Ermənistanın hərb və sülh davranışlarındakı saxtakarlıqları

 

Müharibə diplomatiyanın sonuncu addımıdır. Bu aşkar həqiqəti sağlam düşüncəsi olan heç kəs inkar edə bilməz. Müharibə ziddiyyətlərin toqquşduğu məqamdır. Həqiqətən bəşər övladı tarixin bütün dövrlərində çox müxtəlif səpkili münaqişələrin və müharibələrin ağrı-acılarını yaşamış və daim dinc münasibətlər axtarışında olmuşdur.

Statistikaya görə, dünyaya üst-üstə yalnız 250 il dinc yaşamaq nəsib olub. Ötən əsrin 90-cı illərində beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması nəticəsində yaranan ərazi münaqişələri yaşadığımız əsrin tarixləşən ilk illərində və indiki günümüzdə də, demək olar ki, danışıqlar yolu ilə həllini tapmamışdır. Məhz bu dövrə təsadüf edən münaqişələrin bolluğu bir daha təsdiqləyir ki, dövlətlərarası münasibətlərin çağdaş mənzərəsi sırf nəzəri imperativlərdən uzaq yaşam tərzinə malikdir. Bu kimi fikirlərin əsasında konfliktlərin dinamik inkişaf statistikası durur.

Əgər ötən əsrin əvvəllərində hər il iki-üç konflikt qeydə alınırdısa, 1990-1997-ci illərdə bu rəqəm 33-37 arasında olmuşdur. Yalnız XX əsrin 90-cı illərində 100-dən çox kiçikböyük müharibə baş vermiş, bu müharibələrdə 90-dan çox ölkə (İkinci Dünya müharibəsində iştirak edən ölkələrdən xeyli çox) iştirak etmiş və 9 milyondan artıq adam həlak olmuşdur.

Bu sırada ötən əsrdən miras qalanbu günöz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi daha uzunmüddətli problem kimi özünəməxsusluğu ilə diqqəti çəkir. Birtərəfli qaydada suveren Azərbaycan dövlətinin ərazisinin 20 faizdən çoxu qəsbkarlıq niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən təcavüzə məruz qalmış və 1 milyondan artıq dinc əhali öz yurd-yuvasından silah gücünə qovulmuşdur.

Beynəlxalq münasibətlər sistemində dövlətlərin davranışı problemi elmi-nəzəri cəhətdən yetərli dərəcədə oyrənilməyən bir istiqamətdir. Dinc dünya arzusu ilə yaşayan bəşər övladı üçün bu məqam olduqca önəmlidir. Axır dünyanın bütün dövlətləri zaman-zaman bir ailənin üzvləri olduqlarını dilə gətirməklə öz aralarındakı ziddiyyətli məqamların həllinə cəhd göstərmiş, ortaq davranış modellərinin həyata vəsiqə alması istiqamətində addımlar atmaqda israrlı olmuşlar. Bu gün tez-tez səsləndirilən beynəlxalq hüquq norma və prinsipləri də məhz beynəlxalq hüquq subyektləri olan dövlətlər arasındakı hərc-mərcliyi aradan götürmək, bir-birinin suverenlik hüququna, ərazi bütövlüyünə hörmət etmək, daxili işlərinə qarışmamaq, dinc şəraitdə yaşamaq və əməkdaşlıq etmək niyyəti daşıyır və BMT Nizamnaməsinin təməl prinsiplərı kimi üzv dövlətlər üçün, sözün əsl mənasında, "əxlaq kodeksidir.

Təəssüflə qeyd olunmalıdır ki, bütün cəhdlərə baxmayaraq, bəşər övladı bu gündünya nizamını arzuladığı biçimdə qurmağda acizdir. Bu səbəbdən tədqiqatçılar arasında belə bir qənaət formalaşıb ki, dövlətlərin davranışını öyrənmək atomların davranışını öyrənməkdən də çətindir. Bu isə dünyada aqressiv və təcavüzkar dövlətlərin sirasının artması, münaqişələrin daha intensiv faktora çevrılməsinə yol açır.

