqayisədə 20 dəfə çoxdur. Azərbaycanda strateji valyuta ehtiyatları 51 milyard dollardan çox olduğu halda Ermənistanda bu rəqəm qeyd etdiyimiz kimi 2,6 milyard dollar təşkil edir. Yeni müharibə isə Ermənistan üçün yeni xərclər yaradıb. Hazırki iqtisadi vəziyyəti ona bundan sonra müharibə aparmağa imkan verməyəcək.
Ermənistan iqtisadiyyatının daha bir böyük problemi ondan ibarətdir ki, onun iki dövlətlə sərhədi bağlıdır. Təcavüzkar siyasət yürütdüyünə, Azərbaycanın ərazilərini işğal altında saxladığına görə Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlıdır. İndiki vəziyyətdə Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi Ermənistanı bütün layihələrdən kənarda qoyub. Belə bir vəziyyətdə olan ölkənin perspektivdə iqtisadi dirçəlişi mümkün deyil.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.-16 oktyabr.- S. 1; 7.