Erməni faşizminin hüdudsuz olduğu bir daha təsdiqləndi
Erməni işğalçıları tərəfindən sentyabrın 27-dən başlanan müharibədə mülki əhali arasında da çox sayda ölənlər və yaralananlar var. Humanitar atəşkəs elan olunmasına baxmayaraq, ermənilərin davam etdirdiyi savaşda mülki obyektlərə, əhalinin şəxsi mülkiyyətinə ziyan dəyməkdə davam edir. Azərbaycan Ordusunun azğınlaşmış düşməni yerində oturtmaq, dinc əhalinin qətlinə yol verməmək üçün hərbi əməliyyatlar keçirməkdən savayı çıxış yolu qalmır.
Ordumuzun endirdiyi dəqiq zərbələr nəticəsində düşmən tərəfi böyük itki verərək işğal etdiyi torpaqlarımızdan geri çəkilir. Azərbaycan əsgəri azad etdiyi torpaqlara üçrəngli bayrağımızı sancır. Digər tərəfdən, ordumuz cavab tədbirləri görərkən son dərəcə ehtiyatla yalnız döyüş nöqtələrinə zərbələr endirir.
Bununla Azərbaycan əsgəri düşmən tərəfdəki mülki əhalini qoruyur. Elə bunun nəticəsidir ki, ermənilər "dinc əhalinin kütləvi şəkildə qətl edilməsi faktı”nı sübut edə bilmirlər. Səbəbi çox sadədir. Azərbaycan əsgəri həm də nümunəvi əxlaq daşıyıcısıdır. Bu əxlaq uşağı, qadını, qocanı, dinc insanları incitməyi özünə rəva görməyən bir mentalitet, mənəviyyatdır. Döyüşlər zamanı yaxınları tərəfindən atılan yaşlı erməni qadınına Azərbaycan əsgərinin göstərdiyi humanist münasibəti bütün dünya gördü. Bu münasibəti heç cür birinci Qarabağ döyüşləri zamanı ermənilərin əsir götürdükləri azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törətdikləri vəhşiliklərlə müqayisə etmək mümkün deyil.
Bəli, bu gün erməni işğalçılarının nə insani, nə də hərbi-siyasi əxlaqından danışmaq olar. Əks halda bütün dünyanın gözü qarşısında Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəsin reallaşmasına imza atandan az sonra Azərbaycanın ikinci böyük şəhərinə raket tuşlayaraq dinc əhalini qətlə yetirməzdilər. N.Paşinyan bu terror aktını törətməklə əllərini növbəti dəfə gəncəlilərin qanına batırmış oldu. Bu qanı isə ona nə Azərbaycan xalqı, nə də Ordusu bağışlayacaq.
Ermənilərin bu terror əməlində digər məqam. Həmişə öz xalqına yalan danışıb onu yanlış yola sövq edən siyasətçilər görürdülər ki, humanitar atəşkəs onların xeyrinə işləməyəcək. Belə ki, Qarabağ savaşında xalqı itkilərinin az olması ilə aldadan Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəyə kütləvi şəkildə erməni əsgərlərinin cəsədlərinin gəlməsində təbii ki, maraqlı ola bilməzdi. Bu, indiyədək rəsmi informasiya mənbələrinin apardığı Azərbaycan Ordusuna "sarsıdıcı zərbələr” endirən, "qələbə qazanan” təbliğatının boş olduğunu göstərəcəkdi. Üstəlik, cəsədlər Paşinyan və onun iqtidarının sonunu yaxınlaşdıra bilərdi. Elə bu səbəblərə görə də atəşkəsi pozub erməni əsgərlərinin cəsədlərinin aparılmasına mane olmaq lazım idi.
Bir sözlə, Ermənistan rəhbərliyinin birbaşa əmri ilə bu ölkənin ərazisindən oktyabrın 11-də gecə saatlarında xalqımıza qarşı törədilən növbəti terror aktı cəbhədə olan acı məğlubiyyətlərini gizlətməyə hesablanıb. Respublika Baş Prokurorluğunun açıqladığı rəsmi məlumata görə, bu vandal akt sayəsində Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. Bu fakt bir daha dünyaya erməni vəhşiliyinin hüdudsuz olduğunu nümayiş etdirir.
Rüstəm KAMAL
Azərbaycan.- 2020.-16 oktyabr.- S.8.