Qlobalregional təhlükəsizliyə birbaşa təhdid yaradan Dağlıq Qarabağ münaqişəsinin həllində cəsarətsizlik nümayiş etdirməklə dünyanın nüfuzlu ölkələri olan ABŞ, Fransa və Rusiyanın davranışı elmi-nəzəri cəhətdən ziddiyyətlidir. Tarixən dünya nizamını formalaşdırmaq imkanına malik olan böyük ölkələr nədənsə Azərbaycanın haqq işinə uzun bir dövrdə tutarlı dəstək verməmişlər. Halbuki buna onların imkanları var idi. Hələ üstəlik, təcavüzkar dövlətə və separatçı rejimə açıq-aşkar yardımlar göstərməklə münaqişənin ömrünü uzatmışlar, baxmayaraq ki, bu ölkələr hər biri ayrı-ayrılıqda Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan, siyasi-diplomatik, iqtisadi-ticarət əlaqələri olan dövlətlərdir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək cəhdlərinə 30 ilə yaxın bir dövrdə kölgə salan Minsk qrupunun həmsədrləri olan bu dövlətlərin münaqişənin həll olunmasına maraqsızlığı əslində beynəlxalq münasıbətlər nəzəriyyələrindəki bəzi boşluqlardan qaynaqlanır. Belə bir hipoteza mövcuddur: "Həll olunmayan münaqişə yoxdur. Buna vaxt tələb olunur. Vaxta kömək etmək lazımdır”. Bu ritorika ilə uzun bir dövr erməni dəyirmanına su tökən və bu gunharay çəkib status-kvonu münaqişənin həlli üçün vacib sayanlar yenə də vaxt qazanmaq cəhdindədirlər. Ötən illər ərzində düşmən torpaqlarımızda istehkamlar qurub, hərbi güc cəmləşdirib, məskunlaşma siyasəti aparıb, tarixi abidələrimizə, mədəni irsimizə münasibətdə əsl vandalizm siyasəti yeridiblər. Azərbaycan tərəfi ən mötəbər tribunalardan öz haqq səsini ucaltsa da, buna məhəl qoymayıblar. Azərbaycanın beynəlxalq arenada qazandığı pozitiv imic, topladığı guc, apardığı siyasət kimlərinsə ağrısına səbəb olub. Diplomatiyada ən çətini dillə deyilməyəni anlamaqdır.

Təcavüzkar dövlət və onun havadarları papaqlarını ortaya qoyb Azərbaycanın hansı davranış nümayiş etdirəcəyini anlasaydılar, bu gün qapı-qapı düşüb dilənməz, yalvarmazdılar. Çünki Prezident İlham Əliyev həmsədr dövlətlərin davranışının qərəzli olduğunu dəfələrlə və qətiyyətlə səsləndirərək Azərbaycan torpaqlarının bir qarışının da danışıqların predmeti olmayacağını bildirmişdi. Ermənilərə "Qarabağ Azərbaycandir!” mesajı çoxdan verilmişdi. Beynəlxalq münasibətlər nəzəriyyələrində indi dövlətlərin davranışı onların başçılarının davranışı ilə eyniləsdirilir. Aydınlıq üçün bildirək ki, dövlətlərin davranış normaları yalnız siyasi öhdəlikdir, yəni hüquqi akt deyildir.

Hələ ötən əsrin 70-ci illərinin əvvəllərində ingilis siyasətçisi Neydjel Forvard dövlət başçılarının qərar qəbul etməsinə təsir göstərən 6 əsas amili göstərmişdi: milli bütövlüyün, yəni dövlətin suverenliyinin qorunması; milli təhlükəsizliyin, ilk növbədə hərbi təhlükəsizliyin təmin olunması; dövlətin beynəlxalq münasibətlər sistemində öz obrazını formalaşdırması və qoruması; diqqəti cəlb etmək; dövlətin beynəlxalq hüquq subyekti olaraq öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmasını nümayiş etdirmək və eyni dərəcədə təhdid yaratmaqla öz çəkisini qoruyub saxlamaq; beynəlxalq davranışın standartlarına, norma və prinsiplərinə hörmət nümayiş etdirmək.

