Vətən müharibəsində
ziyalı susmamalıdır
Artıq 30 illik səbir kasasının daşan məqamıdır. Bu, tarixdə öz əzmi, vüqarı, dağ kimi təmkini, dərya qədər dözümü olan bir millətin yay kimi gərilmiş qəzəbinin kükrəməsidir və təbii ki, onun qarşısını almaq mümkün deyil. Sentyabrda cəbhədə hərbi proseslər başlananda Ali Baş Komandan yalnız qismən səfərbərlik elan etsə də, onun bir əmri ilə bütün Azərbaycan xalqı harada olmağından, kimliyindən asılı olmadan bir yumruq kimi birləşdi.
Ölkə Prezidenti İlham Əliyev "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında suallara cavab verərkən bildirdi ki, "2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”. Bəli, öz xalqına arxalanan Liderin yumruğunda bütün 10 milyonun gücü, əzmi toplandı və var qüvvəsi ilə xain düşmənin başına endi. Bu zərbədə xalqın ziyalısının da payı var, olmalıydı da.
Millətin katarsisi
Ruhu möhkəm, mənəviyyatı zəngin millət tarixin keşməkeşli mərhələlərindən keçəndə və bəzən özünü unudub çökməyə doğru gedəndə, katarsis yaşamalı olur ki, təkrar özünə qayıtsın. Azərbaycan xalqı da müstəqillik qazanandan bəri iki dəfə katarsizdən keçib. Onu da əlavə edək ki, adətən belə ağır anlardan sonra xalq iki cür proses yaşayır: ya dağılıb pərən-pərən düşür, ya da birləşib yumruq olur, qəzəbi ilə yeri-göyü titrədir.
Birinci
katarsis 1990-cı ilin 20 yanvar gecəsi baş verdi.
O vaxt imperiya ordusu silahsız xalqı cismən əzsə də,
əzmini sındıra bilmədi. Ancaq dövlət
başçılarının, hərəkatın
önündə duran şəxslərin satqın
çıxması xalqda böyük bir ruh
düşkünlüyü yaratmışdı. Bu faciəni
dərk edən Ulu Öndər Heydər Əliyev
özünün xəstə halına rəğmən üzərinə
düşən liderlik missiyasına sadiq qalıb, Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gəldi, xalqla bərabər
olduğunu bəyan etdi və bununla millətin birliyini
qorumağa çalışdı. Lakin işin dəhşətli
tərəfi bu oldu ki,1990-cı ildən
1993-cü ilə, yəni Heydər Əliyevin təkrar hakimiyyətə
qayıtmasına qədər xalqın içindəki
satqınlar yenə öz əməlləri ilə milləti
zəhərləyə bildilər, insanları üz-üzə
qoyub, qardaş qırğınının astanasına qədər
gətirib çıxardılar. Yenə Ulu
Öndər işə qarışdı, yenə milli birliyi
qoruyub saxlamağı bacardı. Ancaq
damarına qədər yeridilən zəhərdən millət
uzun illər qurtula bilmədi. Yəni
birinci katarsisdən sonra xalq lazımi səviyyədə
toparlana, inkişaf yolunu, milli özünüdərk prosesini
yaşaya bilmədi, xəbislər onu içindən
parçalamağa çalışdı. Təbii ki, Azərbaycanın 20 faizinin işğal
altına düşməsi, bir milyon qaçqın və
köçkünün olması insanların ruhunu
çökdürürdü, şübhə toxumunu cücərdib
böyüdürdü. Belə bir şəraitdə
sanki ziyalılar da pərən-pərən
düşmüşdü, bir-birindən təcrid
olunmuşdu. Qarşılıqlı
etibarın qazanılması, özgüvənin
qayıtması, təkrar bütövləşməsi
üçün millətin açıq-aşkar ikinci katarsisə
- Qələbəyə ehtiyacı var idi.
İkinci katarsis prosesi anidən baş vermədi, daha
uzun müddət ərzində tədricən yetişdi. 2016-cı ilin aprelində
başlayan və 2020-ci ilin sentyabr ayının 27-də zirvəsinə
çatan bu proses boyu Azərbaycan xalqı sanki illər ərzində
topladığı kindən, dağıdıcı eqoizmdən,
ümidsizlikdən, laqeydlikdən təmizlənməyə
başladı. Bunun hamısının yerində
tarix boyu malik olduğu və sanki dibə
çökmüş cəsarət, qardaşlıq,
özgüvən hissi təkrar üzə çıxdı.
