Əbədi və sarsılmaz müstəqillik

 

Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə tarixinin növbəti şərəfli mərhələsindən keçir

 

May ayının 28-də xalqımızın dövlətçilik tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti bütün Müsəlman Şərqində ilk demokratik, türk dünyasında isə ilk hüquqi dövlət idi. Məhz belə bir dövlətin qurulması xalqımızın milli şüur səviyyəsinin, siyasi, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

 

 

Müsəlman Şərqinin ilk demokratik dövləti

 

 

Xalqımızın tarixi kökləri olan dövlətçilik ənənələri Birinci Dünya müharibəsinin gedişində və Rusiyada baş verən daxili mübarizələrin nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə yenidən dirçəlməyə başladı. 1918-ci idə yaranmış tarixi fürsəti düzgün dəyərləndirən xalqımızın vətənpərvər övladlarının yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan yollarda bütün maneələr dəf edildi. Məhz o insanların milli və müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bütün dünyaya bəyan olundu. Müstəqil dövlətin yaradılması, "İstiqlal” Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi ki, həmin insanlar şücaət göstərərək bu tarixi addımı atdılar.

Ümummilli Lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyimizin bərpasında böyük xidmətləri olmuş görkəmli şəxslərin adlarının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirib: "1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur”.

Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal” Bəyannaməsi Xalq Cümhuriyyətinin daxilixarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya elan etdi. Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər sayəsində Silahlı Qüvvələr formalaşdırıldı, Bakı işğaldan azad edildi, ordumuzun birləşmələri Dağlıq Qarabağda erməni hərbi birliklərinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirərək əhalinin rahat yaşayışını təmin etdilər.

 

 

Müstəqillik ideyası xalqımızı heç vaxt tərk etmədi

 

 

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail ola bildi. Bunların nəticəsi olaraq 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanınırdı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusupul vahidi olan müstəqil, suveren bir dövlət idi.

Azərbaycan Xalq Cümhuriyyəti həm yaranması, həm də 23 ayda gördüyü işlərlə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi. Məhz buna görə də 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə də heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətin işdir.

 

 

Heydər Əliyev xalqımızı milli dövlətçilik ideyası ətrafında səfərbər etdi

 

Sovet illərində Azərbaycan formal olaraq müstəqil olsa da, əslində bu əsarətdən başqa bir şey deyildi. Xalqın bütün milli-mənəvi dəyərləri əlindən alınmış, tamamilə yad ideologiyanın təsiri altına düşmüşdü. Üstəlik, zəngin iqtisadi potensialı, nefti olan Azərbaycan sadəcə olaraq İttifaqın xammal bazası rolunu oynayırdı. Respublika öz iqtisadisosial göstəricilərinə görə, SSRİ ölkələri arasında axırıncı yerdə dayanırdı. Eyni fikirləri milli mədəniyyətimiz barədə də demək olar. Əgər bir az da belə getsəydi, öz mental dəyərləri, mənəvi xəzinəsi ilə dünyaya nümunə olan Azərbaycan xalqının zəngin irsindən heç nə qalmayacaqdı.

Amma 1969-cu ildə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra ölkədə hər şey dəyişdi. Xalqın mənəvi dəyərləri özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Bu gün haqlı olaraq Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövrü ölkəmizin intibah mərhələsi adlandırılır. Müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan iqtisadi potensial da Ulu Öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı.

Heydər Əliyevin təşəbbüsləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi. Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi. Tarixi hadisələrin sonrakı gedişisübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı.

 

 

Ulu Öndər müstəqilliyimizi bütün təhlükələrdən xilas etdi

 

 

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Lakin digər dövlətlərdən fərqli olaraq bizi müstəqilliyə aparan yollar heç də rəvan olmadı. Xalqımız bu yolda qurbanlar verdi, əziyyətlərə qatlaşdı. Üstəlik, ilk vaxtlarda iqtidarda olan siyasi qrupların səbatsızlığı nəticəsində Azərbaycanın hələ kövrək olan müstəqilliyi yenidən itirilmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vəziyyətdə xalqın tələb və istəyi ilə ölkəyə rəhbərliyə gələn Heydər Əliyev müdrikliyi, yenilməz iradəsi, qətiyyəti və böyük siyasi uzaqgörənliyi ilə müstəqilliyimizi bütün təhlükələrdən xilas etdi. Ulu Öndər öz tarixi missiyası ilə müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya ətrafında birləşdirdi. Beləliklə, müstəqil Azərbaycan dövləti Ulu Öndərin "şah əsəri” kimi dünya birliyində özünün layiqli yerini tutdu.

Heydər Əliyev Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdir. Ulu Öndər tariximizdə Cümhuriyyətin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdır.

 

 

Müstəqil siyasət yürüdən dövlət

 

 

Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı fonunda müstəqilliyimizin də möhkəm olduğu daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın bölgənin lider dövləti statusunu qazanması, tam müstəqil siyasət yürütməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük dövlətlərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə və kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi məsələlərdir. İlham Əliyevin qətiyyətli siyasəti sayəsində yeni neft-qaz layihələrinin uğurla reallaşması, yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə və xalqımızın daha güclü rifahına aparır.

Hər il 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevin adından rəsmi qəbul təşkil olunur. Bu əlamətdar günlə bağlı dövlət başçısı xalqa təbrik ünvanlayır, Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidəni ziyarət edir. Bütün bunlar, o cümlədən Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş şəkildə qeyd edilməsi, 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunması İlham Əliyevin milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramının təcəssümüdür.

Bu gün Azərbaycan dünyada özünün müstəqil siyasəti ilə tanınır. Müstəqil siyasəti isə əsl müstəqil dövlətlər yürüdə bilirlər. Ulu Öndər Heydər Əliyevin xilas edərək möhkəmləndirdiyi, Prezident İlham Əliyevin isə daha da qüdrətləndirdiyi müstəqilliyimiz əbədi və sarsılmazdır.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 18 oktyabr.- S.13.