Biz bugünkü Azərbaycan reallıqlarını göstərilən ardıcıllıqla dəyərləndirsək, Prezident İlham Əliyevin fəaliyyətinin son dərəcə uğurlu olduğunu görərik. Onun dövlətin maraqlarının hərtərəfli təmin olunması səmtində düzgün qərar qəbul etmək bacarığı Azərbaycanın qısa zaman biçimində qüdrətli dövlətə çevrilməsınə zəmin yaratmışdır. Biz xoşbəxt xalqıq ki, dövlətimizin başında sözü və əməlləri üst-üstə düşən İlham Əliyev kimi şəxsiyyət dayanır. Bu gün İlham Əliyevin Ali Baş Komandan kimi qəbul etdiyi bütün qərarlar xalq tərəfindən alqışlanır və bizi zəfər gününə yaxınlaşdırır.

Bu gün Qarabağda yüzlərlə əsgərini itirən, döyüş texnikasını qoyub qacan düşmən və onların ağılsız rəhbərliyi biməliydi ki, aqibətləri elə belə olmalı idi. Artıq dalana qısılan təcavüzkar "Torpaq üstündə yaşayanındır” xülyasının sona çatdığını dərk edib, çünki hərbi gücümüzü görüb. Hərbi güc isə siyasət vasitəsidir və qarşı tərəfə realintensiv təsir göstərmək baxımından həm dövlətlərarası, həm də beynəlxalq münasibətlərdə inkar olunmur. Bununla bağlı D.Stosincer demişdir: "Güc dövlətin realpotensial imkanlarından istifadə edə bilmək imkanıdır. Bunun effektiv olmasını digər dövlətlərin yaşam tərzindəki və davranışındakı dəyişiklikdə axtarmaq lazımdır”. Diplomatiyanın əsas aləti olan danışıqlar da bəzən güc faktoruna söykənir. General Şarl de Qoll bunu çox incəliklə vurgulamışdır: "...güclünün danışıqlara ehtiyacı yoxdur, gücsüzə isə danışıqlar çox baha başa gəlir”.

 

Bu gün biz ona görə güclüyük ki, xalq öz rəhbərinin ətrafında birləşərək səngərdəki əsgərinin yanındadır. Biz ona görə güclüyük ki, yanımızda yumruğunu havada düyünləyıb, hər dəqiqə düşmənin başına vurmağa hazır olan qardaşlarımız və dostlarımız var.

Diplomatiya danışıqlar elmidir. Amma danışıqlar hərb dövrünün geridə qaldığı anlamına gətirilməməlidir. Danışıqlara müdafiə istehkamı kimi yox, birbaşa həmlə aləti kimi baxılması daha doğru olardı. Açıqlamalarda göstərildiyi kimi, danışıqlar beynəlxalq hüquq subyektləri (dövlətlər, hökumətlər) arasında özlərinin milli təhlükəsizliyinə təhdid yaratmayan, siyasi, iqtisadi, hərbi və digər sahələrdə milli maraqlarına cavab verən, gələcəkdə mümkün həddə gözlənilən nəticələr əldə olunmasına yönələn bağlaşmaların beynəlxalq-hüquqi müstəvidə könüllü razılaşdrıılması yolunda apardıqları dinc (intellektual) qarşıdurmadır.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva razılaşmasında birmənalı şəkildə qeyd olunur ki, danışıqların formatı dəyişməyəcək. Bu o deməkdir ki, bir daha qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı təklif olunmayacaq. İndi şərtləri biz irəli sürəcəyik. BizimMinsk qrupunun, nə də Ermənistanın nazı ilə oynamaq fikrimiz var. BMT Baş Assambleyasının 8 dekabr 1998-ci il tarixli "Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri haqqında” qətnaməsində göstərildiyi kimi, danışıqlar vicdanlı aparılmalıdır. Prezident İlham Əliyev xalqa son müraciətində xüsusi vurğulayaraq bildirmişdir ki, Azərbaycan dövlətinin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə təhdid yaratmaq heç kəsə nəsib olmayacaq. Biz haqq yolundayıq. Qələbə bizimlədir!

 

Vəliyulla CƏFƏROV,

BDU-nun dosenti

Azərbaycan.-2020.- 18 oktyabr.- S.15.