Ön cəbhəyə
dayaq olmağa
çalışırıq
Ölkəmizin ərazi bütövlüyünü təmin etmək uğrunda ordumuzun zəfər yürüşü davam edir. Düşmənə sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz inamla irəliləyir, yaşayış məntəqələrimiz işğaldan qurtulur. Mətbuatın, televiziya kanallarının döyüş meydanından yaydığı qələbə soraqlı xəbərlər hər evdə, hər ailədə bayram ovqatı yaradır.
Bu gün Azərbaycanın hər güşəsi Qarabağ, hər bir ölkə vətəndaşı isə əsgərdir. Ön xətdə düşmənlə üz-üzə, göz-gözə döyüşən əsgərlərimiz, Azərbaycanın Silahlı Qüvvələri tarixinə misli görünməmiş şanlı səhifələr yazırlar. Qələbə müjdəli cəbhə xəbərləri arxada, əmək meydanında çalışanlara sevinc bəxş edir, onları yeni nailiyyətlərə ruhlandırır.
Bu günlər bütün bölgələrdə olduğu kimi, ölkənin böyük potensiala malik kənd təsərrüfatı rayonu Sabirabadda da yüksək əhvali-ruhiyyə hökm sürür, gerçək qələbə ovqatı yaşanır. Torpağa, halal zəhmətə qırılmaz tellərlə bağlı Sabirabad kəndlisi əmək meydanında hünər göstərir, ön cəbhəyə etibarlı dayaq olduğunu qazandığı yüksək nəticələrlə ortaya qoyur.
Hazırda təsərrüfat işlərinin qızğın çağıdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən pambıqçılıqda məhsul yığımı dövrüdür. Bu il 10075 hektar sahədə pambıq əkilmiş, böyük zəhmət bahasına bol məhsul yetişdirilmişdir. Məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün bütün qüvvələr səfərbərdir. Məhsul yığımında ötən illərdə olduğu kimi, yenə də texnikaya geniş meydan verilmişdir. Hazırda tarlalarda 34 pambıqyığan maşın işləyir. Hər gün rayon üzrə təxminən 650-750 ton pambıq yığılır.
Rayonun təsərrüfatlarında taxıl səpini də aparılır. Bol məhsula etibarlı bünövrə qoymaq üçün tələb olunan aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçiririk. Taxılçılarımız "Çörək bol olarsa, basılmaz Vətən!” şüarını əməli işdə doğrultmağa çalışırlar.
Bu
gün Sabirabadda döyüş meydanında qələbəmizə
etibarlı iqtisadi təminat yaratmaq üçün
bütün qüvvələr, bütün imkan və ehtiyat
mənbələri səfərbər edilmişdir.
Heydər YAQUBOV,
Sabirabad rayonu Dövlət
Aqrar İnkişaf Mərkəzinin
direktoru
Azərbaycan.-2020.- 18 oktyabr.- S.15.