“Nezavisimaya qazeta” muzdluların Qarabağda
Azərbaycan tərəfində döyüşməsi
iddialarının tamamilə əsassız olduğunu
sübut edir
Rusiyanın “Nezavisimaya qazeta” nəşri Dağlıq Qarabağda hərbi əməliyyatlara əcnəbi muzdluların Azərbaycan tərəfinə cəlb edilməsi iddialarının tamamilə əsassız olmasından yazır.
AZƏRTAC xəbər verir ki, qəzetin bugünkü nömrəsində “Suriyalı muzdlular Qarabağa virtual “yola salınır”. Azərbaycan tərəfində vuruşan silahlılar mövzusu suallar doğurur” sərlövhəli məqalə dərc edilib.
Məqalədə deyilir ki, dünya KİV-ləri Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda muzdluların iştirakı mövzusuna yeni təfərrüatlar əlavə edir, lakin bunların heç bir arqumentli əsasları yoxdur. Qərb mətbuatının arxalandığı sübutlar ya həmin silahlılarla messencerlərdə yazışmalara, ya sosial şəbəkələrdəki məlumatlara, ya da Britaniyadakı İnsan Hüquqları üzrə Suriya Observatoriyasının (SOHR) informasiyalarına əsaslanır.
Qəzet yazır ki, Amerikanın “Wall Street Journal” nəşri Qarabağdan hazırladığı reportajda adı çəkilməyən mənbəyə istinad edir, eksklüziv məlumatların haradan və necə alındığını açıqlamır. Britaniyanın BBC agentliyi isə guya Suriya muzdlularından messencer vasitəsi ilə müsahibə aldığını bildirir.
Məqalədə deyilir: “Münaqişədə Azərbaycan tərəfində Suriya muzdlularının iştirakı barədə informasiya əsasən sosial şəbəkələrdə yayılır. Bolqarıstanda yerləşən “Caspian and Black Sea Analysis Foundation” (CCBS) analitik mərkəzinin məlumatına görə, Suriya muzdluları ilə bağlı ilk məlumatı sentyabrın 21-də erməni əsilli suriyalı Kevork Almasyan vermişdi. Elə həmin gün Münxendən olan jurnalist Lindsi Snell həmin Almasyanın bəyanatına istinad edərək Türkiyənin dəstəklədiyi Suriya milli ordusunun Qarabağa yollanması barədə tvit yazmışdı. Sübut olaraq isə onlar təyyarədə uçan naməlum suriyalıların şəklini paylaşaraq, guya bu şəxslərin “Həmzə” diviziyasının Bakıya uçan döyüşçüləri olduğunu iddia edirlər”.
Müəllif təəccüblənir ki, məhz bu tvit bir çox sanballı nəşrlərin dərc etdiyi materialların ilkin mənbəyinə çevrilib. Halbuki Snellin akkauntundan da onun Azərbaycana qarşı qərəzli mövqeyi aydın görünür.
Məqalədə qeyd olunur ki, guya Azərbaycanda həlak olduğu deyilən və fotoları paylaşılan bir çox suriyalıların çoxdan və tamam başqa şəraitdə öldüyü ortaya çıxır. Məsələn, Əbdürrəhman Temelli adlı suriyalının əmisi Sərdar Temelli sosial şəbəkələrdə yazıb ki, Ermənistan Müdafiə Nazirliyi onun qardaşı oğlunun şəklini yayaraq guya Qarabağda həlak olduğunu iddia edir. Əslində o, İraq ərazisində döyüşlərdə ölüb. Lakin Qərb jurnalistləri bu iddiaya məhəl qoymayıblar.
“Nezavisimaya qazeta” xatırladır ki, SOHR-un ənənəvi olaraq anonim “şahidlərə” və “könüllülərə” istinadla yalan məlumat yayması barədə Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi də dəfələrlə xəbərdarlıq ediblər.
Müəllif Suriya silahlılarının Qarabağda döyüşməsi məsələsinə Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 minut” verilişinə müsahibəsində aydınlıq gətirməklə son qoyduğunu yazır. Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanın müzəffər ordusu, yetərincə hərbi sursatı var və əcnəbilərin cəlb olunmasına ehtiyacı yoxdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov da “Al Arabiya” telekanalına müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin suriyalılardan istifadə etməsini şayiə adlandırdığı vurğulanır.
Müəllif sual edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan suriyalıların
Qarabağda iştirakından
danışdığı halda, kürd silahlılarının Qarabağ
döyüşlərində iştirakını etiraf edəcəkmi?
Azərbaycan.-2020.- 18 oktyabr.- S.16.