Zatən xalq hər addımında, sevincində,
kədərində Liderini - İlham Əliyevi öz
yanında gördükcə, sanki nüvə kimi onun ətrafında
sıx birləşməyə başlamışdı. Və onun bir çağırışı ilə
bu dəfə yumruq möhkəm düyünləndi və
düz hədəfə endi. Əslində hünər həmin
barmaqları birləşdirən, beş
barmağı yumruğa döndərən biləyin möhkəmliyində,
gücündə oldu. Sentyabrın 27-də isə
həmin yumruqla bərabər xalqın ruhu da ayağa
qalxdı, illərlə əyilmiş qamətini düzəltdi.
İstər sosial şəbəkələrdə
paylaşdığı statuslarda, istər yazdığı məqalələrdə,
etdiyi çıxışlarda hər kəs bir-birindən xəbərsiz
eyni arzu, niyyəti, eyni cəsarəti və birliyi dilinə gətirdi.
Millət bir günün içində öz
böyüklüyünə təkrar inandı, bunun canlı
şahidi oldu və yumruğunu qələbə naminə
düşmənin üzərinə endirmək
üçün səfərbər oldu. Bu
qüdrətin verdiyi əzmlə Prezident dünyaya bəyan
etdi ki, "Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını
yaşayırıq. Azərbaycan xalqı qədim
xalqdır. Bizim tariximizdə bir çox
şərəfli anlar olub, hadisələr olub, qələbələr
olub. Onların sırasında
bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi
bütövlüyümüzü bərpa edirik, Azərbaycan
xalqının ümidlərini doğrulduruq və bundan sonra
da doğruldacağıq”.
Keçmişi
təsdiqləyən bugünümüz
Bu gün
Vətənin bütövləşməsi, sərhədlərinin
bərpa olunması uğrunda heç kim kənarda
qalmağı öz vicdanına
sığışdırmır, bütün
irili-xırdalı sualları arxa plana itələyib öndə
yalnız bir problemi saxlayıb - Qarabağ. Bu
gün şanlı Milli Ordumuz əcdadları yatan
torpağın şərəfini qoruyur. Təsadüfi
deyil ki, Azərbaycan qədimdən bəri hər zaman
olduğu mühitin, coğrafi ərazinin aparıcı,
öndə duran mütərəqqi qüvvəsi olub. Bu gün də o, yalnız öz Vətənini deyil,
bütün ərazinin təhlükəsizliyini təmin edir,
bəşəriyyəti erməni işğalçı
adlı bədxassəli şişdən xilas etməyə
çalışır. 30 il tədricən
özünə gələn, dərin katarsisdən keçən
bir xalq bu gün ayağa qalxıb.
Həqiqi Lider öz xalqının daxilindəki
bütün potensialı görən və lazımi anda onu
üzə çıxara bilən şəxsdir. Plutarxın
dediyinə görə, "əgər filosoflar insan xarakterində
ibtidai qəddarlığı əhliləşdirməyi
özlərinin ən böyük xidməti hesab edirlərsə,
o zaman böyük miqdarda tayfaları yenidən tərbiyə
etdiyinə görə, İsgəndər ədalətlə
böyük filosof hesab edilməlidir”. Bu gün Azərbaycan
Ordusu bütöv bir regionu ibtidai qəddarlıqdan təmizləmək
missiyasını öz üzərinə götürüb və
Ali Baş Komandan üzünü bütün dünyaya tutub öz
mövqeyini mərd-mərdanə bildirdi: "Hesab edirdilər
ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu
vəziyyətlə barışacağam?! Hesab edirdilər ki,
bizim müqəddəs şəhərimiz olan Şuşa
erməni tapdağında qalacaq, mən bununla
barışacağam?!” O, əmin idi ki, xalqın ruhu artıq
ayaq üstədir və əmri gözləyir. Bu
gün bütün ümidlər Ali Baş Komandana və onun
rəhbərliyi ilə hər an həlledici zərbəni
endirməyi bacaran Azərbaycan əsgərinədir. Söhbət ön cəbhədə, səngərdə
düşmənlə üz-üzə duran
oğullarımızdan gedir. Ancaq heç
şübhəsiz, bu gün hər bir vətəndaş
özünü əsgər, olduğu mövqeni isə səngər
hesab edir, Vətən uğrunda əlindən gələni əsirgəmir.
Cəbhədə topun, raketin yeri-göyü lərzəyə
salıb, düşməni arxasına baxmadan qaçmağa məcbur
etdiyi, bir sözlə, meydan silahın olduğu bir vaxtda
ziyalı da əsgərdir, silahı isə qələmdir.
Qılıncı
ilə qələmi bir-birini tamamlayan millət!
Katarsisdən sonra ziyalının məsuliyyəti təmizlənmiş,
ucalmış mənəviyyatının düzgün istiqamətdə
irəliləməsini, paklığını qoruyub
inkişaf etməsini təmin etmək, milli kimliyini kölgəyə
düşməkdən qorumaqdır. Azərbaycanın
qılıncı ilə qələmi həmişə
tarazlığını qoruyub. Düzdür,
hər zaman deyirlər ki, türklər tarixi yaradır,
başqaları isə o tarixi yazır. Ancaq
həqiqət olan budur ki, türklər yalnız tarixi deyil,
düşüncənin, mənəviyyatın mahiyyətini də
yazır.
Heç bir epos müharibə prosesində yaranmır. Adətən
döyüşlər zamanı əvvəlki zəfərlər
haqqında nəğmələr oxunur və onlara istinadən
bugünün qəhrəmanına tərifnamələr
deyilir. Döyüşlərdən sonra isə
onun haqqında yeni nəğmələr, dastanlar qoşulur.
Azərbaycan Prezidentinin "Twitter” səhifəsində sanki həmin
dastanların yaranması üçün mühitin
olacağı xəbəri verildi: "Biz işğaldan azad
olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin
yerləri cənnətə çevirəcəyik. O torpaqlar
canlanacaq, ora həyat, uşaqların təbəssümü
qayıdacaq. Azərbaycan vətəndaşları
o torpaqlarda ləyaqətlə yaşayacaqlar”. İlham Əliyev Ali Baş Komandan kimi yumruğunu
düşmənin başına endirməyi də bacarır,
dövlət başçısı, xalqın xoş
gününü fikirləşən Lider kimi o torpaqlarda
yaşanacaq ləyaqətli həyatın proqnozunu verməyi də,
ümid yaratmağı da bilir.
Tarixi yaradan, oxunun çatdığı, atının
dırnağının qopartdığı torpaqlarda
özünü azad hiss edib, özünə Vətən quran
bir millət qələmi ilə də könülləri,
düşüncələri fəth etməyi bacarıb. Buna nümunə kimi islam sivilizasiyasını yaradanların
sırasındakı çoxsaylı azərbaycanlı mütəfəkkir
və alimləri göstərmək yetər. Ziyalılar
xalqın mənəviyyatının qoruyucuları, irəli
aparanlarıdır. Qılıncla irəliləyən
bir xalqın qələmi onun arxası ilə çatmayanda,
başqa qələm onun yerinə yazıb həmin möhtəşəm
qüvvəni, potensialı digər məcraya yönəldə,
öz maraqları yolunda istifadə edə bilir.
Qəhrəmanlar hər nə qədər təkbaşına
xalqın taleyində həlledici rol oynasalar da, onlar cəmiyyət
arasındadırlar, xalqın içindədirlər. Əslində,
onları qəhrəman edən məhz xalqa söykənmələri,
xalqının dəyərini ürəyində
saxlamalarıdır. Onlar xalqı birləşdirən,
cəmiyyəti möhkəmləndirən nüvədirlər.
Bu nüvə nə qədər sağlam olursa,
onun ətrafında yaranan orqanizm də bir o qədər
möhkəm və qüdrətli olar.
Bu gün Azərbaycan haqq və ədaləti bərpa
edir, "xəritədəki qara” ləkəsini təmizləyir,
əyilmiş qamətini düzəldir və ölkə
Prezidentinin də dediyi kimi, "biz bu gün
xalqımızın və dövlətimizin yeni tarixini
yazırıq, şanlı tarixini yazırıq”, gələcək
nəslin oxuyub öyrənəcəyi, qürur
duyacağı bir tarixi.
Könül BÜNYADZADƏ,
AMEA-nın müxbir üzvü
Azərbaycan.-2020.- 18 oktyabr.- S.12.